Debütant olsa da, premyer-liqada son mövsümü 34 xalla 9-cu pillədə başa vuran “İmişli” ilə bağlı cavabsız suallar var. Ən əsası odu ki, Aran təmsilçisinin növbəti “futbol ili”ndə ev oyunlarını harda keçirəcəyi bilinmir. Üstəlik komanda baş məşqçisi Jorj Kaşkilya ilə yolları ayırmaq niyyətindədi. Ancaq nə ayrılıq rəsmən elan olunub, nə də yeni mütəxəssis axtarışıyla bağlı proses haqda məlumat açıqlanıb.
Maraqlıdı, İmişlidən parlamentə seçilən Razi Nurullayev klubun durumuyla maraqlanırmı? Habelə klub problemlərin həlli yönündə ondan yardım istəyibmi?
Bu suallarla Razi bəyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“İmişli” mənim üçün doğma klubdu. Bu komandanı çox istəyirəm. Məlum olduğu kimi, klubun premyer-liqaya vəsiqə qazanmasında böyük rol oynamışam. Komandanı bu çempionatda da dəstəkləmişəm. Klub rəhbərlərindən Aqşin Mürsəlovla münasibətim var. Daim əlaqədəyik. Hansı məsələylə bağlı kömək istəsə, əlimdən gələni etmişəm. Bundan sonra da etməyə çalışacam. Son söhbətimiz stadionla bağlı olub. Klub Heydər Əliyev adına İmişli şəhər stadionunda oynamaq istəsə də, alınmır. Çünki bu idman qurğusunun bir neçə sahibi var. Və stadion “İmişli”yə verilmir. Klub da haqlı olaraq, idman qurğusunu təmir etmək istəmir. Çünki stadionun taleyinin sabah necə olacaq bilinmir. Bu üzdən, yeni stadion tikmək istəyirlər. Sadəcə, bunun üçün çox böyük vəsait lazımdı. Klub prezidentinin mənə verdiyi məlumata görə, İmişli şəhərinin rəhbərliyi də bu məsələdə kluba yardım edir. Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı. Mən də həmin əraziyə baş çəkmişdim. Lakin maliyyə məsələlərində razılıq əldə olunmadı. Ümid edirəm ki, klub tezliklə bu problemin öhdəsindən gələcək və ev oyunlarını doğma şəhərdə keçirəcək”.
KƏNAN BAHADIR