Nəhayət, iyunun 23-də Gəncə əhlinin böyük maraqla gözlədiyi suala aydınlıq gəldi: “Kəpəz”in yeni baş məşqçisinin kim olacağı bilindi. Məlum oldu ki, “sarı-göylər” yenidən Azər Məmmədovun sərəncamında olacaq. Bəli-bəli, söhbət komandanı 2023/24 mövsümünün əvvəlindən çalışdıran, kollektivi meydana çıxardığı 12 matçın yalnız birində qələbə qazanan, noyabrın 5-də istefa verən mütəxəssisdən gedir. Klub onunla birillik müqavilə imzalayacağını elan edib.
Bəs, belədə “Kəpəz”i nələr gözləyir? Həqiqətənmi Azər Məmmədov doğru seçimdi? Tarixin təkərrür etməyəcəyinə, daha dəqiqi, uğursuzluğun qaldığı yerdən davam etməyəcəyinə zəmanət vermək olarmı? Son mövsümlərdə ənənə halını alan ardıcıl baş məşqçi ayrılıqlarına yekun vurulacaqmı? Aşağıda bu suallara cavab tapmağa çalışacağıq.
Azər Məmmədov kimdi?
Təbii ki, onun Gəncə üçün doğma sima olduğunu hamı bilir. Çünki Azər bəy gəncəli futbol veteranlarındandı. Maraqlı təsadüfdü ki, mütəxəssis premyer-liqada baş məşqçi kimi ilk dəfə “Kəpəz”də çalışıb. Məşqçi “Qarabağ”ın akademiyasında və “Zirə”nin əvəzedici komandasında da iş başında olub. “Səbail”də isə köməkçi məşqçi və müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərib. İstənilən halda, Azər bəyin məşqçi təcrübəsi böyük olsa da, baş məşqçi kimi arzuolunan səviyyədə deyil. Axı bu gün əsas məsələ “Kəpəz”in mövcud durumu və yeni baş məşqçinin 2024-cü ilin noyabrından, yəni “dənizçilər”dən ayrıldığı gündən bəri işsiz olmasıdı. Belədə təyinatın özünü nə dərəcədə doğruldacağı böyük şübhə altındadı!
“Kəpəz”in durumu demişkən...
Uzun müddətdi olduğu kimi, “sarı-göylər” yenə qır qazanını xatırladır. Adil Vəliyevin ayrılmasından sonra xəbərlər yayıldı ki, yeni sədr Anar Abdullayev olacaq. Düzdü, komandanın yeni baş məşqçisinin də Arif Əsədov olacağı deyilirdi, hətta əldə etdiyimiz məlumata görə, mütəxəssis klubla danışıqların getdiyi və bəzi məsələlərdə anlaşdıqları haqda yaxın çevrəsinə məlumat vermişdi. Lakin sonradan ortaq məxrəcə gələ bilməyən tərəflər danışıqları dayandırdı. Buna nəyin mane olduğunu, təəssüf ki, bilmirik. Ancaq ümumi mənzərəni göz önünə gətirsək, təxmin yürütmək çətin deyil. Görünür, “Kəpəz”də yeni sədrin kim olacağı rəsmən açıqlanmasa da, artıq bəllidi və onun seçimi gəncəli mütəxəssis oldu. Funskionerin yerli publikanın da iddia etdiyi kimi azarkeşlərə xoş görünmək üçün bu addımı atıb-atmadığı dəqiq deyil. Ancaq görünür, Arif Əsədovu çəkindirən məsələlər də olub. Əslində bu sırada “sarı-göylər”in qarşı tərəflə böyük ölçüdə razılığa gəldiyi halda başqa mütəxəssislərlə danışıqları davam etdirməsi ehtimalı da var. Çünki həmin ərəfədə yayılan iddialara görə, klub rəsmiləri hazırda “Neftçi”nin əlaqələndiricisi vəzifəsində çalışan Sənan Qurbanovla da görüşüb və ona birillik müqavilə təklif edib. Lakin mütəxəssisin qəti qərar vermək