“Beşiktaş” camiəsini ən çox təəssüfləndirən mövzu komandanın mövsümə Şenol Günəşlə başlamamasıdı.
Bəlkə də “Qartal” “futbol ili”nə bu mütəxəssislə başlasaydı, indi zirvədə qərarlaşmışdı. Komanda ilk 11 turda Valerien İsmaellə cəmi 19 xal toplaya bilmişdi ki, bu da hər oyuna orta hesabla 1,72 xal deməkdi. Günəş gələndən sonra isə “ağ-qaralar” superliqada 21 oyuna 49 xal toplayıblar. Bu da hər oyuna 2,33 xal deməkdi!
Bu arada ötən ilin oktyabrında “Beşiktaş”dan ayrılandan bəri hələ də işsiz olan Valerien İsmael Almaniya mətbuatına açıqlamalar verib. Təbii ki, Türkiyədə işlədiyi dönəmə də toxunan 47 yaşlı mütəxəssis bunları deyib:
“Mənə təklif göndərən bəzi klublarla danışıq aparıram. Menecerimlə birlikdə hazırda başımız çox qarışıqdı. Artıq elə dönəmə qədəm qoymuşuq ki, klubların böyük əksəriyyəti yeni mövsümün planlarını cızır.
Son 2-3 ayın mənim üçün yaxşı keçdiyini etiraf etməliyəm. Ailəmlə birlikdə çox vaxt keçirdim. Ötən həftə də onlarla idim. Sanki güc topladım və yeni macəraya atılmağa hazıram. Evimiz Münhenin yaxınlığındakı Erdinq qəsəbəsindədi. Ailəmə bağlı insanam. Bir klubda çalışdığım dönəmdə də ən gec 15 gündən bir onları görməyə gəlirəm. Ona görə də klub seçərkən çalışıram ki, birbaşa Münhenə uçuşları olan şəhərə üstünlük verim.
Baş məşqçiliyin ən sevdiyim tərəfi nədi? Çətin sualdı. Məşqçilik tam fərqli bir işdi. Hər ölkənin müəyyən özəllikləri olur. Məsələn, Almaniyada şəffaf bir idarəçilik sistemi var və konkret bir hədəfə çatmağa çalışırsan. İngiltərə və Türkiyədə baş məşqçinin səlahiyyətləri daha böyükdü. Klubda hər şeyə məşqçi nəzarət edir. Amma təbii ki, klubların sahibləri və prezidentlərinin də öz fikirləri olur. Bunları da nəzərə almalısan.
Türkiyədə cənnətlə cəhənnəm arasında bir yer yoxdu. Orda işləyəndə ya cənnəti yaşayırsan, ya da cəhənnəmi! “Beşiktaş”da bir-birindən gözəl 7 ay keçirdim. Amma təzyiq inanılmaz dərəcədə böyük idi. Hər oyunda qalib gəlmək məcburiyyətindəsən. Orda bərabərlik məğlubiyyət kimi qəbul olunur. İngiltərədə işlədiyim dönəm də maraqlı keçmişdi. O təcrübəni yaşamaq fərqli bir şey idi. Məsələ pulda deyil.
İngiltərə futbolun vətənidi. Orda futbol tam fərqli bir şəkildə yaşanır. Məsələn, Milad bayramını götürək. Almaniya və ya Fransada hər kəs həmin günü ailəsiylə qeyd edir. İngiltərədə isə Milad bayramında futbol oynayırlar”.