Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''

22.06.2026 10:00
Dünya futbolu
Türkiyə yığmasının uğursuz DÇ-2026 macərasında ən çox tənqid olunan futbolçulardan biri də Hakan Çalhanoğludu.

Zatən uzun müddətdi, Türkiyə futbol ictimaiyyətində belə fikir formalaşıb ki, Hakan klub karyerasındakı performansı yığmada sərgiləyə bilmir. Təcrübəli futbolçu mundialdakı inamsız oyunu ilə onu tənqid edənləri bir növ haqlı çıxardı. Halbuki Çalhanoğlu turnirin başlamasına az qalmış iddialı açıqlamaları ilə diqqət çəkmişdi.

Bu arada yığmanın kapitanının həyat yoldaşı Sinem Çalhanoğlu öz səhifəsində paylaşım edib. Tənqidçilərə cavab verən 31 yaşlı bu xanım bunları yazıb:

''Dünya çempionatına vəsiqə qazanarkən də kapitanımız o idi. Mübarizəni dayandırarkən də odu. Bu gün hədəf göstərdiyiniz kapitan dünən qürur duyduğunuz kapitandı. Nə kapitanın mübarizə əzmi dəyişib, nə də bu komandanın xarakteri. Dəyişən sizin baxış tərzinizdi. Dünən alqışladığınız insanı bu gün günahlandırırsızsa, deməli siz futbolu yox, nəticəni sevirsiz. Bu komanda da, kapitan da final fitinə qədər savaşdı. Amma bu, futboldu. Alınmayanda alınmır. Qalib gələrkən sahiblənmək, məğlub olarkən günahkarı axtarmaq çox asandı''.