Ötən həftəsonu Macarıstan çemionatının 30-cu turunun nəticələrinə görə “Ferentsvaroş” növbəti çempionluğunu rəsmiləşdirdi.
"Football-plus.az" xəbər verir ki, bu, Budapeşt təmsilçisinin tarixində 34-cü, ardıcıl 5-ci, Stanislav Çerçesovun başçılığı altında isə ardıcıl 2-ci çempionluğu oldu. 59 yaşlı rusiyalı mütəxəssis 2021-in dekabrında bu klubun başındadı. “Ferenstvaroş” ötən mövsüm Çerçesovla həm çempionluğu, həm də ölkə kubokunu qazanmışdı. Ötən yay bu kollektiv, bilindiyi kimi, ÇL-in təsnifat mərhələsində “Qarabağ”a uduzaraq mübarizəni AL-də davam etdirməli olmuşdu. Bu turnirdə isə macarlar “Monako”, “Trabzonspor” və “Srvena Zvezda”nın yer aldığı qrupu lider tamamlasa da, 1/8 finalda “Bayer-04”ə boyun əydi. Çerçesov bugünlərdə uğurlu Macarıstan macərası ilə bağlı Rusiya mətbuatına müsahibə verib. Əvvəlki müsahibələrində bir neçə dəfə “Qarabağ”la oyuna toxunan məşqçi bu dəfə də həmin matçı xatırlayıb.
- İkinci çempionluğun qazanıldığını rəsmi olaraq titulu alandan sonra anladız, yoxsa əvvəlcədən artıq bu boyda üstünlüyü əldən verməyəcəyinizi anlayırdız?
- Biz demək olar, bütün mövsümü zirvədə keçirdik. Düzdü, bir ara çox ciddi eniş yaşadıq. Ardıcıl xallar itirdik. Fərq sürətlə əriməyə başladı. Avrokubok matçları, zədələr, cəzalar - hamısı üst-üstə düşdü. Amma bu, bəhanə deyil. Oyunumuzda həqiqətən də eniş var idi. Hərçənd ötənilki uğurumuzu təkrarlaya bildik. İş elə gətirdi ki, ötən tur “Kişvarda” ilə oyuna artıq çempion statusunda çıxdıq. Bu, bizim üçün bir sınaq oldu. Çünki fanatlarımız stadionu doldurmuşdu və çempion statusunda bizdən yalnız qələbə gözləyirdilər. Oyunçularım bu sınaqdan əla çıxdılar və onlara ikigünlük istirahət verdim.
- Ötənilki çempionluqdan sonra sikayət etmişdiz ki, şampanı düz sizin kostyumunuza töküblər. Bu dəfə nələr oldu?
- Bu dəfə fövqaladə vəziyyət olmadı. Paltardəyişmə otağına daxil olub hamını təbrik etdim, 2 günlük istirahəti açıqladım və oranı tez tərk etdim. Mən ayrılandan sonra hamı əl çalırdı. Orda olmadığım müddətdə nə baş verdiyini bilmirəm. Amma bir müddət sonra ora qayıdanda şampanın su əvəzinə axdığını gördüm.
- Bu iki çempionluqdan hansı daha çətin əldə olundu?
- Hərəsinin öz çətinlikləri, fərqlilikləri oldu. İlk çempionluqda mən komandanı mövsümün gedişində qəbul etmişdim. Bu dəfə isə hazırlıq dönəminə özüm nəzarət etdim. Komandanı mövsümə istədiyim kimi hazırlaya bildim. Böyük xal fərqi ilə lider olmağımız təsadüfi deyildi. İşin içinə zədələr və cəzalar qarışana qədər çox sabit oynayırdıq. Bir dəfə hətta elə oldu ki, 10 əsas futbolçudan məhrum oldum. Daha öncə belə bir şeylə qarşılaşmamışdım. Hələ də tam istədiyimiz “11-lik”lə oynamırıq. Amma nəticələr yavaş-yavaş düzəldi. Digər tərəfdən zədəlilərin çoxluğu gənclərə şans verməyimə səbəb oldu. 17 yaşlı bir futbolçumuz var, artıq 5 qol vurub.
- Mövsümdən nə dərəcədə razı qaldız? Bu dəfə avrokuboklarda bir xeyli irəliləsəz də, “qızıl dubl” edə bilmədiz.
- Dediyim kimi, əvvəldən sona qədər istədiyimiz heyətlə oynaya bilsəydik, bəlkə bundan da uğurlu çıxış edərdik. Biz faktiki bir ay qalib gələ bilmədik. Konkret səbəb söyləmək çətindi. Amma ümumi götürəndə, əlbəttə, mövsümdən razıyam. Çempion olduq və avrokuboklarda klubun son 50 ildə oynamadığı mərhələyə qədər irəlilədik. Bu dəfə ÇL-in təsnifatında daha yaxşı oynamağa çalışacağıq. Oyunumuzda keyfiyyəti artırmalı və təsadüflərdən asılı olmamalıyıq. Ehtiyatımızı da gücləndirməliyik. Ötən yay “Qarabağ”la dueldə ilk 15 dəqiqəni boşa verdik. Bu müddət uduzmağımız və ÇL-də mübarizəni dayandırmağımız üçün kifayət etdi.
- Deməli, gələn mövsüm üçün əsas hədəf ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqdı?
