“Bir sözlə, dünən gün ərzində yayılan xəbərlərdən belə qənaət hasil olur ki, “Barsa” argentinalı uğrunda mübarizədən çıxıb, indi başqalarından asılıdı” – saytımızda yer alan Messi “Barsa” üçün havayı oynamağa hazırdı” yazısının son cümlələrindən biri belə idi.
Açığı, bu cümləni yazanda belə, biz tərəflərin son anda argentinalının Kataloniya klubuna keçidinə nail olmaq üçün hansısa mexanizm tapacağını düşünürdük. Axı Leo və atası Xordi bu yolda “Əl-Hilal”la “İnter Mayami”dən də yardım istəmişdi. Güman olunurdu ki, bu klublardan biri dünya ulduzunu alacaq, ardından növbəti mövsüm üçün çox arzuladığı “Barselona”ya icarəyə verəcək. Ancaq adı çəkilən klublar bu varianta razılıq vermədi, argentinalının dərhal heyətə qatılmasını istədi. Belədə taleyinin tez müəyyənləşməsini istəyən Messi Devid Bekhemin sahibi olduğu ABŞ klubunu seçdi.
Bizə elə gəlir ki, bu mövzuda nəsə demək artıqdı. Bu üzdən sözü Leoya veririk, daha dəqiqi, onun Kataloniyanın “SPORT” və “Mundo Deportivo” nəşrlərinə verdiyi müsahibəyə nəzər salmağa dəyər.
PSJ və Paris haqda
- İndi özümü yaxşı hiss edirəm. Mövsüm başa çatıb. Son mövsüm dünya çempionatı üzündən bir qədər qeyri-tipik idi. Mundial hər şeyi dəyişdi. İndi mən yığmanın növbəti oyunları və dincəlmək haqda düşünürəm. Son iki mövsüm məndə qarışıq duyğular doğurdu. PSJ-də ilk il müxtəlif səbəblər üzündən çətin, çox çətin alındı. Bu mövsümün ilk yarısı isə çox yaxşı keçdi, özümü klubda və şəhərdə, ailəm ilə çox rahat hiss edirdim. Düşünürəm ki, dünya çempionatı bütün komandalara bu və ya başqa şəkildə təsir göstərdi, mövsümün ikinci hissəsinin axarında müəyyən rol oynadı. Hər şeyi fərqli şəkildə bitirəcəyimə ümid edirdim. Son iki il ümumilikdə mürəkkəb idi, ancaq indi arxada qalıb.
“Barselona” haqda
- Bəli, aydındı ki, mən darıxırdım. Xüsusən də Fransada mənim üçün çətin alınan birinci ilin əvvəlində. Əlbəttə, oyunlara baxırdım, tez-tez xatirələri canlandırırdım. İl boyunca komandanı izləmişəm. Bu komandanın bütün fanatları kimi, “Barsa”nın çempionluğu qazanmasını istəyirdim. Təkcə son mövsümdə yox, elə ötən mövsümdə də. Bəzi oyunlardan sonra Xavi ilə əlaqə saxlayırdım. Biz yenə yaxın dost kimi qalırıq. Və o da düzdü ki, qayıtmağı çox, lap çox istəyirdim, buna şad olardım. Ancaq digər tərəfdən, təcrübəni, iki ildə yaşadıqlarımı nəzərə alıb, yenidən eyni vəziyyətə düşmək istəmirdim. Gələcəyimi bu dəfə də kiməsə etibar edə bilməzdim. Özüm, ailəm haqda müstəqil qərar verməliydim. Eşidirdim ki, La Liqa hər şeyi təsdiqləyəcək, dönüşümlə bağlı işlər qaydasındadı, ancaq hələ də boş nöqtələr var idi. Eşitdiyimə görə, klub futbolçuları satmalı və ya maaşlarını aşağı salmalı olacaq. Mən isə bu yoldan keçmək, üzərimə belə məsuliyyət götürmək istəmədim. “Barselona”dakı karyeram boyunca məni artıq bir çox məsələdə ittiham ediblər, gerçək olmayan və məni bezdirən məsələlərdə. Yenidən eyni təcrübəni yaşamaq istəmədim. Və bəli, mən iki il əvvəl getməyə məcbur olanda da onlar deyirdilər ki, La Liqa hər şeyi təsdiqləyəcək, ancaq enində-sonunda bu baş vermədi. Qorxdum ki, bu dəfə də eyni hadisə təkrarlanacaq, Parisə yollananda olduğu kimi qaçmalı olacam. Ailəmlə birgə uzun müddət oteldə yaşamalı oldum, uşaqlar məktəbə gedir və oteldə qalırdılar. Müstəqil qərar vermək istədim. Nəticədə “Barsa”ya dönüşüm baş tutmadı. Danışılanları dinlədim, başverənləri gördüm, əvvəlki hadisələri xatırladım. Liqa da xeyir-dua verdi, ancaq belə hesab etmək düzgün deyil ki, guya hər şey məndən asılıdı. Çoxlu çatışmayan detal var idi. Və irəlidə uzun yay var – yenidən vaxtilə yaşadığım gözləmə həyəcanına qapılmaq istəmədim. Bu söhbəti bitirməyə qərar verdim ki, sakit olum, gələcəyimi düşünüm və real olanları planlaşdırım. Yox-yox, bütün bu yayılan informasiyalar mənə təsir etmədi. Baxmayaraq ki, yenə də xəbər sızmaları var idi, məni hər yerə, hətta Səudiyyə Ərəbistanına göndərən, ertəsi həmin versiynı başqasına dəyişən jurnalistlər çox idi.
