Bir müddət öncə Türkiyə Futbol Federasiyası (TFF) maraqlı qərar qəbul etdi. Belə ki, klublara 14 legionerdən əlavə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətəndaşı olan ən azı 1 futbolçunu da transfer etməyə icazə veriləcək. Yəni bu ölkələrin birindən heyətə cəlb olunan oyunçu əcnəbi statusu ilə çıxış etməyəcək.
Görünən budu ki, Türkiyə hakimiyyəti türk dünyası ölkələri ilə əlaqələrin daha da yaxşılaşdırılması üçün TFF-yə təsir edərək belə qərar qəbul etdirdi. Bu əslində azərbaycanlı futbolçuların xeyrinə olan məqamdı. Məsələn, “Dinamo”da (Zaqreb) çıxış edən, amma xoşbəxt olmayan Mahir Emreli üçün indi Türkiyədə klub tapmaq asan olacaq. Onsuz da millimizin üzvü 2022/23 mövsümünün yarısını “Konyaspor”da keçirdi. Mahir ümumilikdə superliqa təmsilçisində möhtəşəm performans sərgiləmədi. Lakin son turda “Beşiktaş”a vurduğu qol bir çox klubların onunla maraqlanmasına səbəb oldu. İndi bu qərar onun yenidən Türkiyəyə qayıtmasını asanlaşdıra bilər. Lakin indiki dövrdə inandırıcı deyil ki, qardaş ölkə klubları məhz bu məqamı nəzərə alıb Azərbaycan, Qazaxıstan, Qırğızıstan və ya Türkmənistandan oyunçular transfer etsin. Yaxın 2-3 ildə superliqa və ya TFF 1-ci liqa təmsilçilərinin türk dünyası bazarına müraciət etməsi gözlənilmir. Ola bilər ki, adı çəkilən ölkələrin millilərinin üzvlərinə müəyyən maraq göstərilsin. Superliqada ilk “beşlik” üçün oynamayan klublar məhz belə oyunçuları transfer edə bilər. Amma onlara da aşağı məbləğdə maaş təklif olunacaq. Gəlin, yığmamızda yaxşı oyun sərgiləyən və Misli premyer-liqasında çıxış edən futbolçulara nəzər yetirək. Emin Mahmudov, Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Aleksey İsayev, Toral Bayramov, Amin Seydiyev daha az maaşa Türkiyədə oynamağa üstünlük verər? Onların avrokuboklarda mübarizə aparan komandaları buraxması, az vəsaitə Türkiyədə çıxış etməsi o qədər də inandırıcı deyil.
Bu qərar qarşıdakı 4-5 ildə effekt verə bilər. Bu da bir halda mümkündü ki, türk dünyasına daxil olan ölkələrin milliləri beynəlxalq turnirlərdə nəticə qazansın. Belə olan halda Türkiyənin ortabab klubları yığma üzvlərinə onları qane edəcək pullar xərcləyə bilər. 4 böyük kluba yaxın düşmək üçün gərək fitri istedad olasan. Belə oyunçular isə hələ ki Azərbaycan yoxdu.
Görəsən, ictimaiyyət bu qərar haqda nə düşünür? Bu məqam Azərbaycan futboluna necə təsir edəcək? Bizdə superliqada və ya 1-ci liqada çıxış edəcək səviyyədə oyunçular var? TFF-nin qərarından sonra azərbaycanlılar üçün Türkiyə bazarı formalaşacaq? Menecerlər bu qərardan istifadə edərək qardaş ölkəyə futbolçu sata biləcək? Milli üzvlərini yaxın zamanda superliqada və ya 1-ci liqada izləyə bilərik? Məsələ ilə bağlı suallar çoxdu. Aydınlaşdırmağa ehtiyacı olan məqamlara cavab tapmaq üçün futbol ictimaiyyətinin fikrini öyrəndik. Azərbaycanın tanınmış agenti Tural Əsgərov və “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov ilə əlaqə saxladıq. Ekspertlər, demək olar ki, bizimlə eyni fikirdə oldular. Onlar bu qərarın hələ ki bizə faydasının olmayacağını dilə gətirdilər. Gəlin, mütəxəssislərin fikirlərini dinləyək.