- Əsas hədəf yenə də ölkə çempionu olmaqdı. Digər tərəfdən ötən mövsüm ÇL-dən kənar qalmağımızın bizə faydası da dəydi. AL-də yaxşı çıxış etdik və təcrübə topladıq. Bu yay hədəf qoymamışdan öncə heyəti müəyyənləşdirməliyik. Bəzi oyunçularımıza ciddi təkliflər var. Boli və Layduni kimi oyunçular isə artıq komandanı tərk edib. Dərhal nəticə verməyi bacaran oyunçular tapmaq asan məsələ deyil. Amma təbii ki, ÇL-in qrupuna yüksəlmək əla nəticə olardı. Bu turnirdə oynamaq hər kluba həm nüfuz, həm də pul qazandırır. Amma təsnifat mərhələsi asan olmur. Qrupa düşmək üçün öz ölkəsində çempion olanlara qarşı 8 oyun keçirməlisən.
- “Zenit”in ardıcıl 5-ci çempionluğu barədə nə düşünürsüz? Ölkəmizdə bir çoxlarının fikrincə, “Zenit” heyətinə görə başqalarından bir baş üstündü və Sergey Semakın yerində olan istənilən mütəxəssis bu uğurları qazanardı...
- “Ferenstvaroş” da ardıcıl 5-ci çempionluğunu qazandı. Son iki titulda mənim də rolum olub. “Ferenstvaroş”, “Zenit”, “Bavariya”, PSJ kimi klubların böyük potensialı var. Sadəcə, bundan düzgün yararlanmaq lazımdı. Semak bunu bacarır. Çünki klubu çox gözəl tanıyır. Semaka qədər “Zenit”i daha adlı-sanlı məşqçilər çalışdırmışdı. Amma onlar bu qədər uğurlu olmamışdılar. Şadam ki, piterlilər 2-ci ulduzu məhz yerli məşqçi ilə qazandılar. Aydın məsələdi ki, mən “Spartak”a simpatiya bəsləyirəm. Amma kim daha çox layiqdisə, o da çempion oldu.
- Digər klublar “Zenit”in hegemonluğuna son qoymaq üçün nə etməlidilər?
- Heç kimi öyrətmək istəmirəm. Həm də bu mövsüm premyer-liqanı o qədər də diqqətlə izləmədim. Kimin necə oynadığını bilmirəm. Bir məqam dəqiqdi ki, yalnız istək hesabına “Zenit”i udmaq mümkün olmayacaq. Ümumi hazırlıq, heyət və oyun keyfiyyətini yüksəltmək lazımdı. Rusiyada bunu bacarmağa qadir olan klublar var.
- Hər il eyni klubun çempion olması həm intriqaya, həm də baxımlılığa təsir göstərirmi?
- Belə deməzdim. Məsələn, “Ferenstvaroş”u götürək. İstər ev, istər səfər oyunlarında stadion dolu olur. İnsanlar komandanın oyununa baxmağa böyük məmnuniyyətlə gəlir. Hər liqada çempionluğa oynayan ən azı 1-2 klub var. Ardıcıl çempion olan kluba gəlincə, hər il başqaları onu zirvədən endirməyə çalışır.
- Bir ara Rusiya klublarının sizə maraq göstərməsi haqda şayiələr yayılmışdı. Nə dərəcədə ciddi məsələ idi?
- Mən hazırda “Ferenstvaroş”u çalışdırıram. Öz işimə köklənmişəm və klubu ÇL matçlarına hazırlayıram Bu yaxınlarda müqaviləni yeniləmişəm. Belə söz-söhbətə fikir vermirəm.
- Rusiya yığmasından sizə də gözəl tanış olan bəzi oyunçular əla formadadı. Məsələn, Qolovin ötən tur “Monako”da yenə qol vurdu.
- Saşa mənim üçün xüsusi futbolçudu. Münasibətlərimiz əladı. Mənim dönəmimdə yığmada artıq 20 yaşında əsas heyət üzvü idi. Sonra “Monako”ya yollandı. Həmin “Monako”nu biz qrupda səfərdə məğlub etdik. Hərçənd Qolovin bizə qarşı hər iki oyunu yüksək səviyyədə keçirdi. Şükürlər olsun ki, bizə qol vurmadı. Bir daha necə güclü oyunçu olduğuna əmin oldum. Yüksək səviyyəli futbolunu və qollarını davam etdirməsini arzulayıram.
- Düşünmürsüz ki, onun üçün artıq “Monako”dan ayrılmaq zamanıdı?
- Hər şey özündən asılıdı. Ayrılmağa həvəsi və motivasiyası yoxdusa, ona dəyər verilən, oyunu yaxşı alınan klubda, yəni “Monako”da qalması daha məqsədəuyğundu. “Monako”dan yalnız daha iddialı bir klub üçün ayrılmağa dəyər. Məsələn, “Ferenstvaroş” kimi (gülür).
- Bəs Dzyubanın yenidən qolları sıralaması sizi sevindirir? Ondan “Lokomotiv”də belə məhsuldarlıq gözləyirdiz?
- Təbii ki, sevindirir. Yığmada işlədiyim dönəmdə Dzyubaya görə hədsiz dərəcədə tənqid olunurdum. Hər dəfə onu oynadanda adamlar “nə üçün Dzyuba” deyirdilər. Bu da sizə cavab. Çünki o, komandaya başqa hücumçuların verə bilmədiyini verir. Ona görə də bizim komandada kapitan idi. Düzünü desəm, bu qədər çox qol vuracağını gözləmirdim. Hələ də səviyyəsini qoruması məni sevindirir. Yeri gəlmişkən, o da məni çempionluq münasibəti ilə təbrik edib. Ona uğurlar arzulayıram.
ƏLİ RAUFOĞLU