Kiyev "Dinamo"sunu mübarizədən kənarlaşdıran "Qarabağ" Konfrans Liqasının pley-offunda çıxış edəcək.
Bəllidi ki, komanda bura qədər ciddi çətinliklərlə üzləşdi. Daha dəqiqi, ÇSKA ilə bacarmadığından Avropa Liqasından məhrum oldu, Ukrayna təmsilçisinə ilk matçda uduzdu.
Bəs, son matçda qeydə alınan 2:0 hesablı qələbə çətinliklərin geridə qaldığını deməyə əsas verirmi? Artıq "Qarabağ"ın əvvəlki gücünü bərpa etməkdə olduğunu, yeni futbolçuların komandaya böyük ölçüdə uyğunlaşdığını düşünə bilərikmi?
Bu suallarla təcrübəli mütəxəssis Arif Əsədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Bəli, "Qarabağ" mövsümlərarası fasilədə xeyli aparıcı futbolçu ilə yollarını ayırdı. Bu da başadüşüləndi. Çünki kollektiv Çempionlar Liqasında çıxış edirsə, futbolçularına maraq artır. Nəticədə həm oyunçular daha yaxşı maliyyə şərtləri ilə təkliflər alır, həm də klub onların satışından pul qazanır. Artıq həmin futbolçuların əvəzinə yeni oyunçular transfer edilib. Hər biri ayrı-ayrılıqda keyfiyyətlidi. Sadəcə, oyun fəlsəfəsinə, sistemə uyğunlaşmaq üçün zamana ehtiyac var. Təbii ki, bu məqamlar "Qarabağ"ın oyununa təsirsiz ötüşmür. Bunu həm ÇSKA, həm də "Dinamo" ilə matçlarda hiss etdik. Baş məşqçi Qurban Qurbanov hazırda məcburiyyətdən, daha doğrusu, Zakaria Savonun zədələnməsi üzündən Aleksey Kaşuku hücumda oynadır. Abdulla Zubiri də orta sahədə görürük. Ümumiyyətlə, Qurban bəy rotasiyalar edir, ən yaxşı variantı tapmağa çalışır. Bu baxımdan son matç komandaya çox faydalı olacaq. Futbolçuların özünəinamı artacaq. "Qarabağ" həmin matçda xarakter göstərdi. Bunu "Tvente" ilə oyunlarda da bacarmaq lazımdı. Düşünürəm ki, kollektiv liqa mərhələsinə vəsiqə qazansa, oyunçuların təcrübəsi artacaq. Beynəlxalq səviyyədə oyunlar oynadıqca güclənəcəklər, arzuolunan səviyyəyə daha qısa müddətdə çatacaqlar. Allah eləməmiş, kənarda qalsalar, çempionatımızda həmin səviyyə olmadığı üçün bu proses çox yubanacaq. "Qarabağ" çox çalışmalıdı ki, növbəti matçlarda istədiyimiz komandanı görə bilək".
KƏNAN BAHADIR