Maks Ferstappen İspaniya “Qran-pri”sini də inamlı qələbə ilə bitirdi.
"Football-plus.az" xəbər verir ki, “Red Bull”un avtoidman üzrə məsləhətçisi Helmut Marko mövsümün 7-ci mərhələsinə yekun vurub, eləcə də qarşıdakı yarışlarla bağlı nikbin danışıb.
- Açığı, Barselona mərhələsində belə təəssürat yarandı ki, Ferstappen rəqibləri ilə oyun oynayır...
- Özünüz də gördüz ki, Maks yarışın sonunda yeyilmiş təkərlərlə ən sürətli dövrəni gerçəkləşdirməyi bacardı. İndi çox dəbdə olan bir ifadəni təkrarlamaq istəyirəm, sanki o başqa planetdəndi. Maks əvvəllər heç vaxt bacarmadığımız üstünlüyə nail olub.
- Maks 20 saniyədən artıq üstünlük qazanandan sonra risk etməklə əsəblərinizlə oynamır ki?
- O ki Maksdı, nəyəsə inandırmaq çətindi. Həmişə imkanlarının son həddində mübarizə aparır. Trassın sərhədlərini pozmaqla bağlı xəbərdarlıq alması da bunu təsdiqləyir. Ancaq bu da Maksın fərqləndirici cəhətidi – həmişə nəticə qazandırır.
- “Formula-1”dən yazan media “Mersedes”in son mərhələdə fəxri kürsünün iki pilləsini “zəbt etməsini” auditoriyaya sevinclə çatdırır. Bu komandanın nəfəsini artıq kürəyinizdə hiss edirsizmi?
- Rəqibimiz yenilənmiş maşın sayəsində “artırmağa” nail oldu. Özündənrazı görünmək istəmirəm, ancaq “Mersedes” bizə bir o qədər də yaxınlaşmayıb, sadəcə, növbədə ikincidi. Və bu da bizim üçün yaxşıdı. Ona görə ki, komandamızın üstünlüyü hər mərhələdə artır.
- Hər qələbəniz həm də belə bir perspektivin reallaşması ehtimalını artırır: “Red Bull” bu mövsüm bütün mərhələləri qazana bilər...
- Mümkündü. Maks texniki problemlərlə üzləşsə və ya qəzaya düşsə, yaxşı formada olan Serxio Peres qalib gələ bilər. Gəlin əvvəlcə Monrealda keçiriləcək növbəti mərhələdə tariximizdəki 100-cü qələbəni qazanaq, ardından bu nəticə ilə ev – Şpilberq mərhələsinə yollanaq.