Avqustun 14-də yeni futbol mövsümü başlayacaq. Düzdü, indi futbolsevərlərin diqqəti qarşıdakı avrokubok oyunlarına yönəlib. Ölkədaxili turnirlərin təşkilatçısı – Peşəkar Futbol Liqası isə artıq yeni mövsümün planlarını cızır.
Qurumun Media və marketinq direktoru Sənan Abdullayev “Football-plus.az”a bu haqda danışdı:
“PFL-də mövsümün yekunları ilə bağlı iclas keçirildi. Ümumilikdə müəyyən çətinliklər olsa da, 669 oyun təşkil edildiyini nəzərə alanda iş qənaətbəxş hesab edildi. Yeni mövsüm üçün həll edilməli məsələlər müəyyənləşdirildi. Peşəkar Futbol Liqası olaraq, hesab edirik ki, üzvlərimiz olan klublarla birgə müsbət məqamları daha da yaxşılaşdırıb, problemləri aradan qaldıra biləcəyik. Həmişə olduğu kimi, yenə də mövsüm bitəndən bir neçə gün sonra artıq yeni mövsümə hazırlıq başlayır. Gələn ay bizi premyer-liqanın, avqustun əvvəlində isə 1-ci və 2-ci liqanın püşkatması gözləyir. Eyni zamanda, avqustun 14-dən etibarən liqalara start verəcəyik. Yeni Əsasnamə üzərində tam sürətlə iş gedir. Bildiyiniz kimi, bütün liqalar üzrə lisenziyalaşdırma aparılır. Ötən mövsüm iştirakçılarından yalnız "Göygöl" yeni mövsüm üçün lisenziya ala bilməyib və PFL də bununla bağlı müvafiq addımları atıb. Digər klublarla sıx əlaqədəyik. Bu klublardan hələ ki neqativ bir müraciət almamışıq. Hamını narahat edən Quba Olimpiya Kompleksinin stadionuna gəlincə, indiki şərtlər altında o arenada premyer-liqa oyunlarının keçirilməsi məqsədəuyğun sayılmır”.
İSRAYIL XEYRULLAYEV