Yeni mövsümə və avrokuboklara hazırlığı davam etdirən "Qarabağ" yay "transfer pəncərəsi"ndə daha bir futbolçunu heyətinə cəlb etdi. Ağdam təmsilçisinin bu transferi əvvəlkilərdən fərqli qapıçı oldu. Hətta belə də demək olar: “köhlən atlar” "çərçivə"ni bosniyalı qapıçılara tapşırmaq ənənəsini davam etdirdi.
Bosniya və Hersoqovina yığmasının DÇ-də iştirak edən heyətində yer alan Martin Zlomisliç "Qarabağ"ın İbrahim Şehiç və Asmir Beqoviçdən sonra Bosniya və Hersoqovinadan olan 3-cü qapıçısıdı. Şehiçlə Beqoviçdən sonra Zlomisliçin necə oyun göstərəcəyi maraq doğurur. Gəlin bu məqamda Şehiçlə Beqoviçin “Qarabağ”dakı statistikasına nəzər yetirək.
2013-cü ildə 680 min avro qarşılığında “Mersin İdman Yurdu”ndan transfer olunan Şehiç 2018-ci ilə qədər Ağdam klubunda çıxış edib. O, bu müddət ərzində komandanın heyətində 171 oyun keçirib, 15360 dəqiqə meydanda olub. "Qarabağ" karyerasında 121 qol buraxıb, 89 "quru" oyun keçirən qapıçı 1 qırmızı və 6 sarı vərəqə də görüb.
37 yaşlı qapıçı "Qarabağ"ın ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı 2016/17 mövsümündə qapını qoruyub. "Çelsi", "Atletiko" və "Roma" ilə matçlarda qapısında 14 top görüb. "Atletiko" ilə Bakıdakı qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarmış və oyun qolsuz bərabərliklə yekunlaşmışdı. Nəticədə "Qarabağ" tarixində Çempionlar Liqasının əsas mərhələsində ilk xalını qazanmışdı. Şehiç "Qarabağ" forması ilə Avropa Liqasının qrup mərhələsində 18 oyuna çıxıb, 25 qol buraxıb, 6 oyunda qapısını rəqibə "bağlayıb". İbrahim Azərbaycan premyer-liqasında 119 oyun keçirib, 67 qol buraxıb və 66 oyunu "quru" başa vurub. Ölkə kubokunda isə 5 oyunda meydana çıxıb, 4 qol buraxıb, 2 oyunda qapısını toxunulmaz saxlayıb.
Bosniya və Hersoqovina millisində 55 oyunda “çərçivə”ni qoruyan Şehiç cəmi 4737 dəqiqə meydanda olub. O, bu zaman ərzində 65 qol buraxıb. "Qarabağ"dan sonra "Ərzurumspor"a yollanan qapıçı hazırda klubsuzdu. Şehiç karyerası ərzində "Jelezniçar", "Mersin", "Konyaspor", "Əl-Xalej", "Çorum" kimi klubların da şərəfini qoruyub.
Hazırda "Lester"in qapısını qoruyan Asmir Beqoviç isə həmyerlisindən fərqli "Qarabağ"da qısa müddət forma geyib. 39 yaşlı qolkiper 2019-cu ilin sentyabrında "Bornmut"dan 3 aylığa icarəyə götürülüb. İcarə müddətində “köhlən atlar”ın formasında 17 oyuna çıxıb, 16 qol buraxıb, 7 oyunda qapısını toxunulmaz saxlayıb. Toplam 1530 dəqiqə meydanda olub. İcarə müddətində keçirdiyi oyunlarda 2 sarı vərəqə də alıb.
Beqoviç Avropa Liqasında 5 oyunda Ağdam klubunun qapısını qoruyub və 10 qol buraxıb. Azərbaycan premyer-liqasında 10 oyunda meydanda olub. O, bu matçlarda qapısında 5 qol görüb, 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Ölkə kubokunda isə 2 görüşdə meydana çıxıb, 1 qol buraxıb, digər oyunda qapısını qola bağlayıb.
Yığmada 63 oyun keçirib və 5290 dəqiqə meydanda olub. Bu zaman ərzində 70 qol buraxıb. Beqoviç yığmada 25 "quru" oyun keçirib. Həmçinin Asmir DÇ-2014-də milli komamdasının əsas qapıçısı olub. Mundialın qrup mərhələsinin üç oyununda da qapı ona etibar edilib. Argentina, Nigeriya və İranla bir qrupda yer alan Bosniya və Herseqovina millisi 3 xalla 3-cü sırada qərarlaşaraq növbəti mərhələyə adlaya bilməyib. Yığma yeganə qələbəsini İran üzərində qazanıb (3:1).
Xatırladaq ki, Asmir mundialda oynamaq şansını qazandığı dönəmdə "Stok Siti"nin şərəfini qoruyub. Beqoviçin karyerası Şehiçlə müqayisədə daha zəngindi. O, "Portsmut", "İpsviç Toun", "Stok Siti", "Çelsi", "Bornmut", "Milan", "Everton" kimi klublarda çıxış edib.
Qurban Qurbanovun komandaya son cəlb etdiyi qapıçı Martin Zlomisliç ilə “3+1” illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper daha öncə ölkəsinin "Şiroki Briyeq" və Xorvatiyanın "Riyeka" klublarında çıxış edib. "Riyeka"da 117 oyuna çıxan Martin 113 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb. Onun "Şiroki Briyeq"də keçirdiyi 43 oyunda isə qapısına 51 qol vurulub, 10 oyunda rəqibə fərqlənməyə imkan verməyib.
Zlomisliç 2024-cü ildən Bosniya və Herseqovina millisinə dəvət alır. Yığmada 3 oyun keçirib, 2 qol buraxıb. Martin hazırda davam edən dünya çempionatında meydana çıxmayıb.
MURAD ABDULLAZADƏ