Qəzetimizin İspaniya çempionatı ilə bağlı hesabatlarında “Atletiko”nun müdafiəçi Stefan Saviçin əməllərinə vaxtaşırı toxunmuşuq.
Monteneqrolu 2023-ə hədsiz aqressiv başlayıb. 5 oyun ərzində 3 qırmızı vərəqə almağın başqa, ağlabatan izahı yoxdu. “Atletiko” son turda “Selta”nı çətinliklə yendi. Memfis Depay yeni komandasında qol hesabını açdı. Ancaq oyunun protokolunda Saviç də ən azı niderlandlı qədər gözə dəydi.
2023-də bəzi komandalar heç Saviç qədər qırmızı vərəqə almayıb.
* 8 yanvar, “Barselona” ilə oyun – Ferran Torreslə dava-dalaş və 3 oyunluq diskvalifikasiya;
* 18 yanvar, “Levante” ilə kubok oyunu - monteneqrolu 90 dəqiqəni sakit keçirir;
* 26 yanvar, “Real”la kubok oyunu – iki “sarı”nın ardından 99-cu dəqiqədə meydandan qovulur;
* 4 fevral, “Xetafe” ilə oyun – yenə sakit 90 dəqiqə;
* 12 fevral, “Selta” ilə oyun – yenə meydandan qovulmaq.
“Atletiko”da heç kim onu ittiham etməsə də...
Saviç cəzasını başa vurub qayıdır və yenə qovulur. Komandanın kapitanı Koke bu məsələdə sakitdi: “Hər oyunda qalib gəlməyə çalışırıq. Bizlərdən hər birimiz nəticəyə görə məsuliyyət daşıyırıq. Qərarı hakim verib və deyir ki, haqlıdı. Artıq söz heç nəyi dəyişməyəcək. Saviç hər oyun anında döyüşür. Mən buna görə narahat deyiləm”.
Həqiqətən də, Stefan heç nədən çəkinmir. Yəqin ötən il Çempionlar Liqasında məhz onun Cek Qrilişin az qala saçından tutub sürüməsini xatırlayırsız. Monteneqrolu “Marca”ya açıqlamasında meydandakı davranışı haqda belə deyir: “Komandaya maksimumu vermək istəyirəm. Tam gücünü qoymayacaqsansa, meydana çıxmağın nə mənası?! Futbol mənim üçün emosiyalardı. Heç vaxt meydanda statist olmayacam. Kimsə deyəcək ki, daha təmkinli olmaq lazımdı, ancaq futbol mübarizədi. Bu planda “Atletiko” mənə tam uyğun gəlir. Biz meydanda bacardığımızı ortaya qoyuruq”.
La Liqada “Atletiko”dan daha çox qırmızı vərəqə alan 4 komanda var. Bunlar “Betis” (10), “Sevilya”, “Elçe” və “Xetafe”di (hərəyə 7). “Hindular”ın 6 “qırmızı”sı var ki, yarısı Saviçin payına düşür.
Saviç La Liqanın əsas xuliqanı deyil
La Liqanın cari mövsümündə Saviçdən heç də geri qalmayan daha bir futbolçu var. Söhbət “Betis”in braziliyalı müdafiəçisi Luis Felipedən gedir. O, La Liqada keçirdiyi 11 oyunda üç dəfə meydandan qovulub. “Selta” ilə oktyabrda keçirilən oyunda aldığı axmaq qırmızı vərəqəyə görə Manuel Pelleqrinini necə qəzəbləndirdisə, çilili mütəxəssis az qala onu komandadan qovacaqdı. Pelleqrini nəfəsini dərdi və dözdü - növbəti oyunda Felipe özü zədə üzündən sıradan çıxdı. Braziliyaı ilin sonunda döndü və “Atletik”lə ev oyununun 6-cı uzatma dəqiqəsində qovuldu. Pelleqrini ictimaiyyət önündə onunla tərbiyəvi söhbət aparacağına söz verdi. Demək olar ki, bir ay braziliyalı meydandan qovulmadı. Ancaq fevralın əvvəlində yenidən əsəbləri dözmədi – “Selta” ilə ev oyununda, bu dəfə 90+5-ci dəqiqədə qovuldu.