2022-ci il dekabrın 29-u dünya futbol tarixinə qara gün kimi düşdü.
Çünki futbolun kralı, milyonlarla insana bu idman növünü sevdirən əfsanəvi braziliyalı Pele ağır xəstəliklə mübarizədən məğlub ayrılaraq 82 yaşında dünyasını dəyişdi. Tam adı Edson Arantes du Nasimento olan Pele bir ildən artıq idi ki, yoğun bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Noyabrın sonlarından bəri onun səhhətində ciddi problemlər yaranmış və əfsanəvi futbol adamı böyrək, eləcə də ürək çatışmazlığından əziyyət çəkməyə başlamışdı. Kimya terapiyası da artıq effekt vermirdi. Beləcə 2 il aralığında dünya futbolu iki ən böyük dahisini – Maradona ilə Peleni itirdi. Dünya futbolu, təbii ki, bu ağır itkiyə biganə qalmadı. Ötənlərin və müasir futbolun bir çox məşhur siması dahi “sambaçı” ilə bağlı xatirələrəni bölüşərək onun aramızdan ayrılmasına münasibət bildirdilər. Biz də belə bir məqamda onun əsrarəngiz və rekordlarla zəngin karyerasını xatırlamaya bilməzdik.
Rekordlar ilk mundialdan sıralanmağa başlandı
Pelenin böyük futbola gəlişi həvəskar futboldakı ilk məşqçisi – Braziliya yığmasının sabiq üzvü Valdemar De Brito ilə bağlıdı. De Brito 1956-cı ildə 15 yaşlı Peleni “Santos”a gətirərkən “bu uşaq futbol tarixinin ən yaxşısı olacaq” demişdi. “Qara mirvari” bu klubda elə “hoqqa çıxardı” ki, 1 ildən sonra artıq yığmaya dəvət aldı. 1959-cu il iyulun 7-də “Marakana”da Argentinaya qarşı oyunda Pele yığmada debüt etdi və ikinci hissədə meydana çıxan kimi qol vurdu. Təsəvvür edin ki, həmin vaxt onun heç 17 yaşı da tamam olmamışdı! Pele indiyə qədər də Braziliyanın heyətində qol vuran ən gənc oyunçu statusundadı. Belə başgicəlləndirici startdan sonra yığmanın baş məşqçisi Silvio Pirillo onu İsveçdə keçirilən DÇ-1958-ə aparmaya bilməzdi. O, ilk iki oyunu ehtiyatda keçirdikdən sonra SSRİ-yə qarşı 3-cü görüşdə əsas heyətdə meydana çıxaraq hesabına məhsuldar ötürmə yazdı. Pley-offda Pele artıq əsas heyət üzvü idi. Uelslə oyunda qələbə qolunu vurarkən o, 17 yaş 239 günlük idi və DÇ-də qol vuran ən gənc futbolçu rekordu indiyə qədər də ondadı! 5 gündən sonra Fransaya qarşı yarımfinal və növbəti rekord. 17 yaş 244 günlüyündə DÇ-də het-trik edən ən gənc futbolçu! Finalda İsveçə qarşı məşhur oyunda (5:2) Pele dubl etdi. Beləliklə, Braziliya 6-cı, Pele isə ilk cəhddə çempion oldu!
“Santos”da da işlər yaxşı gedirdi. 1958-də bu klub San Paulu ştatının çempionu oldu. Pele isə mövsümdə 38 oyuna 58 qol vurdu. Bu rekordu da indiyə qədər qıran tapılmayıb. Mundialın ulduzu üçün o dönəmdə bir çox Avropa klubu sıraya düzüldü. Peleni transfer etməyə ən yaxın klub “İnter” idi. Hətta ilkin razılıq da əldə olunmuşdu. Amma “Santos” fanatlarının böyük etiraz aksiyasından sonra anlaşma ləğv olundu. Əslində karyerası ərzində heç bir Avropa klubunda oynamaması Peleyə yönələn ən ciddi iraddı. Amma bir çoxları bilmir ki, 1961-ci ildə Braziliya höküməti onu rəsmən “milli xəzinə” elan etdi və bununla da futbol kralının xarici klublara satışına qadağa qoyuldu. 1960-ın əvvəlləri “Santos” tarixinin qızıl dönəmi sayılır. Komanda ardıcıl 5 çempionluq qazanmaqla yanaşı, ardıcıl 2 dəfə Libertadores və Qitələrarası kubokların qalibi oldu. 1962-də Qitələrarası kubokda Eysebiolu “Benfika”ya qarşı oyun (5:2) het-trik edən Pelenin karyerasının ən yaxşı matçlarından biri sayılır. Elə həmin il “Santos” Avropa turnesinə yollanarkən “Barselona”, “Real” və “İnter” fanatları onu ayaqüstə alqışlayırdı. Amma bütün bunlara baxmayaraq Pele dahi statusuna əsasən mundiallardakı performası sayəsində yüksəlib.
