"Football-plus.az" xəbər verir ki, türkiyəli şoumen və iş adamı Acun Ilıcalının sahibi olduğu komanda Antalyada birhəftəlik toplanış keçəcək. Önəmli transferlərə baxmayaraq, bu kollektiv mövsümü zəif keçirir. “Pələnglər” çempionşipdə 21 oyuna 24 xal toplayıblar və düşmə zonasından cəmi 1 xal öndədilər. DÇ ilə bağlı yaranmış fasiləni səmərəli keçirmək istəyən “Hall Siti” noyabrın 30-da “İstanbul BŞ”, dekabrın 3-də isə “Trabzonspor” ilə qarşılaşacaq. Bu kollektiv yay hazırlıq dönəmində də Türkiyəyə gəlmişdi. Həmin vaxt ingilislər Sakaryada “Fənərbaxça” ilə yoxlama oyunu keçirmiş və 2 cavabsız qolla məğlub olmuşdular.
Bu arada “Hall Siti”nin ulduzu Ozan Tufan hava limanında türkiyəli həmkarlarımıza açıqlamalar verib. Son günlər Türkiyə və İngiltərə mətbuatında Ozana İtaliya təımsilçisi “Salernitana”dan rəsmi təklif gəlməsi haqda xəbərlər peyda olmuşdu. Türkiyəyə səfər etmədən öncə klubun baş məşqçisi Liam Rosenyor bu məsələdən xəbərinin olmadığını və Ozan kimi təcrübəli oyunçu ilə işləməkdən böyük məmnunluq duyduğunu dilə gətirmişdi. “Fənərbaxça”nın sabiq üzvü bunları deyib:
“Açığı, Türkiyə üçün darıxmışdım. 7-8 günlüyə də olsa, vətənə gəldiyim üçün sevincliyəm. Bu, mənim “Hall Siti”də ilk toplanışım olacaq. Ona görə də bir qədər həyəcanlıyam. Üzərimizdə çalışaraq ən yaxşı şəkildə geri dönəcəyik. “Hall Siti”nin turnir cədvəlindəki indiki durumu, təbii ki, heç birimizi qane etmir. Vəziyyəti düzəltmək istəyirik. Ona görə də bura gəlmişik. DÇ-dən sonra hər birimiz əl-ələ verərək “Hall Siti”ni irəli daşımalıyıq. Çalışmaq və mübarizə aparmaq lazımdı. Yalnız bu şəkildə hədəflərimizə çata bilərik. DÇ-ni üzüntü içində izləyirəm. Çünki biz də orda ola bilərdik. Gənc komandamız var. Qətərdə olmağımız hər birimiz üçün böyük şərəf və qürur olardı. Amma bəzi səhvlərimiz olduğu üçün indi orda deyilik. Görünür, qismət belə imiş. Favoritim yoxdu. Mən də hamı kimi oyunları izləyirəm”.


