Azərbaycanlı futbolsevərlərin böyük əksəriyyətinin dünya çempionatı ilə bağlı planları pozuldu. Axı turnirin başa çatmasına düz bir ay qalmış çoxlarının könül verdiyi Türkiyə yığmasının pley-offa çıxa bilməyəcəyi aydın oldu. “Ay-ulduzlular” qrupda keçirdiyi ilk iki oyunda Avstraliya ilə Paraqvaya uduzdu.
Hədsiz güclü nəslə malik Türkiyə yığmasının şok nəticəsi ilə bağlı həmkarımız, Türkiyə futbolunun bilicisi Elçin Cəfərovun fikrini öyrəndik:
“Bir neçə ay öncəyə baxsaq, Türkiyənin pley-off matçlarında oynadığı oyunla indiki taktika tam eynidi. Həm oyun planı, həm də strategiya baxımından Paraqvayla qarşılaşma başqalarından fərqlənmirdi. Ruminiya və Kosovo ilə matçlarda bir qol vəziyyəti yarandı və hər ikisində qol vurmağı bacardılar. Montellanın bu planında hesabda geridə olduqda geridönüş etmək çox çətin olur. Bunu biz illərlə müşahidə edirik. Əsasən heyətdə dəyişiklik etməməyi üstün tutur. Öz strategiyasını formalaşdırmağa başlayır. Bu isə müəyyən problemlərə səbəb olur. Bir həftə əvvəl verilişlərin birində qeyd etmişdim ki, Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur. Təbii ki, onlar kapitandı, onların tövsiyələri nəzərə alınmalıdı. Lakin start heyətinin müəyyənləşdirilməsində məşqçi heyətinə bu səviyyədə təzyiq heç yerdə görülməyib. Dediklərim bu gün Türkiyə mətbuatında da yayılıb. Mən qardaş ölkədə olarkən bu məlumatı özəl mənbələrdən əldə etmişdim. Bu gün isə haqlı olduğum sübut olundu. Avstraliya ilə matçda qapanan komandaya qarşı daha çox topa sahib olmağa çalışsalar da, hücumda topu qola çevirmə əmsalı çox azdı. 1-ci fazadan 2-ci fazaya keçiddə hər şey əla alınsa da, 2-ci fazadan 3-ə keçiddə həm oyunçu sayı, həm də düzgün yerləşmə baxımından ciddi problem yaranır. Bu səbəbdən oyun şablonunu dəyişməliydi. Start heyətində iki eyni profilli oyunçu – Hakan Çalhanoğu və Orkun Kökçü oynamamalıydı, bu gün onları birgə oynatmadı. Hücumda yenə Kərəm Aktürkoğlu yer aldı. Səhv qərar idi, yenidən öndə olan toplar geri qayıtdı. Kənan Yıldız təkbaşına çabalamağa çalışdı. Müdafiənin arxasına atılan toplar alınmadı. Türklər rəqibin cərimə meydançası daxilində daha çox futbolçu ilə oynamalı, qələbəlik yaratmalıydı ki, bu da alınmadı.
2-ci hissədə Can Uzunla Dəniz Gül oyuna qoşulandan sonra türklər bir neçə qol vəziyyəti yaratdı. Barış Alpər də oyuna qoşulandan sonra təhlükəli hücumların sayı artdı. Təəssüf ki, fərqlənə bilmədilər. Montellanın inadkarlığı, ictimai rəyi nəzərə almaması, bəzi futbolçuların narazılıqları Türkiyənin uğursuzluqluğuna səbəb oldu. Bundan sonra böyük ehtimalla Montella ilə yollar ayrılacaq. Ehtimal ki, Türkiyə Futbol Federasiyasında seçki keçiriləcək. Yəqin ki, İbrahim Hacıosmanoğlu seçilməyəcək. Ümumilikdə Montellanın inadkarlığı, sərəncamındakı oyunçu qrupuna görə sistem müəyyənləşdirməməsi, əksinə, onları öz sisteminə uyğunlaşdırmağa çalışması belə nəticəyə gətirib çıxardı”.
İSRAYIL XEYRULLAYEV