"Araz-Naxçıvan" Misli premyer-liqasının 1-ci turunda "İmişli" ilə heç-heçə edib - 0:0.
"Football-plus.az" xəbər verir ki, naxçıvanlıların baş məşqçisi Cavid Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Yeni mövsümün başlaması münasibəti ilə futbol ictimaiyyətini təbrik edirəm. Bilirdik ki, çətin oyun olacaq. Bir az gecikməmiz oldu, 5 həftə məşq edə bildik. Ümumilikdə futbolçuların göstərdiyi mübarizədən razıyıq. Başa düşürük ki, potensialımız daha çoxdu. Məşqlərdə daha yaxşı hazırlaşıb qarşıdakı oyunlarda qələbələr qazanmaq istəyirik.
- Qarşıda ard-arda "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar gəlir. Komanda bu matçlara hazırdı?
- Bəli, bizi qarşıda ağır oyunlar gözləyir. Bu çempionat daha maraqlı olacaq. Bütün rəqiblərə qarşı eyni qaydada hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq.
- "Səbail"də rəhbərliklə problem yaşamışdız. "Araz-Naxçıvan"da rəhbərliyin dəstəyini hiss edirsiz?
- Fürsətdən istifadə edib rəhbərliyə təşəkkür etmək istəyirəm. Mənə çox dəstək olurlar. İstədiyimiz futbolçuları komandaya cəlb ediblər.
- Mamadu Kane oynamağa hazırdı?
- Komandaya ən son qoşulanlardan biri Kanedi. Ona görə çox da rist etmək istəmirik. Optimal formaya gəlməsi üçün hələ vaxt lazımdı. Fiziki durumunu düzəldəndən sonra onu meydanda görəcəyik.