Madrid “Real”ı ilə Kataloniya “Barselona”sının qarşıdurması çoxdan stadionların hüdudundan kənara çıxıb.
“Blauqrana”nın rəhbərliyi klub fan-şoplarının şəbəkəsini genişləndirməyə qərar verib və bugünlərdə payaxta ayaq açıb. Bəli, Madriddə “Barsa”nın atributlarının satıldığı ilk dükan açılıb. Açılış mərasimində əsas rəqibin – “Real”ın “bostanına daş atmaq” da yaddan çıxmayıb.
Klub dükanının yerləşdiyi binanın üzərindən bu məzmunlu banner asılıb: “Raul es culer” (Raul “Barselona” azarkeşidi). Niyə məhz bu ifadə seçilib? İspaniyada çoxdan belə söz-söhbət gəzir ki, “Real”ın əfsanələrindən sayılan Raul Qonsalesin “Barsa”ya simpatiyası olub, hərçənd o özü heç vaxt bunu təsdiqləməyib.
Taleyin ironiyasına bax ki, “Barsa”nın fan-şopu “Real”ınkından cəmi 50 metr aralıda yerləşir. Aydın məsələdi ki, belə qonşuluq madridistanın xoşuna gəlməyəcək. Bu, “Barselona”nın paytaxt küçələrində “Real”a “ilişməsi” ilə bağlı ilk nümunə deyil. Xuan Laporta 2021-ci ildəki seçki kampaniyası zamanı üzərində “Yenidən sizi gözləyirik” yazılan banner asdırmışdı, özü də “Santyaqo Bernabeu”nun lap yaxınlığında. Yeri gəlmişkən, Barselonada “Real”ın fan-şopu çoxdan fəaliyyət göstərir. İkimərtəbəli dükan şəhərin lap mərkəzində yerləşir.