“Turan Tovuz” - “Qəbələ” oyunu futbolla yaxından maraqlanmayanların da diqqətini çəkdi.
Yox-yox, söhbət oyunun parlaqlığından, qeyri-adi qollardan və ya ötürmələrdən getmir. Sadəcə, komandaların start heyətincə cəmi iki azərbaycanlının (biri qapıçı idi) olması böyük müzakirə doğurdu. Belə yanaşmanın yaxın gələcəkdə rəqabətdavamlı U-21 və əsas yığma formalaşdırmaq yolunda ciddi problem yaradacağını düşününlər çoxdu.
Bəs yerli futbolçuların sayının bu qədər azalması Azərbaycan futbolunun gələcəyinə necə təsir edə bilər? Bu gedişlə əsas və U-21 yiqmalari necə formalaşacaq, necə rəqabətədavamlı komanda olacaq? “Football-plus.az bu suallara mütəxəssis Aslan Kərimovdan cavab aldı:
“Legioner limiti götürüləndən sonra dedik ki, baxaq görək bu, bizim üçün nə gətirəcək. Birmənalı şəkildə klublarımızın inkişafına səbəb oldu. Daha sonra müzakirə olundu ki, yerli azərbaycanlılar rəqabətədavamlı olmalıdılar ki, milli komandada daha güclü oynasınlar. Bunun üçün də müəyyən zaman lazımdı. İndi bir söz demək mənasızdı, bunu bir müddət gözləmək lazımdı. Düşünmürəm ki, əsas heyətdə yer almağı haqq edən yerli futbolçunun əvəzinə ondan zəif legioner gətirilib və həmin legioner oynadılır. Məsələ belə deyil. Bunu birmənalı başa düşmək lazımdı. Bunun ümumilikdə milli komandaya nə verəcəyini görmək üçün isə zamana ehtiyac var. Ona görə də hələlik gözləyək”.
İSRAYIL XEYRULLAYEV