İllərdi qulaqlarımızı “Sumqayıt”la bağlı yalanlarla doldurublar.
Hər imkanda deyiblər, yazdırıblar ki, “Sumqayıt”da legioner çıxış etmir. Halbuki İrandan tutmuş Rusiyaya, Türkiyədən tutmuş Almaniyaya qədər dünyanın bir çox ölkəsindən gələn futbolçulara qucaq açıblar. Adını da qoyublar ki, bu futbolçuların nənəsi çaydan keçəndə bir azərbaycanlıya rast gəlib, onun qanında bizim qanın elementləri var. Ona görə də həmin futbolçulara Azərbaycan pasportu təqdim edib, özlərinə də yerli statusu veriblər. Sonra da milli komandanın futbolçusu kimi qiymətini yüksəldib, premyer-liqa klublarını gəzdirməklə qaz vurub, qazan doldurublar. İtirən futbolumuz, qazanan isə işbaz menecerlər olub. Kiçik bir araşdırma aparsaq, görərik ki, Azərbaycana gəlib-getmiş “milliləşdirilən” futbolçuların böyük əksəriyyətinin yolu “Sumqayıt”dan keçib. Həmin futbolçular Azərbaycanda oynamaq xoşbəxtliyinə yalnız Riad Rəfiyevin “qılıncının altından” keçəndən sonra nail olublar.
Yəni ki, əvvəl “Sumqayıt”ın menecer-prezidentinin müştərisi olursan, sonra da onun komandasının futbolçusu.
Bu ildən “Sumqayıt” strategiyasını dəyişib, artıq legioneri “milliləşdirmə” üsulu ilə yox, açıq-aşkar gətirirlər. Özü də bu yenilik Ayxan Abbasovun yola salınmasından, onun yerinə belaruslu mütəxəssis Aleksey Baqanın gətirilməsindən sonra gerçəkləşdi. Əcnəbi futbolçunun transferinə sevinmək, legionerlərə “Sumqayıt”ın baş məşqçisi kimi tapşırıq vermək xoşbəxtliyi Ayxan bəyə qismət olmadı. Rəfiyev sanki onu postundan uzaqlaşdırmaq üçün bəhanə gözləyirmiş. Abbasov “Sumqayıt”da dəyişikliyə ehtiyac var” deyən kimi Rəfiyev onun bu sözündən yapışdı və dəyişikliyə elə baş məşqçinin özünü yola salmaqla başladı. Baqa hələ ötən mövsümün gedişində ona böyük ümidlər bəsləyənlərin yanıldığını göstərmişdi. Amma bəhanəsi var idi. Bəd ayaqda deyə bilərdi ki, komandanı mən qurmamışam, bu futbolçular mənim seçimim deyil. Onsuz da biz belə bəhanələrə öyrəncəliyik. Baqa da belə desəydi, heç təəccüblənməyəcəkdik.
Deyəsən, “Sumqayıt”ın builki heyətini də o qurmayıb. Turlar keçir, xal itirilən oyunların sayı artır. Amma türkün məsəli, Baqanın heç tükü də tərpənmir. Sanki bərbad vəziyyətdə olan komandanın baş məşqçisi bizik, o deyil, məsuliyyəti də biz daşımalıyıq. Baqanın sərəncamında 9 fərqli ölkədən futbolçu var. Legionerlərin vətəndaşlıq coğrafiyası da xeyli genişdi. Rusiyalı, xorvatiyalı, toqlu, niderlandlı... Bu qədər fərqli ölkədən olan futbolçulara taktika-texnika başa salmaq, onları vahid kollektivə çevirmək özü bir hünərdi. Görünən də odu ki, Baqa bunu bacara bilmir. Nə ehtiyac vardı əcnəbiləri bu qədər fərqli ölkədən seçməyə? Olmaya Baqa qorxub ki, 2-3 legioner eyni ölkədən olsa, birləşib onun “torbasını tikərlər”?! Baqanın soyuqqanlığı məndə elə təsəvvür yadarır ki, bu legionerlər ondan xəbərsiz komandaya doldurulub, öz seçimi deyil. Nə vaxtsa onu komandadan qovsalar, o da sandığı açacaq, pambığı çölə tökəcək.
Azərbaycanda Riad Rəfiyevin menecerliklə məşğul olduğunu, özünə bunun üçün şirkət açdığını da bilməyən yoxdu. İcazə versin, şübhələnək. Birbaşa, yaxud da dolayısıyla məsuliyyət sahibi odu. Özü milliyə, ölkənin başqa klublarına futbolçu satan biri öz komandasına bu qədər yararsız futbolçunun gəlişinə necə razı olub? Bu legionerlərin oyununa baxanda, onların “Sumqayıt”a fayda verməyəcəyini hiss etməyib? Deyirlər ki, legioner yerli futbolçulardan üstün olmalıdı. Özü də azı ikibaş. 6-cı turda rəqib “Şamaxı” idi. Mən “Sumqayıt”ın meydanı qələbəsiz, qolsuz tərk etdiyi ilk 5 turu bir kənara qoyuram. Bütünlüklə yerli futbolçulardan qurulan, gənclərə üstünlük verən “Şamaxı” “Sumqayıt”dan heç nədə geri qalmadı. Hətta bəzi epizodlarda qonaqlar meydan sahiblərini üstələdi də. “Sumqayıt” “qol orucu”nu yalnız penalti sayəsində poza bildi. 90 dəqiqə ərzində qapıya Bahadur Həziyev qədər qətiyyətli zərbə vuran futbolçu görmədim. Deməli, “Sumqayıt”a doldurulan legionerlər heç “Şamaxı”nın təcrübəsiz yerli gəncləri qədər də deyil. Bu boyda bərbad transfer siyasətinə, seleksiyaya kim müəlliflik edib? Cəsarətiniz olsun, etiraf edin ki, bacarmırsız. Gedin bacardığınız işin dalınca.
AMAL