Qəlbinin çağırışı və ailəsi haqda
– Sevinc hissi ilə qayıdardım. Ancaq indi elə mərhələdəyəm ki, prioritetləri qarışdırmaq, diqqət mərkəzindən çıxmaq və ailəm haqda daha çox düşünmək istəyirəm. Artıq dediyim kimi, ailə səviyyəsində heç də hər şeyin yaxşı olmadığı, məmnunluq duymadığım iki ili yenicə arxada qoymuşam. Dünya çempionluğunu qazandığımız çox parlaq ay da olub. Ancaq ondan sonra yenə çətin mərhələ başladı. Ailə, uşaqlar ilə keçirdiyin vaxtdan, hər gündən ləzzət almaq istəyirsən. Və məhz buna görə Barselonada deyiləm. Özümün qərar qəbul etməyim vacib idi ki, yenə də gözləməyim, iki il əvvəl yaşananların təkrarlanması riski ilə üzləşməyim. Belə çox şeyə nail olandan, çox arzuladığım dünya çempionluğunu qazanandan sonra başqa nələrəsə də, dünyaya da baxmaq istəyirəm. Gerçəklik budu ki, ailəm bütün eşitdiklərindən çox ruhlanmışdı. Ancaq eyni zamanda biz illüziya ilə də yaşamırdıq – nəyin necə olacağını hələ də bilmirdik. Həqiqətən də qayıtmaq istəyirdim. Biz hətta heç vaxt getmək istəmirdik. Və çətin, çox çətin idi, ancaq ailəm məni dəstəklədi. Bu ümumi qərar oldu, təkcə mənim yox. Uşaqlar da indi xoşbəxtdi, hərçənd Barselonadan ayrıldığımıza görə kədərlənirlər də. Əvvəlcə çətin olsa da, sonradan Parisə də uyğunlaşmışdılar. Onların məktəbdə dostları var, hər ayrılığı çətin yaşayırlar. Ancaq onlar böyüyürlər, vəziyyəti anlayırlar, xüsusən də bütün başverənlərə görə sevinən Tyaqo…
Laporta ilə əlaqələri haqda
- Həqiqətən prezident Laporta ilə o qədər də çox danışmamışam, bütün bu illər ərzində maksimum bir neçə dəfə. Xavi ilə ünsiyyətim çox olub. Həmişə, ancaq kluba qayıtdığı vaxtdan bəri daha çox. Tez-tez danışırdıq, o cümlədən mənim mümkün dönüşüm ilə bağlı da. Çox ruhlanmışdıq. Və mən soruşurdum ki, həqiqətən dönüşümü istəyir, bu addım komanda və ya baş məşqçi üçün yaxşı olacaqmı? Bəli, biz daimi əlaqədəydik. Azarkeşlərin Barselonada adımı qışqırması çox gözəl idi, bundan ləzzət alırdım. Çox qəribə şəkildə ayrıldım. Buskets, Jordi Alba, Xavi və ya İnyesta kimi vidalaşmaq, adamlara “sağ ol” demək istəyirdim. Lap bəlkə də pandemiya üzündən başqa dönəm idi, stadionda publika olmayacaqdı, ancaq mən hamı ilə vidalaşmaq, “Barsa”dakı son günümdən ləzzət almaq istəyirdim. Bax, məhz buna görə “Nou Kamp”da və ya Barselonadakı konsertlərdə adım səslənəndə xoşbəxtlik duyuram, burda necə sevildiyimi bilirim, bu hiss qarşılıqlıdı. Qəribə hissdi, “Nou Kamp”da adımın səsləndiyini eşidirəm, ancaq özüm orda ola bilmirəm.