Tural Əsgərov: “Biz həmişə hansısa samandan yapışmağa çalışırıq. Bunun ölkə çempionatına ciddi mənada xeyri olacaqmı? Mən belə düşünmürəm. Fikrimi təsdiqləyə, isbatlaya bilərəm. Bir müddət öncə hətta iki futbolçuya belə icazə verilirdi. Nə xeyrini gördük? Yeganə müsbət məqam oyunçular üçün əlavə bazarın açılmasıdı. Futbolçularımızın qazanmaq imkanı müəyyən qədər genişləndi. Amma bunun Azərbaycan futbolu üçün faydalı olacağını birmənalı şəkildə düşünmürəm. Danmaq olmaz, Türkiyə futbolu bizdən çox üstündü. Çempionatları Misli premyer-liqasından üst səviyyədədi. Amma milli komandaları da o qədər də yüksək performans sərgiləmir. Onların komandası xaricdə doğulan türklərin hesabına ayaqda durur. Klublarının avrokuboklardakı performansını görürsüz. Xərclənən bu qədər vəsaitin qarşılığında əldə etdikləri nailiyyətlər daha böyük olmalıdı. DÇ və AÇ-nın seçmə mərhələlərində yığmanın nəticələrini də hamımız görürük. Bunları nəzərə alsaq, bunun futbolumuz üçün ciddi qərar olduğunu düşünmürəm. Ciddi dəyişiklik olmayacaq. Yenə deyirəm, hazırda mənim üçün müsbət məqam əlavə bazarın açılmasıdı. Bunu həm futbolçu, həm də agent olaraq düşünürəm. Belə ki, superliqa ilə 1-ci liqanı götürsək, 40-dan çox komanda var. Bu da 40 futbolçu edir. Düzdü, rəqiblərimiz var. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan futbolçular da bundan yararlana bilər. Demək olar ki, 40 əlavə iş yeri açılıb. Bu yerləri doldurmaq lazımdı. Bəlkə də bir az ironik səslənəcək, amma yaxşı ki, bu səviyyədə futbolçularımız yoxdu. Onda hamısı Türkiyəyə yollanardı. Belə olan halda burda oynamağa oyunçu qalmazdı. AFFA futbolumuzu o günə qoyub ki, ölkədə cəmi 40-50 normal oyunçu var. Söhbət təkcə yaxşılardan getmir. Hamısı çıxıb getsə, onda gələn mövsüm Azərbaycan çempionatı keçirilməyəcək. Bu qərar bir növ agentlərin işini rahatlaşdırıb. Biz superliqa və ya TFF 1-ci liqa klublarına futbolçu təklif edəndə, baş məşqçilər və ya idman direktorları onları əcnəbilərlə yox, yerlilərlə müqayisə edəcək. Bu baxımdan bizim işimiz rahat olacaq. Amma hansısa agent rahat Türkiyə klublarının birinə zəng edib deyə bilməyəcək ki, sizin üçün əlimdə yaxşı futbolçu var. Onsuz da o yerli statusda oynayacaq. Bunu deyə bilməyəcəyik”.
Ceyhun Sultanov: “Yadınıza gəlirsə, bir müddət öncə TFF 1-ci liqada çıxış edən azərbaycanlılar legioner sayılmırdı. Gəlin baxaq, görək orda nə qədər futbolçumuz oynaya bildi? Mən belə düşünürəm ki, Azərbaycandan Türkiyə superliqasına gedə biləcək oyunçu olsa, böyük şeydi. Məsələn, Elvin Cəfərquliyev, Toral Bayramov kimi oyunçular ola bilər ki, ora gedə bilsinlər. Amma bizimkilərin orda daim oynayacağı real görünmür. Sadəcə, bu bizim üçün bir xeyirdi ki, azərbaycanlı orda legioner sayılmayacaq. Bu üstünlükdü. Amma ora gedəcək oyunçumuz yoxdu. Bu səbəbdən də qərar bizim üçün nə dərəcədə önəmli olacaq? Bax, bunu deyə bilmirəm. Bizdə futbolçu yoxdu. Amma qərar verilib ki, azərbaycanlı və digər türk dünyasından olan futbolçu orda legioner sayılmayacaq. O qədər komanda var. Bir azərbaycanlı tapmaq isə çox çətindi ki, gedib orda oynasın. Bu, indiki durum üçün real görünmür. Düzdü, bu qərar bizə xeyirdi. Amma biz bu qərardan qazanc əldə edə biləcəyik? Məsələ bax, bundadı. Bu gün Azərbaycandan superliqada çıxış edə biləcək bir nəfər tapa bilsək, böyük şeydi. Millidə kimsə parlasaydı, ona göz dikə bilərdilər. Amma bizim milli çempionatdan kimi götürəcəklər? “Turan Tovuz”dan, “Səbail”dən, “Kəpəz”dən kimisə superliqada oynamağa layiq bilirsiz? Onların ora keçidi realdı? Mümkün deyil. Menecerlərin burda nə qədər rolu olacaq? Keyfiyyətli futbolçu olsa, nəsə etmək mümkündü. Milli komandada kimsə nəsə etsə, menecerlər onlara kömək edə bilər. Amma agentlərin əlində futbolçu olmalıdı ki, onlar da iş görə bilsinlər”.
İLKİN SULTANLI