Yeganə üçqat dünya çempionu
DÇ-1962-yə Pele bir nömrəli ulduz statusunda yollanmışdı. Meksikaya qarşı ilk oyunda qol və məhsuldar ötürməlik performansdan sonra Çexoslovakiyaya qarşı ikinci oyun onun ağır zədələnməsi ilə nəticələnir. Turnir onun üçün başa çatır. Buna baxmayaraq, Qarrinçanın liderliyi altında Braziliya yenə çempion olur və turnirdə 2 oyun keçirən Pele 2-ci dünya çempionluğunu qazanır. “Santos”da qollarını sıralamaqda davam edən futbol kralı bir dəfə “Botafoqo” ilə oyunda hətta 8 qol vurmağa macal tapır! DÇ-1966-ya Braziliya yenə əsas favorit qismində yollanır. Bolqarıstana qarşı ilk matçda Pele cərimə zərbəsindən qol vursa da, yenə zədələnir. Çünki rəqiblər onun qarşısını yalnız sərtlik sayəsində kəsə bilirdilər. Pelenin oynamadığı 2-ci matçda Braziliya Macarıstana 1:3 yenildi. Portuqaliyaya qarşı həlledici görüşdə Pele meydanda olsa da, Braziliya yenə eyni hesabla uduzdu. Bu, Pelenin mundiallarda keçirdiyi ümumilikdə 14 qarşılaşmada uduzduğu yeganə oyun oldu (12 qələbə, 1 heç-heçə). Emosiyalara qapılan Pele matçdan sonra yığma karyerasını bitirdiyini və artıq DÇ-də oynamaq istəmədiyini dedi. 1969-da o, “Marakana”da “Vasko De Qama”ilə oyunda penaltidən fərqlənməklə karyerası ərzindəki 1283 qoldan 1000-cini vurdu. 1970-də Braziliya ictimaiyyəti onu mundiala yollanmağa razı sala bildi. Çexoslovakiyaya qarşı ilk oyunda o, qol və məhsuldar ötürmə ilə fərqləndi. 2-ci oyunda İmgiltərənin əfsanəvi qapıçısı Qordon Benks Peledən qol buraxmasa da, buna əsrin seyvini etməklə nail oldu! 3-cü oyunda Rumıniya Peledən 2 top buraxdısa, kral 1/4 finalda Peru ilə oyunda məhsuldar ötürmə ilə kifayətləndi. Uruqvaya qarşı yarımfinalda o yenə fərqlənə bilmədi. Əvəzində hesabına məhsuldar ötürmə yazdı və üstəlik qolla nəticələnməyən, amma tarixə düşən bir fəndini həyata keçirdi. İtaliyaya qarşı möhtəşəm final (4:1) isə onun benefisinə çevrildi: 1 qol, 2 məhsuldar ötürmə. Oyundan sonra komanda yoldaşları onu çiyinlərində gəzdirirdi! Turnirin ən yaxşı futbolçusu olan Pele hər matçda qolda yaxında iştirak edərək 4 qol, 6 məhsuldar ötürməlik tarixi performans sərgilədi. Bununla da Pele üçqat dünya çempionu statusunda olan yeganə futbolçu ünvanını qazandı. Çox güman, bu rekordu hələ uzun illər özündə saxlayacaq.
ABŞ macərası və əlvida futbol
Finaldan 1 il sonra Pele yığma karyerasını bitirmək qərarına gəldi. O, son iki matçını San Pauluda Avstriyaya və “Marakana”da Yuqoslaviyaya qarşı keçirdi. Dahi ilə vidalaşmaq üçün 1971-ci il iyulun 18-də “Marakana”ya 135 min insan gəlmişdi. Braziliya Qarrinça ilə Pelenin eyni anda meydanda olduğu matçlarda bir dəfə də məğlubiyyət acışı yaşamadı! 1974-də Pele 18 illik “Santos” macərasını başa vurdu. Düzdü, bu qərarını açıqladıqdan sonra da klubun heyətində bir neçə oyun keçirdi. 1975-də isə gözlənilmədən ABŞ-a yollanaraq “Nyu York Kosmos”la müqavilə imzaladı. Rəsmi fakt olmasa da, deyilənə görə, həmin vaxt Pele dünyanın ən çox qazanan idmançısı idi. ABŞ macərasına hətta çempionluq sığdırmağa macal tapan “qara mirvari” 1977-də karyerasını başa vurdu. Onun vida oyununda “Santos”la “Nyu York Kosmos” üz-üzə gəldi. Pele hər hissəni bir klubun heyətində keçirdi. 1981-də o, Silvester Stallone ilə birlikdə “Qələbəyə qaçış” filmində çəkildi. 1995-də Pele Braziliyanın idman naziri seçildi və hətta korrupsiyaya qarşı qanun da qəbul etdi. Sonradan bu qanuna onun adı verildi. Peledən bir müddət sonra səhnəyə Maradona çıxdı. Onların maraqlı münasibətləri var idi. Həm bir-biri ilə qiyabi rəqabət aparmağa, həm də səmimi ünsiyyət qurmağa çalışırdılar. Pele uzun illər futbolun içində olmasa da, nəhəng turnirlərdə Braziliya yığmasını dəstəkləməkdə və yeni dönəmin ulduzlarını ruhlandırmaqda davam edirdi. Pelenin son şəklini noyabrın 24-də xəstəxanada onu qucaqlayaraq qızı Keli Nasimento paylaşdı. Deyilənə görə, həmin vaxt o artıq bütün yaxınları ilə vidalaşmışdı...