Ukrayna çempionatının son mövsümündə 2-ci yeri tutan və Konfrans Liqasında “Kopenhagen”lə qarşılaşacaq “Polesye” artıq yeni oyunçusunu ictimaiyyətə təqdim edib. Və o, bizə də yaxşı tanışdı.
Jitomirlilərin 3 milyon avroya transfer etdiyi Leandro Andrade artıq klubun mətbuat xidmətinə açıqlama da verib. Yeri gəlmişkən, həm Kabo Verde, həm də Portuqaliya vətəndaşlığı olan vingerin “Polesye” ilə 2029-cu ilin iyununa qədər müqavilə bağladığını da vurğulayaq:
"Burda olmaqdan həqiqətən ilham alıram və bundan çox məmnunam. Nəhayət, bura gəlib, komanda yoldaşlarımla görüşməyi səbirsizliklə gözləyirdim. Artıq burda işlərin necə qurulduğu barədə müəyyən təsəvvürüm var. Eşitmişəm ki, burda həqiqətən yaxşı atmosfer və komanda var. Məhz buna can atırdım, ona görə də burda olmaqdan çox məmnunam. Bir futbolçu olaraq, əslində belə bir layihə, qələbələrə can atan və möhtəşəm futbol oynayan bir komanda axtarırdım. Bunu axtarırdım və “Polesye”ni tapdım. Nədən danışdığımı bilirəm, çünki ötən mövsümün oyunlarının ən yaxşı anlarını artıq izləmişəm. Klub mənim burda olmağıma böyük maraq göstərdi. Buna görə də öz tərəfimdən daha çox oynamaq istəyi göstərəcəyəm. Hiss edirəm ki, bu mövsüm bizim üçün həyəcanlı olacaq.
Bir ay ərzində Ukrayna dilini öyrənəcəyimi demişəm? Özüm haqda bir şey danışım. Bolqarıstanda oynamışam və onların dilini ilk dəfə eşidəndə çox bəyəndim. Ona görə də onu öyrənmək üçün çox səy göstərdim. Sonda danışmağı öyrəndim. Artıq Ukrayna dilində öyrəndiklərim onun çox gözəl bir dil olduğunu deməyə imkan verir. Onu öyrənməkdən çox məmnun olacağam və ümid edirəm ki, tez bir zamanda mənimsəyəcəyəm. Bu, komanda yoldaşlarım, məşqçilərim və klub personalı ilə ünsiyyət qurmaq üçün də vacibdi. Hər matçın taleyini həll edəcəyimə söz verməyəcəyəm. Amma nəticəni həll etmək üçün əlimdən gələni edəcəyimə söz verirəm. Buna tam əmin ola bilərsiniz. Leandro Andradenin bacardığı hər şeyi göstərəcəyəm".