üçün vaxt istəyib. Belədə həmin vaxt daha qərarlı görünən Azər Məmmədovla anlaşma əldə olunub. Görünür, Arif bəy üçün işsiz günlər davam edəcək. Bununla belə, gəncəlilər hazırda klubun yeni rəhbərinin kim olduğunu bilmir və bu üzdən haqlı etirazlarını dilə gətirirlər. Axı həqiqətən də bu gün Azər Məmmədov seçiminin kimə aid olduğu heç kimə əyan deyil. Ancaq məhz o bəllidi ki, yeni baş məşqçi növbəti mövsümdən Gəncə şəhər stadionunda meydana çıxacağı dəqiqləşən komandanın uğursuz olacağı halda üzləşəcəyi təzyiqlərdən xəbərdardı. Öz aramızdı, böyük ehtimalla, 15343 tamaşaçı tutumuna malik idman qurğusunda hər oyun dolu tribunaların qarşısında keçiriləcək. Sadəcə, “Kəpəz”in son illərdə xeyli baş məşqçi dəyişməsi, Adil Şükürov, Azər Bağırov və Azər Məmmədovun sırayla bir-birini əvəzləməsi tərəfdarların səbrini tükədib və onlar ən kiçik çatışmazlığı belə bağışlamaya bilərlər!
Bəs, yeni baş məşqçi necə qarşılandı?
Təbii ki, təyinat açıqlanan kimi komandanın ən böyük fanklubu olan “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovla əlaqə saxladıq. Azarkeş “Futbol+”ə açıqlamasında bildirdi ki, yeni rəhbərlik gəncəli mütəxəssis təyin etməklə bonus qazandığını düşünməməlidi. Uğursuzluq olacağı təqdirdə onlar da baş məşqçiylə birlikdə cavab verməli olacaqlar. Onu da dedi ki, hər şey nəticədən asılıdı. Onlar üçün baş məşqçinin kimliyi yox, gördüyü işlərdi. Kəsəsi, ümidlidilər və istəyirlər ki, yenə xəyal qırıqlığı yaşamasınlar. Onsuz da kollektiv maliyyə problemlərinə görə yenə premyer-liqada qalmaq uğrunda mübarizə aparacaq. Minimum hədəfə belə qane olurlarsa, bunu bacarmaq klubun əsas öhdəliyidi.
İş ondadı ki, bir çox azarkeş belə düşünmür. Yoxsa klubun təyinatı elan etdiyi paylaşımı alçaldıcı gülüş və qəzəblə qarşılamazdılar. Onların fikrincə, daha əvvəl uğursuz olan baş məşqçinin təyinatı komandaya fayda verməyəcək. Burda hansısa təcrübədən, uğurdan söhbət getmir. Onlar Azər Məmmədovun uğurlu olmayacağını, qısa müddətdə istefaya göndəriləcəyini dilə gətirib. Təyinata görə klub rəhbərliyi də qınanılıb. Daha təcrübəli məşqçilərin idarəetmədə yol verilən qüsurlar üzündən klubda çalışmaqdan boyun qaçırdığı bildirilib. Təbii ki, burda nəzərdə tutulan Mahmud Qurbanovla Arif Əsədovdu. Axı azarkeşlərin əksəriyyəti məhz Mahmud bəyin təyinatını arzulayırdı.
İstənilən halda, təyinat artıq açıqlanıb və bundan sonra nələrin baş verəcəyini zaman göstərəcək. Azər bəyin işi isə yetərincə çətindi. O, qısa müddətdə heyətlə bağlı qərarlar verməli, seleksiya qabiliyyətini işə salmalı və hədəfə çatmaq üçün lazım olan komandanı formalaşdırmalıdı. Prosesin yubandığını nəzərə alsaq, bir qədər tələsmək də lazım gələcək. Gəncəlilərə inanmaq qalır ki, hadisələrin axarı nə Azər Məmmədovu, nə də rəhbərliyi seçimlərlə bağlı yanlış qərarlara sövq edəcək.
KƏNAN BAHADIR