DÇ-2026-nın E qrupunda baş tutan Kot d’Ivuar - Almaniya oyununda ''Qalatasaray''ın müdafiəçisi Uilfrid Sinqonun zədələnməsi diqqət çəkdi.
Bundestimin 2:1 hesablı əzmkar qələbə qazandığı qarşılaşmada Sinqo tibbi personalın müdaxiləsinə baxmayaraq oyuna davam edə bilmədi və 82-ci dəqiqədə əvəzləndi. 25 yaşlı futbolçunun əvəzlənərkən çox üzgün olması da diqqətdən qaçmadı.
''Qalatasaray'' cəbhəsi indi onun tibbi müayinəsinin cavablarını gözləyir. Sinqonun ən önəmli özəlliyi sürətidi və o, sprint etməyi, yəni qısa məsafələrə sürətli qaçmağı xoşlayır. Amma bu özəlliyi tez-tez zədələnməsinə səbəb olur. Almaniya ilə qarşılaşmada o, son 7-8 ayda 3-cü dəfə eyni bölgədən zədə aldı. Adətən bu cür zədələnən futbolçunun geri dönməsi üçün 2-4 həftə tələb olunur. O, mövsümün gedişində ''Qalatasaray''da iki dəfə zədə almış və hərəsində də təxminən bir aylıq sıradan çıxmışdı.
Bəzi mənbələrin yazdığına görə Sinqo yenə bir aylığa sıradan çıxıb. Bu fakt doğrudusa, onun üçün artıq dünya çempionatının başa çatdığını söyləyə bilərik.
Maraqlıdı ki, Almaniya ilə oyundan öncə ''Portu''nun bu futbolçuya ciddi maraq göstərməsi və hətta skautlarını mundiala göndərməsi haqda xəbərlər peyda olmuşdu.
''Cim-Bom''un ötən yay ''Monako''dan 30 milyon avroya transfer etdiyi istedadlı futbolçu geridə qoyduğumuz mövsümdə 29 rəsmi oyunda iştirak edərək aktivinə 2 qol, 3 məhsuldar ötürmə yazıb.