Dünən Misli premyer-liqasında yeni mövsümün ilk matçı keçirildi. Bu gün daha iki oyun keçiriləcək ki, bunlardan biriylə bağlı maraqlı məqam var. Söhbət Qəbələdəki "Araz-Naxçıvan" - "İmişli" matçından gedir. İş ondadı ki, "qırmızı-ağlar" ev oyunlarını hələ Mərdəkanda - "Liv Bona Arena"da keçirərkən azarkeş dəstəyi ilə bağlı ciddi problemlə üzləşirdi. Nümunə üçün komandanın elitada olduğu iki mövsüm ərzində tamaşaçı sayına görə sonuncu sırada olduğunu qeyd edə bilərik.
Bəs, tərəfdarların Qəbələdə keçiriləcək oyunlara cəlb olunması yönündə xüsusi layihələr varmı? Bugünkü oyunda "Araz-Naxçıvan" azarkeşləri olacaqmı?
"Football-plus.az" bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdi. Onun cavabı:
"Bəli, təəssüf ki, azarkeşlərlə bağlı problem yaralı yerimizdi. Hələ ilk tur olduğuna görə xüsusi layihəmiz yoxdu. Özümüz də Qəbələyə uyğunlaşmalıyıq. Bununla belə, "Sektor 85" fanklubumuzdan bildirilib ki, Qəbələyə gələcəklər. Gəlsələr, onlar üçün lazımi şərait yaradılacaq, yardım ediləcək. Həmçinin, biz Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq. Kim istəsə, gəlib oyunlarımızı izləyə bilər. Yeri gəlmişkən, bu gün Qəbələdə yaxşı, sərin hava var. Əsl futbol havasıdı".
Xatırladaq ki, "Araz-Naxçıvan" - "İmişli" oyunu saat 18.30-da başlayacaq.
KƏNAN BAHADIR