Şərəfini qoruduğu Niderland təmsilçisi “Fortuna” ilə birlikdə toplanış keçmək üçün Antalyaya gələn Burak Yılmaz türkiyəli həmkarlarımıza geniş açıqlamalar verib. 37 yaşlı təcrübəli forvard karyerası, Türkiyə yığması, “Fənərbaxça”nın çalışdırıcısı Jorje Jezuş və başqa məqamlar haqda danışıb.
* “Hall Siti”, “Vesterlo”, “Fortuna” kimi xaricdəki klubların türkiyəli sahibləri üzərinə böyük bir missiya götürüb. Onlar ölkəmizi ən gözəl şəkildə təmsil etmək, Avropada türklər haqda yanlış düşüncələrə son qoymaq istəyirlər. Bu yanlış fikirlər bizi yaxşı tanımamaqdan qaynaqlanır. Bizi tanıyan insanın dərhal türklər barədə fikri dəyişir. 2,5 ildi karyeramı xaricdə davam etdirirəm. Niderlandın da Braziliya kimi bir futbol ölkəsi olduğunu düşünürəm. Burda bütün klublar gözə xoş gələn və tam qələbəyə hesablanan futbol oynayırlar. Yığmadakı sabiq məşqçim Quus Hiddinklə də ünsiyyətim var. Burda hər kəs bizi yaxşı qarşıladı. Özümə qarşı böyük hörmət görürəm və bunun qarşılığını vermək istəyirəm.
* Türkiyədəki legioner limiti haqda nə vaxt danışsam, dərhal sözlərim etirazla qarşılanır. Mənim mövqeyim bəllidi. Superliqada məşqçilər ya limitdən şikayətlənir, ya da hakimlikdən. Uğursuzluq olan kimi hamı hakimliyi bəhanə edir. Hər klub limitlə bağlı planlaşdırmasını mövsümdən öncə etməlidi. Niderlandda indiyə qədər kiminsə hakimdən şikayət etdiyini bir dəfə də eşitməmişəm. Əcnəbi hakim mövzusuna gəlincə, mən millətçi insanam və istər hakimlikdə, istərsə də limitdə yerlilərin çox olmasını istəyirəm. Hakimlərin bilərəkdən səhvə yol verdiyini düşünmürəm. Belə əcnəbi tərəfdarısızsa, onda prezidentləri də, yönəticiləri də, hətta jurnalistləri də xaricdən dəvət edin! Niderlandda heç bir limit yoxdu. Amma biz hələ onların səviyyəsinə çatmamışıq. Bu səviyyəyə çatandan sonra biz də limiti yığışdırarıq.
* DÇ-də favoritim Braziliyadı. Türkiyə yığması AÇ-2016-dan bəri baş tutan 3 nəhəng turnirin yalnız birinə qatıla bildi. DÇ-yə isə heç cür vəsiqə qazana bilmirik. Çünki sabitlik yoxdu. Məşqçi tez-tez dəyişir. Bu DÇ-də 1/4 finala yüksələn komandalara baxsaz, görərsiz ki, hamısının başında yerli mütəxəssis dayanıb. Türkiyə yığmasında texnika və taktikadan savayı həmişə duyğular ön planda olub. İstiqlal Marşı oxunandan sonra başqa cür ola da bilməz. Bu sözlərimlə Ştefan Kuntsu tənqid etmirəm. Sadəcə, yığmada sabitliyin olmasını istəyirəm. Bir turnirdən kənar qalan kimi məşqçinin qovulmasının əleyhinəyəm.
* “Lill”də Kristof Qaltyedən çox şey öyrəndim. Düzdü, məşqçinin oyunçuya qarşı necə davranmalı olduğunu ən yaxşı Şenol Günəşdə görmüşdüm. Amma Qaltye ilə bunu başqa tərəfdən də kəşf etdim. Komanda daxilində önəmli bir problemin necə həll olunduğunu gördüm. 4-4-2-nin ideal səviyyədə necə oynanıldığını gördüm. Qaltyeyə ÇL-də uğurlar arzulayıram. Onunla yaşadığım çempionluq futbol həyatıma çox şey qatdı.
