Həftəsonu “Formula-1” üzrə dünya çempionatında yeni mövsümün ilk – Bəhreyn mərhələsi keçiriləcək.
Bu üzdən avtoidmanla bağlı xəbərlərin artması anlaşılandı. “Red Bull”un idman məsləhətçisi Helmut Marko digər komandaların yeni maşınları haqda danışıb:
“Ferrari”nin yığcam, həm də çox etibarlı maşın yaratdığını bilirik. “Mersedes” haqda da çox şey bilirik. Bu komanda testlər vaxtı həmişə ağlayıb-sızlayır, ancaq qəfil fırtına kimi əsir. Ötən il də belə oldu. Test yürüşləri zamanı problemləri var idi, ancaq ilk mərhələdə qalib gəldilər”.
“Red Bull”un pilotu, son çempion Maks Ferstappen də startöncəsi fikirlərini bölüşüb:
“Komanda Barselona və Bəhreyn testlərinin gedişində çox şey öyrəndi. İndi biz yarışa köklənmişik. Avtoidmanda tam yeni era başlayıb, nə desən, baş verə bilər. İndi bütün diqqət ona yönəlib ki, komandalar arasında fərq azaldılsın, rəqibi izləyən pilotların işi asanlaşsın. Bunu elə ilk mərhələdəcə görəcəyik. Hər şeydən belə görünür ki, sürətli maşınımız var, komanda da yaxşı formadadı. Bəhreyndə bizim üçün vacib olan sabit və problemsiz çalışmaqdı. Çox xal qazanacağımıza ümid edirəm”.