Türkiyənin son çempionu ''Trabzonspor''un Çempionlar Liqasının pley-off mərhələsində Avropa standartlarına görə o qədər də qorxulu rəqib sayılmayan ''Kopenhagen'' səddini keçə bilməməsi bu ölkənin futbolunu acı reallıqla üz-üzə qoydu. 27 illik fasilədən sonra ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsində Türkiyə klubu yer almayacaq! Bəs qardaş ölkənin futbolu necə oldu ki, bu səviyyəyə qədər gerilədi? Türklərin yerə-göyə sığdırmadığı superliqanın səviyyəsi bu qədərmi aşağıdı?
Türkiyə futbolu öz yolu ilə addımlamağa başladı
Əslində hər şey məhz buna doğru gedirdi. Türkiyə futbolunun son illərdə sürətli şəkildə gerilədiyini görməmək mümkün deyildi. Problemin kökünü tapmaq üçün təxminən 12-13 il əvvələ dönmək lazımdı. Çünki o vaxta qədər Avropa futbolu ilə aradakı fərq açılmamışdı. Türkiyə təmsilçiləri tez-tez olmasa da, ara-sıra hətta ÇL-də təsnifat mərhələsini keçib qrup mərhələsinə düşməyi bacarırdılar. Amma 2009-dan başlayaraq artıq 13 ildi qardaş ölkənin heç bir təmsilçisi ÇL-də təsnifatı əvvəldən sona qədər keçə bilmir! Təxminən 2010-cu ildən etibarən Türkiyə futbolu sanki Avropa futbolundan ayrılıb öz (yanlış) yolu ilə addımlamağa başladı. Komandaların, xüsusilə də İstanbul nəhənglərinin başı bir-biri ilə rəqabətə o qədər qarışdı ki, ''Avropa futbolu'' və ''avrokuboklarda uğur'' anlayışı unudulmağa başlandı. Haqqında bəhs etdiyimiz illərdə ərəblərin ''Mançester Siti''nin yeni sahibinə çevrilməsi ilə Avropa futbolunda da faktiki yeni dönəm başladı. Pula pul deməyən ''Siti''nin, eləcə də PSJ-nin güclənməsi Avropanın başqa klublarını da əl-ayağa düşməyə vadar etdi. Bu rəqabətdə geri qalmamaq üçün Avropa klubları öz transfer siyasətlərini yenidən gözdən keçirdilər. Türkiyə isə sanki bütün bu prosesdən geri qaldı. 2011-də yaşanan ''şike'' qalmaqalı Türkiyə futbolunda daxili rəqabəti ifrat həddinə çatdırdı. Klub rəhbərləri ''bircə bu il çempion olaq, üstümüzdən təzyiq götürülsün, hər şey yaxşı olacaq'' məntiqi ilə hərəkət etməyə başladılar. Faktiki türklərin Avropada ''dişə vurulası'' son uğuru 2012/13-ə təsadüf etdi. Yəni əvvəlki illərdə qurulan sistem və planın son cücərtisi o dönəmdə oldu. ''Qalatasaray'' ÇL-də 1/4 finala, ''Fənərbaxça'' isə AL-də yarımfinala qədər irəlilədi. Vəssalam. 2013-dən etibarən Türkiyə futbolunun inkişafı dayandı!
880 milyon avrodan 120 milyon avroya...
Bunu tək biz yox, rəqəmlər də deyir. Məsələn, 2015-ci ildə Türkiyə superliqanın dəyəri 880 milyon avro idisə, bir il sonra – 2016-da bu rəqəm 508 milyon avroya gerilədi. 2016-da ''Digitürk Bein Media Group'' Türkiyə çempionatının yayın haqqını almaq üçün 500 milyon dollar ödəmişdisə, bu il keçirilən tenderdə həmin şirkət 2,2 milyard lirə ödəməyə razılıq verdi ki, bu da yalnız 120 milyon avro deməkdi! Son 7 ildə aradakı fərqə özünüz diqqət yetirin. Maraq üçün bildirək ki, ''böyük beşliy''in ən zəif turniri sayılan Liqa-1-in dəyəri (704 milyon avro) superliqanınkından 7 dəfə artıqdı. İngiltərə premyer-liqası (4,1 milyard avro) ilə müqayisə etdikdə isə fərq (31 dəfə) qorxunc həddə çatır! Yəni uyğun olaraq, 160 milyon avro və 150 milyon avro dəyəri olan Kilian Mbappe ilə Erlinq Holann təkbaşına Türkiyə çempionatından daha dəyərlidi! Elə “ikinci eşelon” ölkələri və Rusiya çempionatı da dəyərinə görə hazırda Türkiyə çempionatını üstələyir. Türkiyə futbolu heç cür öz markasını yarada, klublarını və futbolçularını Avropada istənilən şəkildə tanıda bilmir. Baxmayaraq ki, son illərdə türkiyəli oyunçuların Avropaya axını hiss olunur. Dövlətin, hökumətin, bələdiyyələrin dəstəyi olmadan Türkiyə futbolunun yaşaması mümkünsüz görünür. Dövlət kanalı TRT-nin yayın gəlirləri, federasiyanın ad haqqı gəlirləri olmasa, bu gün bir çox Anadolu klubu müflis olar. Hətta bu boyda dəstəyə baxmayaraq, yenə də müflislik dərəcəsinə çatanlar var. Nəhənglərin də düzgün idarə olunmadığını sübut edən məqamlar az deyil. İyun 2021 – fevral 2022-ni əhatə edən 9 aylıq dönəmə nəzər salsaq, görərik ki, 4 nəhəngin illik gəlirlərinin ən azı 4 qatı qədər borcu var. Təkcə ''Fənərbaxça'', ''Qalatasaray'', ''Beşiktaş'' və ''Trabzonspor''un ümumi borcu 17 milyard lirə (təxminən 930 milyon avro) təşkil edir. Türkiyədə peşəkar şəkildə fəaliyyət göstərən 127 klubun ümumi borcu isə 30 milyon lirəyə bərabərdi.
