“Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək” – “Qarabağ”ın yeni futbolçusuna bax!

30.06.2026 21:43 116
Ölkə futbolu / Manşet
“Transfer pəncərəsi”nin ən fəal komandalarından “Qarabağ”ın 6-cı yeni futbolçusu Renaldo Sefas oldu. “Köhlən atlar” hər iki cinahda vinger, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzaladı.

İddialara inansaq, o, klub tarixinin ən bahalı transferidi. Belə ki, ağdamlılar Sefas üçün nə az, nə çox - 5 milyon manat ödəyib! Bu məbləğin 2 milyon manatı təzminat olaraq “Nijni Novqorod”a ödənilib. Futbolçunun özü isə ildə 1 milyon manat qazanacaq.

Bəs, azarkeşlər bu keçidi necə qarşılayıb?

“Football-plus.az” klubun Sefası təqdim etdiyi paylaşımın rəy bölümündən bəzi fikirləri təqdim edir.

Tural İsrafilov: “Juninyonun cüssəli versiyası...”

Abdul Muradoğlu: “Çin maşını gəldi. Sürəti o qədər yaxşıdı ki, əyləc tutmasa, tribunaya qədər gedəcək. Xeyirli olsun”.

Ramil Vaqifoğlu: “Qapının ağzına gələndə özünü tez itirir. Sürəti yaxşıdı. Amma inanmıram ki, əsas heyət oyunçusu olsun. Üzərində işləsə, bəlkə nəsə alınar. Yenə də uğurlar”.

Kənan Əsədli: “Möhtəşəm oyunçudu”.

Nadir Orucəliyev: “21 oyunda 1 qol vurub. Hoca ona 21 oyunda 21 qol vurmağı öyrədəcək”.

Elish Xan: “Reynaldodan Renaldoya keçid dövrü...”

KƏNAN BAHADIR