"Neftçi” Misli premyer-liqasının 1-ci turunda "Sumqayıt"ın meydanından qalib ayrıldı - 3:1.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- “Neftçi”nin oyunu sizi nə dərəcədə qane etdi?
- Premyer-liqanın başlaması münasibətilə sizi təbrik edirəm. Səfərdə oynayırdıq. “Sumqayıt” ötən mövsüm heç də pis komanda deyildi, çox sayda dəyişikliklər olub. Çoxlu sayda futbolçular gedib, yeniləri gəlib. Biz onların bu yay necə oynadıqlarını bilmirdik. “Şamaxı” ilə yoxlama görüşlərindən xəbərdar idik. O oyunda 4 müdafiəçi ilə oynamışdılar, bu dəfə isə 5 müdafiəçi ilə meydana çıxdılar. Bunu da oyundan əvvəl bildik. Amma əsas olan bizim oyunçular bilməlidi ki, nədən ötrü oynayırıq. Oyunumuz alındı, daha çox qol vura bilərdik. Sadəcə fürsətlərdən stifadə etmək alınmadı. Bir qol da buraxdıq. Bu cür qol buraxmamalıydıq. Oyundan, futbolçulardan, nəticədən razıyam. Önəmlisi odu ki, mövsümə qələbə ilə başladıq.…
- Rəqib azlıqda qaldıqdan sonra daha fəal göründü. Bunu nə ilə əlaqələndirərdiz?
- “Sumqayıt”ın vurduğu bir qoldan başqa hansısa epizodunu xatırlayırsız? Varsa, mənə xatırladın. Amma biz fürsətləri dəyərləndirsəydik, hesab başqa cür olardı. “Sumqayıt” pis komanda deyil, hər zaman yuxarı yerləri tutmaq üçün oynayır. Premyer-liqada daha çox bərabərsəviyyəli komandalar var. “Turan Tovuz”un “Qəbələ”yə qarşı oyununa baxın. “Turan Tovuz”da oturuşmuş heyət var, “Qəbələ”də yeni heyət var, amma bəzi epizodlarda fərqlənə də bilərdilər.
- Qutsulyakın “Neftçi”yə keçəcəyi deyilir. Onunla danışmısız? Komandaya gəlmək ehtimalı nə qədərdi?
- Sizdən hardandı bu məlumat? Hətta bir neçə oyunçu var ki, onlarla maraqlanırıq. Heç bilmirəm onlar kimlərdi. Bunlar daha çox agentlərin işidi, qiyməti qaldırmaq üçün edirlər. Mənim məlumatım yoxdu, nəsə olsa, deyə bilərəm. Qutsulyaka gəldikdə, çox möhtəşəm futbolçudu. Ukrayna millisində də oynayıb, yaxşı vingerdi, yaxşı sürəti var. “Neftçi”də oynamaq istəsəydi, bundan imtina etməzdim.
- Moldova mətbuatının iddiasına görə, "Şerif" rəhbərliyi də sizinlə əlaqə saxlayıb və komandaya dəvət edib...
- Bunu ilk dəfə sizdən eşidirəm. Mənim "Neftçi" ilə müqavilə var. Hər şeydən razıyam. Tez komanda dəyişən biri deyiləm. Müqaviləmə uyğun işimi davam etdirirəm. Böyük pullar vəd edilsə də, getmərəm. Pulların arxasınca gedən adam deyiləm. Mənim üçün işim, müqaviləm önəmlidi. Qazancım da məni qane edir. Mənim ailəm var, gəlirim hamımıza kifayət etməlidi və indiki məqamda burdakı məvacib buna bəs edir. Qardaşım, bacım, nəvələrim var. Bu gün qazandığım pul məni qane edir. Böyük məbləğ vəd edilsə də getmərəm, pul arxasınca qaçan adam deyiləm.
- Kenan Piriç komandadan ayrılıb, yoxsa ayrılacaq?
- Heyətdədi, sadəcə zədəsi var. Komandanı gücləndirməliyik. Bu istiqamətdə işlər davam edir. Öz üslubumuza uyğun oyunçular axtarırıq. Futbolçuların bəzən böyük tələbləri olur, amma inanıram ki, istədiyimizi tapacağıq. Biz pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq. Bu gün heyətdə yerli oyunçular da var. Bu, milli komandanın formalaşmasında da rol oynayacaq. Hər oyunçu üzərində çox çalışır. Biz də istəyirik ki, onlar gözəl nəticələr ortaya çıxarsın.