"Sumqayıt" Misli premyer-liqasının 1-ci turunda "Neftçi"yə uduzdu - 1:3.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido oyunsonrası mətbuat konfransında iştirak etdi.
- Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim oyunçular da pis çıxış etmədi. İlk qola qədər rəqibə imkan vermədik. Standart vəziyyətdən sonra fərqləndilər və bu qol bizdə inamsızlıq yaratdı. Rəqib isə daha güvənli oynamağa başladı. Qola reaksiya verməyə çalışsaq da, alınmadı. Fasiləyə qədər fərqi azaltmaq istədik. İkinci hissəyə dəyişikliklə başladıq. Küləkli hava da bir az çətinlik yaratdı. Geridönüş etmək istəsək də, rəqib bizi əks-hücumda yaxaladı və daha bir qol vurdu. Sonra azlıqda qaldıq. Futbolçumuz öz səhvindən qırmızı vərəqə aldı. 11 nəfərlə qalsaydıq, bəlkə daha yaxşı oynayar, geridönüş edə bilərdik. Düzü, nələrisə bəhanə etmək üçün bura gəlməmişəm. Mənim üçün futbolçunun fərqi yoxdu. Əlimdəki materialın ən yaxşısından istifadə etməyə çalışıram. Transferlər olacaq, heyət komplektləşəcək. "Neftçi" ilk rəsmi matçına çıxanda biz toplanışa başlayırdıq. Yeni oyunçular bizimlə cəmi 2-3 məşq keçiblər. Kaş, Səbuhi belə etməzdi. Amma futbolda bu cür hallar olur. O, bizim kapitanlarımızdandı.