"Sabah" Misli premyer-liqasının 1-ci turunda "Kəpəz"i məğlub etdi - 2:0.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında iştirak edib.
- 3 xal qazandığımız üçün futbolçularıma təşəkkür edirəm. Futbolçuların fərdi çıxışları üzərində çox dayanmaq istəmirəm. Mənim üçün əsas olan qələbədi, hətta oyun ideal olmasa belə. Bir neçə gün əvvəl ağır və emosional baxımdan gərgin matç keçirdik. Bu üzdən, heyətdə ciddi dəyişikliklər olmuşdu. Buna görə də meydana çıxan futbolçuları sərt şəkildə qınamaq ədalətsizlik olar. İlk hissədə istədiyimiz futbolu nümayiş etdirə bilmədik və tələsik qərarlar qəbul etdik. Fasilədən sonra müəyyən düzəlişlər etdik və vəziyyəti dəyişdik. Rəqibə qol epizodları yaratmağa imkan vermədik, müdafiəçilərimiz inamlı çıxış etdilər. Xoşbəxtlikdən, qələbə qazandıq. İndi növbəti oyuna hazırlaşmalıyıq. Bizi “Hapoel"ə qarşı çox çətin matç gözləyir.
- Avrokubokların liqa mərhələsində, həmçinin çempionat və ölkə kubokunda mübarizə aparacaqsız. Sizcə, heyət kifayət qədər genişdi?
- Başa düşürəm ki, eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq. Lakin biz 50 futbolçu sifariş edib üç fərqli heyətlə oynaya bilmərik. İlk dəfə üç cəbhədə mübarizə aparacağıq. Elə həftələr olacaq ki, üç oyun keçirməli olacağıq. Vəziyyəti anlayırıq və bunun həllini tapacağıq. Bu gün iştirak ərizəsində 23 futbolçu var idi və onların bəzilərinə istirahət verdik. Həqiqətən, keyfiyyətli futbolçu seçimimiz var. Bu gün qapını 20 yaşlı azərbaycanlı qapıçıya etibar etdik. Mövcud heyəti inkişaf etdirmək lazımdı. Bununla belə, bizə uyğun futbolçu ortaya çıxsa, onu komandaya dəvət etməyə hazırıq. Çempionlar Liqasının pley-offu mərhələsinə məhz bu heyətlə vəsiqə qazanmışıq. Nəticələrimiz komandanın yüksək səviyyədə olduğunu təsdiqləyir.