UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”

25.06.2026 14:00 331
Ölkə futbolu / Aktual
Mayın 25-də Tovuza baş çəkən UEFA-nın stadion inspektoru Skott Struthers təxminən 4 saat davam edən baxış zamanı idman qurğusunun avrokubok oyunlarını keçirməyə hazır olması üçün təklif və tövsiyələrini verib, getmişdi. Sonrası hamıya bəllidi: mayın 30-da “Turan Tovuz”un Konfrans Liqasından uzaqlaşdırılması haqda xəbər yayıldı, iyunun 2-də isə UEFA bununla bağlı qərar verdi.

Bəs məlum qərar Tovuz stadionunda görülən işlərin axarına təsir etdimi? “Football-plus.az” bununla bağlı məlumat almaq üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxlayıb:

“UEFA-nın müfəttişinin gəlişindən sonra stadionda başlayan bərpa prosesi davam edir. Şəhər stadionunun 2-ci kateqoriyaya uyğun olması üçün qarşıya qoyulan tələblər yerinə yetirilir. Qonaq komandanın azarkeşləri üçün ayrı qapının açılması, media nümayəndələri üçün ayrılmış tribunada internet şəbəkəsinin gücləndirilməsi, azarkeşlərin sayına uyğun sanitar qovşaqların tikintisi nəzərdə tutulub. Demək olar ki, işlərin çoxu geridə qalıb. Artıq gələn mövsümə stadion tam hazır olacaq”.

İSRAYIL XEYRULLAYEV