Vəziyyət daha da qəlizləşir
Az öncə haqqında bəhs etdiyimiz 2013-cü ildən başlanan sürətli enişin zirvə nöqtəsi 2020/21 mövsümünə təsadüf etdi. Həmin vaxt İstanbul nəhəngləri 1981/82-dən etibarən ilk dəfə avrokuboklarda təsnifat mərhələsini keçə bilmədilər. Yəni avrokubokların qrupunda nəhənglərdən heç biri yer almadı. Bu ilə qədər Türkiyə çempionunun bəxti yalnız onda gətirirdi ki, çempion olan komanda ÇL-in qrupuna birbaşa vəsiqə qazanırdı. Əks təqdirdə 1995-dən bəri biz dəfələrlə Türkiyənin ÇL-in qrupunda təmsil olunmamasının şahidi olardıq. Özü də son 5 ildəki nəticələr əsas götürüldüyündən vəziyyət getdikcə daha da qəlizləşir. Türkiyənin öz çempionunu birbaşa ÇL-in qrupuna göndərməsi üçün qardaş ölkə əmsallar cədvəlində ''15-liy''ə düşməlidi. Amma hazırda Türkiyə bu cədvəldə 22-ci pillədədi! Gələn il Türkiyənin avrokuboklara artıq 5 yox, 4 klub göndərəcəyini və çempionun ÇL-də mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacağını nəzərə alsaq, necə deyərlər, Türkiyə futbolunun görəcəyi günlər hələ irəlidədi…
Klublar düzgün idarə olunmur
Konkret problemlərdən söhbət gedirsə, Türkiyə klublarının düzgün idarə olunmamasını, transfer siyasətinin düzgün qurulmamasıdını önə çəkmək lazımdı. Klublar üçün hələ də öz aralarındakı rəqabətdə üstün olmaq Avropada uğurlu çıxış etməkdən daha önəmlidi. Az qala hər uğursuzluqdan sonra 10 klub rəsmisindən 8-i ya federasiyanı, ya da hakimləri günahlandırır. Məqsəd isə fanatların diqqətini başqa yerə yönəldib gündəmi dəyişmək, uğursuzluğu ört-basdır etməkdi. Bu taktika daxili yarışlarda işə yarayır. Amma Avropaya çıxanda nə federasiyanı günahlandırmaq olur, nə də hakimi! Yalnış transferləri, populizm xətrinə boşuna xərclənən pulları və nəhayət, meydandakı futbolu müzakirə edən yoxdu. ''Altyapı'' problemini hər dəfə qabardıb, amma bu baxımdan heç bir tədbir görməyən klub rəhbərlərini də müzakirə edən yoxdu. Ümumiyətlə, Türkiyədə bütün bu yanlışlıqlara görə klub rəhbərlərindən hesabat tələb edən bir sistem də yoxdu. İşin ən üzücü tərəfi odu ki, Türkiyə klubları Avropa səhnəsində əsasən büdcə baxımından özündən geridə olan kollektivlərə yenilir. Bu da problemin idarəçilikdə, futbola yanaşma tərzində olduğunu göstərir. Bu gün Türkiyədə heç bir klubun uzunmüddətli planı yoxdu. Planı varsa da, bir il nəticə əldə etməyən kimi bu plan çökür. Məsələn, ''Qalatasaray'' ötən yay heyəti gəncləşdirmək adı ilə Morutsanla Çikıldauya milyonlar xərclədi. Amma bu planın başında duran Fatih Terim 4-5 aydan sonra qovuldu. Morutsanla Çikıldau isə bu yay komandadan göndərildi! Özü də Terimin “Qalatasaray”ı gözlənilmədən AL-də uğurlu çıxış etdi və öz qrupunu məğlubiyyətsiz lider kimi tamamladı. Buna rəğmən, “İmperator”a qapını göstərdilər. Çünki superliqada nəticələr bərbad idi. Elə bunun özü də göstərir ki, Türkiyədə klub rəhbərlərini Avropada uğur maraqlandırmır. Və ya ''Fənərbaxça''nın az qala hər yay onlarla yeni futbolçu alıb, onlarla futbolçu ilə vidalaşması hansı məntiqə sığır? Bir klub ancaq bu qədər plansız şəkildə hərəkət edə bilər. Bütün transferlər yalnız həmin il çempion olmağa yönəlib. Çempion ola bilmədinsə, onların hamısını qovmaq lazımdı. Avrokuboklara vəsiqə qazanılmadıqda ''yaxşı oldu, həftədə 3 dəfə oynamaqdan qurtulduq'' mentallığı ilə hərəkət edən klublardan Avropada hansı uğuru gözləmək olar? Əvvəlki illərdə heç olmasa, belə məntiq var idi ki, çempion olaq və ÇL-dən büdcəmizə böyük pullar gəlsin. Artıq bu da olmayacaq. 8 ildi çempionluq bir yana, heç titul da qazana bilməyən ''Fənərbaxça'' 1959-dan əvvəlki çempionluqların və formadakı ulduzların davasını edir! Amma komandanın 14 ildi ÇL-in qrupuna düşə bilməməsinin davasını edən yoxdu. Bu heç kimə maraqlı da deyil. Türkiyə klubları öz aralarındakı davanın və rəqabətin ondabirini Avropada etsəydilər, ölkə futbolu bu vəziyyətdə olmazdı...