* “Lill”dəki çempionluğumuzu Arda Turanla da müzakirə etmişdik. Həmin çempionluğun bənzərini onlar da “Atletiko”da yaşamışdılar. Eyni sistemlə, yəni 4-4-2 ilə oynayırdıq. Hər iki komandanın oyunçu profili buna uyğun idi. Yaxşı müdafiə olunur, yaxşı əks-hücuma çıxırdıq. Yeri gələndə hesabı qorumağı da bacarırdıq.
* Bir gün Türkiyə futbolunda söz sahibi olsam, bütün pulumu və bacarığımı “altyapı”ya yönəldərəm. Çünki bu baxımdan 18 milyonluq Niderland 85 milyonluq Türkiyədən öndədisə, deməli, nəyisə düzgün etmirik. Niderland, ümumiyyətlə, “altyapı” baxımından dünyada bir çoxlarına örnək ola biləcək ölkədi. İndi düşünün ki, hər komandada çox yox, bir istedadlı oyunçu yetişsə, nə olar. Bizdə bir oyunçu ortaya çıxan kimi hamı ondan danışmağa başlayır. Özümüz də fərqinə varmadan onu yanlış istiqamətə yönəldirik. Məsələn, Arda Güləri götürək. Nə vaxt xəbərlərə baxırsan, ya Ardanın nə üçün yığmaya çağırılmamasından, ya Ardanın transfer xəbərlərindən, ya da onun nə üçün ehtiyatda qalmasından yazırlar. Belə şeylərdə daha diqqətli olmalıyıq.
* Valideynlərə məsləhətim odu ki, uşaqlarını sərbəst buraxsınlar. Övladlarının arxasınca hər yerə getməsinlər. Atamın bir sözü var idi. Deyirdi ki, atası arxasınca qaçan uşaqdan bir şey olmaz... Futbol gözəl və məşhur oyundu. Valideynlər indi maddi məsələlərə görə uşaqlarını dərhal futbola qoyur. Bu sahədə övladı zorla və ya dost-tanışla irəli aparmaq mümkün olmayacaq. İstedadı varsa, onsuz da qabağa gedəcək. İncəsənət və futbol elə sahələrdi ki, orda pul, dost-tanış keçmir!
* Mən istedadımı bir qədər gec kəşf etdim. Yığmada 25-26 yaşımda debüt etdim. 20-22 yaşlı oyunçular üzərlərində işləməlidilər. Bir oyun yaxşı oynayan kimi “mən artıq super futbolçuyam” deməməlidilər. Və ya bir oyun pis oynayan kimi həvəsdən düşməməlidilər. Onlara hədəfdən vaz keçməməyi və Şenol Günəş kimi bir məşqçinin əlinin altına düşməyi arzulayıram. Mənim üçün Günəşi tanımağım və “Trabzonspor”a transferim həyatımın qırılma anı oldu. Eləcə də Çinə yollanmağım və “Lill”ə transferlərim də qırılma anıdı. Çində özümü maddi cəhətdən hərtərəfli təmin etdim. Siz jurnalistlərdən xahişim budu ki, “Burak geri dönür” tipli yalan xəbərlər yazmayın. Artıq qərarımı vermişəm. Karyeramı Niderlandda bitirəcəm. Məşqçiliyə də orda başlayacam.
* Jorje Jezuş dəyərli məşqçidi və onu yaxından izləyirəm. Məncə, futbol sahəsində Türkiyəyə bir çox yeni şeylər öyrədir. Altay Bayındıra bu dərəcədə sahib çıxması məni heyrətləndirdi. Bu hadisədən sonra hətta Jezuşun fanatına çevrildim. İndiyə qədər hansısa bir yerli məşqçinin öz oyunçusunu bu dərəcədə sərt və ciddi şəkildə qorumasının şahidi olmamışdım. Bundan başqa, taktiki gedişləri, rotasiyadan bu dərəcədə uğurlu istifadə etməsi, “böyük klub həftədə üç oyun keçirməyi bacarmalıdı” kimi fikirləri çox xoşuma gəldi.