Pul haqda
– Pul mənim üçün heç vaxt nə problem olub, də maneə. Biz hətta müqavilə haqda danışmamışıq da. Təklif olub, ancaq bu rəsmiləşmiş, yazılmış və imzalanmış sənəd deyildi. Ona görə ki, heç nə həll olunmamışdı, keçidin mümkün olub-olmamasıyla bağlı anlayışımız yox idi. Niyyət olsa da, heç nəyi proqnozlaşdıra bilmirdik. Pul haqda hətta formal danışığımız da olmamışdı. Pul məsələsi olsaydı, Səudiyyə Ərəbistanına və ya daha çox pulun təklif olunduğu hansısa başqa ölkəyə yollanardım. Qərarım başqa məsələlərlə bağlıdı, pulla yox.
Barselonada dönüşünün əleyhdarlarının olub-olmaması haqda
– Bilmirəm, bu klubun işidi. Elə adamlar var idi ki, dönüşümü istəmirdilər və ya iki il əvvəl getməli olanda qalmağımı istəmirdilər. Bir çox başqa adamlar da var ki, məni sevirlər və qaytarmaq istəyirdilər, bunu ictimaiyyət önündə də açıqlayırdılar. Təbii, rəhbərlikdə elə adamlar tapılacaq ki, dönüşümü istəməsin və ya bunun klubun xeyrinə olmayacağına inansın. Lap əvvəllər klubdan ayrıldığıma, bütün başverənlərə görə çox acı çəkirdim. Hər şey məhz həmin şəkildə inkişaf etdiyinə görə bir qədər acıqlıydım. Son iki ildə vəziyyəti anladım, daha bu haqda düşünmürəm. Hə, əlbəttə, bu yara tam sağalmayacaq. Fikrimcə, adamlarla istədiyim və haqq etdiyim kimi sağollaşa bilmədim. Artıq adını çəkdiyim futbolçular kimi getmək istəyirdim. Digər tərəfdən, yaşananlarla bağlı ətrafda sağlam olmayan atmosfer var ki, guya mən daim heç nəyi bəyənməyən pis oğlanam. Halbuki belə deyil. Ona görə də birlikdə ən müxtəlif – sevincli, həyəcanlı anlar yaşadığım adamlarla vidalaşmaq imkanı qazanmaq istəyirdim. Uzun illər ərzində birgə olmuşuq. Və hiss etdiyim şəkildə vidalaşmaq istəyirdim.
Seçimi haqda
– Qərar verdim ki, Mayamiyə gedirəm. Hələ də hər şeyin 100 faiz qapandığına, yoxsa nəyinsə çatışmadığına əmin deyiləm. Ancaq məhz bu yolla davam etməyə qərar verdik. Busketslə Jordini özümlə götürəcəyəmmi? Deyirdilər ki, onlarla Səudiyyə Ərəbistanına gedirəm və artıq hər şey razılaşdırılıb. Hər kəs gələcəyini özü qurur. Onların planlarından müəyyən mənada xəbərdaram, ancaq biz heç vaxt harasa birlikdə getməklə bağlı razılığa gəlməmişik. Mən öz adıma qərar vermişəm, onların nə etməyə hazırlaşdıqlarını bilmirəm. Bəli, Avropadan getməklə diqqət mərkəzindən çıxdığımı anlayıram. O da düzdü ki, Avropanın başqa klublarından da təklif var idi, ancaq yalnız Barselonaya dönməyi düşündüyümdən onlara heç baxmamışdım da. Dünya çempionatında qələbədən və “Barsa”ya dönüş mümkün olmayandan sonra Amerika liqasına yollanmağın – futbolu fərqli şəkildə yaşamağın, hər gündən daha çox ləzzət almağın vaxtı çatdı. Təbii ki, yenə də məsuliyyət hissi və qələbə arzusu ilə. Ancaq daha sakit rejimdə.
Reaksiyalar
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: