Hələ 2017-ci ildə Roma Ali Məhkəməsi “Real”ın, “Mançester Siti”nin və Braziliya yığmasının sabiq ulduzunu zorlamaya görə 9 il həbs cəzasına məhkum edib.
2022-nin əvvəlində 38 yaşlı futbolçu apellyasiyanı da uduzdu – qərar qüvvəsində qaldı. Bu isə o deməkdi ki, zarafatlar bitdi. Artıq həbs qərarı yerinə yetirilməlidi, İtaliya həbsxanası çoxdan Robinyonun yolunu gözləyir. Ancaq futbolçu “dəmir barmaqlıqlar” arasına keçməyə tələsmir. Vətənində gizlənir və cinayətkarları təhvil verməyən Braziliya qanunvericiliyindən yararlanır. Ancaq Robinyonun bu durumla bağlı narahatlıq keçirmədiyini düşünürsüzsə, yanılırsız – milyonçu qızıl qəfəsdə yaşayır və üzə çıxmaqdan qorxur.
Robinyo istintaqı aldadır və qurbanının yaddaşsızlığına bel bağlayırdı
İlk dəfə 2009-da futbolçunun adı zorlama ittihamı ilə bağlı işdə çəkildi. Onda Lidsdəki gecə klubunda bir qadına hücumda suçlanan braziliyalı hətta həbs olundu. Ulduz girov müqabilində azadlığıa çıxdı, DNT testi isə onun günahsızlığını sübuta yetirdi.
Bulanıq tarixçə 2013-də - bu dəfə artıq Milanda təkrarlandı. Robinyo və 5 dostu gecə klubunda 22 yaşlı albanla əyləndi. Braziliyalı cəzasız qalacağına o qədər əmin idi ki, məhkəmənin ilk iclasını iqnor etdi və sosial şəbəkədə belə yazdı: “Heç vaxt belə işdə iştirak etməmişəm. Gözəl ailəm olduğuna görə Allaha minnətdaram. Gözəl xanımım və uşaqlarım var. Onlar mənə inanırlar”.
Bu ilk yalan idi. Robinyo tezliklə etiraf etdi ki, qurbanı ilə oral cinsi əlaqə təcrübəsi olub. Bir qədər sonra futbolçu yenə ifadəsini dəyişdi. Dedi ki, hər halda, seks olub, ancaq qarşılıqlı razılıq əsasında. Bir qədər sonra onu da əlavə etdi ki, zorlama haqda heç nə bilmir – guya qarşılıqlı razılıqla seksdən sonra evə yollanıb və alban qız dostları ilə qalıb. Ancaq italiyalı müstəntiqlər Robinyonun telefon danışıqlarını izləyib və onun maşınına dinləmə cihazı qoyub. Belədə hər şey üzə çıxıb. Məsələn, futbolçu dostu ilə söhbətdə bu ifadəni işlədib: “Bu zorlama söhbətinə gülürəm, onsuz da vecimə deyil. O qadın təmzi sərxoş idi, nə baş verdiyindən xəbəri yoxdu”.
Daha bir utandırıcı dialoq onunla Hayro Şaqas arasında olub. Futbolçunun məhz adı çəkilən musiqiçinin qrim otağında zorlamanı həyata keçirdiyi güman olunur.
Robinyo: “Polisin əlində heç nə yoxdu. Deyəcəm ki, sənlə olmuşam, sonra da evə getmişəm”.
Şaqas: “Axı bu qadınla sənin aranda seks olub”.
Robinyo: “Yox, ancaq mən cəhd etdim. Dostlarımla birgə”.
Şaqas: “Mən gördüm ki, sən ... necə onun ağzına soxursan”.
Robinyo: “Bu sekslə məşğul olmaq deyil ki...”
Pelenin davamçısı özündə günah görmür. O, yalnız ictimaiyyət önündə xanımına xəyanətə görə üzr istəyib: “Həyat yoldaşıma xəyanət etdiyimə görə təəssüflənirəm. Ancaq məsələ ondadı ki, mən məhz hansı səhvi etmişəm? Hansı cinayəti törətmişəm?”
Robinyonu həbsdən Braziliya hakimiyyət orqanları xilas edir
Futbolçu əvvəlcə taleyinə görə narahatlıq keçirməsə də, üfüqdə həbs cəzasının göründüyünü anladıqca Avropanı tərk etdi. Braziliyaya dönənə qədər Türkiyənin “Sivasspor” və “İstanbul BB” klublarının şərəfini qorudu. İstanbul komandasında oynayarkən bilərəkdən “Roma” ilə Avropa Liqasındakı səfər oyununa yollanmadı.
2020-nin sonunda ulduz vətənə dönməyə üstünlük verdi. Romanın məhkəmə orqanları onun ekstradisiyasına nail olmağa çalışır, ancaq Braziliya İtaliyada ittiham olunanları təhvil vermir. İtaliyalılar isə sakitləşmir və tələb edirlər ki, futbolçu, heç olmasa, vətənində mühakimə olunsun. İtaliya Ədliyyə Nazirliyinin beynəlxalq münasibətlər və məhkəmə əməkdaşlığı üzrə baş direktoru Stefano Opilio da bunda israrlıdı. Onun “Globoesporte”a dediyinə görə, Robinyonun məhkəmə önündə dayanacağına hələ də ümidi var. Hüquq müdafiəçiləri braziliyalının cəza cəkməsi üçün hər şey edirlər. Braziliyanın qadın, ailə və insan hüquqları məsələləri üzrə sabiq naziri Damares Alves səsini ilk çıxaranlardandı: “O, həbsxanada oturmalıdı.
Təcavüzkarlar azadlıqla qala bilməz. Biz apellyasiya ərizəsi vermişik. Təcavüzkarları alqışlamaq olmaz ki”.
Jurnalist Ana Arauxo da etiraz səsini ucaldanlardandı. O, qələmə aldığı “Qəddar davranış: Braziliyada zorlama mədəniyyəti” adlı kitabında qeyd edir ki, vətənində zorlamaların 90 faizini heç qeydiyyata almırlar, zərərçəkənlərin 60 faizi isə yaşı 14-dən aşağı olan qızlardı. Arauxonun sərt ittihamına məruz qalanlardan biri də Braziliyanın məşhur klubudu: “Bu işdə məni ən çox məyus edən məqamlardan biri də Braziliyanın nəhəng klubu “Santos”un utanc hissini tam itirməsidi. Onlar zorlamaya görə məhkum olunan adamla müqavilə bağlamaqla bunu nümayiş etdirdilər. Robinyoya təkcə ittiham irəli sürülməyib. O, məhkum olunub və belə birisi ilə müqavilə bağlamağı təntənə ilə qeyd edirlər. Zəhərli zorlama mədəniyyətinə qarçı çıxış etmək zəruridi. Robinyo özünü cinayətkar saymır – və bu Braziliyada geniş yayılmış düşüncədi”.
Robinyo isə müdafiə olunur və iddia edir ki, bu iş planlaşdırılan aksiyadı: “Təəssüf ki, bütün bunlar feminist hərəkatıdı. Orda çoxlu qadın var ki, onlar heç qadın da deyillər”.
2020-də məhz Robinyonun transferinə görə “Santos”un sponsorlarından “Orthopride” stomatoloji şirkəti klubla əməkdaşlıq müqaviləsini pozdu. Həmin vaxt şirkətin rəhbəri Riçard Maqrat belə açıqlama vermişdi: “Müştərilərimizin bir hissəsi qadınlardı. Məhsullarımızı alan həmin qadınlara hörmət etdiyimizə görə bu qərarı verməliydik. Bizə Robinyonun müqavilə bağlayacağı ilə bağlı bilgi verməmişdilər. Ehtiyatsızlıq üzündən pis vəziyyətdə yaxalandıq”.
Ədalət naminə demək lazımdı ki, Robinyonun apellyasiya ərizəsi rədd olunana qədər artıq “Santos” da ondan şübhələnməyə başlamışdı: klubda qərar verdilər ki, risk etməyə dəyməz və potensial cinayətkarla müqaviləni pozdular.
Robinyo nadir hallarda küçəyə çıxır və üzünü gizlədir
“Real”ın sabiq ulduzu 2022-nin, yəni müqavilə müddətinin sonuna qədər oynamağı planlaşdırırdı. Ancaq “Santos” onunla hələ 2020-də, özü də bir dəqiqə də oynamağa imkan vermədən vidalaşdı. Robinyo yaşıl meydanda sonuncu dəfə 2020-nin iyulunda Türkiyədə görünüb – “Kayserispor”a qarşı 3 dəqiqə oynamaqla.
“Santos”la əməkdaşlığı dayandırandan sonra ondan heç bir xəbər-ətər yox idi. Hamı anlayırdı ki, forvard bir daha top səviyyədə oynaya bilməz, ancaq karyerasını bitirməklə bağlı açıqlama da gəlmirdi. İyulun əvvəlində UOL-un əməkdaşı onun telefon nömrəsini tapıb və darhal hay-küy eşidib. “Mən daha futbol oynamıram! Həyatımı sosial şəbəkələrdə yaymıram, siz isə mənim haqqımda danışmağa davam edirsiz. Müsahibə götürməyi arzulayanlar çoxdu. Sadəcə, onu istəyirəm ki, məni rahat buraxasız! Məgər haqqında danışmaq istədiyiniz daha vacib adamlar yoxdu?” deyən futbolçu dəstəyi tullayıb.
Robinyonun nömrəsini tapmaq artıq böyük qəhrəmanlıqdı, ona görə ki, braziliyalı ilin əvvəlindən inadla izlərini silir, o cümlədən müntəzəm nömrəsini də dəyişir. Onun qorxusu əsaslıdı: İtaliya hakimiyyət orqanları geri çəkilmirlər və ekstradisiya əvəzinə, sadəcə, braziliyalı həmkarlarından futbolçunun yerini müəyyənləşdirməyi xahiş edirlər. Braziliyanın hüquq-mühafizə orqanları belə sorğu aldıqlarına dair xəbərləri nə təsdiq ediblər, nə də təkzib.
2022-nin yanvarında Robinyo İnterpolun siyahısına salındı. Bu isə o deməkdi ki, futbolçu başqa ölkəyə giriş etmək istəyərkən saxlanılacaq. Belə ölkələrin sayı 195-di. Bu ölkələrdən 70-i, o cümlədən Avropa İttifaqı ölkələri, Argentina və ABŞ təcavüzkarı İtaliyaya ekstradisiya edə bilər. Braziliyadan kənara istənilən çıxış futbolçu üçün böyük riskdi, bu üzdən o, vətənində özünü bağlı qapılar arxasında saxlayır.
O da var ki, Braziliyada hamı futbolçunun harda gizləndiyini anlayır. Onun iki böyük evi var. Birincisi “Jardim Acapulco”dadı. Bu kondominiumdu, elit evlər kooperativdə birləşib. Sadə desək, futbolçu da firavan qonşuları kimi gözəl apartamentlər düzəltdirib. Hamısı birlikdə San-Pauluda zənginlər üçün olan qapalı şəhərcikdə yaşayırlar. Məsələn, Pelenin, Neymarın, bəzi başqa ulduz braziliyalıların da apartamentləri burdadı. Və adı çəkilən məkana yetişmək çox çətindi.
İkinci mülkiyyəti isə Santosdadı – çimərliyə görünüşü olan böyük apartamentlərdi. Robinyo futvolley (çimərlik voleybolu ilə futbolun sintezidi) vurğunudu və bu üzdən oynamaq üçün çimərliyin bir hissəsini alıb. Onun yerinin yanında böyüyən ağacın üzərində “Robinyo” lövhəsi asılıb. Qonşu meydanlarda hər gün adamlar oynayır. Ancaq “Real”ın sabiq oyunçusu buralarda gözə dəymir – hərçənd 2022-yə qədər daim dostlarıyla burda görünürdü.
Çimərliyə daim baş çəkənlərdən biri UOL əməkdaşına belə deyib: “O, yaxınlarda burdaydı. Təsəvvür edirsizmi, maskalanmış halda gəlmişdi – şlyapa, günəş eynəyi və başqa şeylər... Əvvəlcə heç kim Robinyonu tanımadı. Sonra dostları gəldi və bir qədər oynadılar. Onda maskasını çıxarmalı oldu”. Həmin müsahibin dediyinə görə, Robinyo əvvəllər heç vaxt şlyapa və eynək taxmayıb – həmişə fanatlar, selfi çəkdirənlər üçün açıq olub.
Elə “Jardim Acapulco” ərazisində də Robinyo məxfi hərəkət edir. Kondominiumdan kənara çıxmağa ehtiyac yoxdu – içəridə, demək olar ki, hər şey var. Robinyo əvvəllər günə evindən kənardakı sevimli qəhvəxanada başlayardı – həmişə kapuçino və koksinyo (toyuqdan hazırlanan kroket) sifariş edirdi. Qəhvəxananın ofisiantı deyir ki, futbolçu hətta pandemiya dövründə şəkil çəkdirmək istəyən adamların xahişini heç vaxt geri çevirməyib. Ancaq 2022 başlayanı yoxa çıxıb. Deyilənə görə, “Jardim Acapulco”dan kənara çıxmır, hətta orda da ehtiyatla gəzib-dolaşır.
Robinyonun əvvəllər göründüyü başqa ictimai yerlərdə də həmkarlarımıza eyni sözü deyiblər – futbolçu 2022-də bütün belə yerlərdən ayağını çəkib. Əvəzində onun evi ətrafında həmişə çoxlu maşın olur. Ünsiyyətcil qonşuların dediyinə görə, bu ilə qədər Robinyonun heç vaxt bu qədər çox qonağı olmayıb. Kimsə deyir ki, hətta Robinyonun şüşələri tündləşdirilən maşınını da kondominium ərazisində görüb, ancaq sükan arxasında başqası imiş.
Məhkum olunan ulduz tez-tez telefon nömrələrini dəyişir, bütün layihələrini dondurub, sabiq biznes tərəfdaşlarına da cavab vermir. Robinyo yalnız dostlarından ibarət bir çevrə yaradıb və sosial şəbəkələrdə də görünmür. Əvvəllər onu sosial şəbəkələrdə asanlıqla tapardın, hətta fanatları dəfələrlə Robinyonun işarə etdiyi kafelərə və çimərliklərə baş çəkərək, ünsiyyət saxlayıblar, selfi çəkdiriblər.
Ancaq sui-qəsd nəzəriyyələri qurmağa dəyməz – braziliyalı heç yana qeyb olmayıb, sadəcə, ətrafdakılardan maksimal dərəcədə təcrid olunur. Tez-tez başqalarının - “Santos”dakı sabiq komanda yoldaşlarının və ya onu tapan adamların “storis”inə düşür. Məsələn, yaxınlarda fanatlardan birinin xahişi ilə başqa azarkeşlər üçün “çellenc”ə qoşulub. Robinyonun fotosu bərbərinin sosial şəbəkə səhifəsində də görünür. Deməli, ulduz sevimli bərbərxanasını ziyarətdən imtina etmək fikrində deyil.
Robinyonun ətrafı özünü elə aparır ki, sanki heç nə baş verməyib
Yaxınlarda onu Santosdakı “təvazökar” evinin yaxınlığında görüblər, oğlu ilə birgə qaçırmış. İndi Robinyo Robson da Silva Cuniorun karyerası ilə fəal şəkildə məşğil olur – oğlunu “Santos”a yazdırıb və stadion ərazisində tez-tez görünür.
Müqavilənin pozulmasına baxmayaraq, klubla futbolçu arasında isti münasibətlər qalır. “Santos” onun oğlunu U-15 komandasına götürməklə yanaşı, sabiq ulduzuna xüsusi otaq da ayırıb. Həmin otaq şəkillər və Robinyonun karyerasının ən parlaq anları ilə bəzədilib. Forvard məhz bu otaqdan müsahibə verib, Çempionlar Liqasının “Real”la “Liverpul” arasındakı finalından əvvəl Rodriqo haqda danışıb.
Robinyonun xanımı da xəyanətə və zorlama tarixçəsinə göz yumub. Cütlük hələ də bir yerdədi. Vivian uşaq bayramlarının təşkili ilə məşğuldu. Müştərilər arasında “Santos”un ulduz oyunçuları çoxluq təşkil edir. Onlar da təcavüzkara mütləq loyallıq göstərir, hətta birlikdə kilsəyə də gedirlər. Dostu Adiel Amorimin sözlərindən hər şey aydın olur: “İndi Robinyonun həyatı çox darıxdırıcıdı. Ancaq o güclüdü. Allah ona güc verib. Onu tanıyan hər kəs heç bu mövzuya toxunmur da”.
Robinyonun təlaşı anlaşılandı: İtaliya ekstradisiyada israrlıdı, Braziliya rəsmi şəkildə futbolçunun statusu haqda heç nə bildirməyib və istənilən an mövqeyini dəyişə bilər. Xüsusən də məsələnin unudulmasına imkan verməyən hüquq müdafiəçilərinin təzyiqi altında. Robinyo təhlükəsiz şəraitdə ölkəni tərk edə bilməz. Jurnalistlər və İtaliya hakimiyyət orqanları onu gizlənməyə məcbur edir. Braziliya yığmasının sabiq ulduzunun bank hesabında hələ də milyonlar var. Ancaq o əvvəlki kimi şad-xürrəm yaşaya bilmir. Hakimiyyət orqanlarının istənilən vaxt loyallıqdan əl çəkməsi mümkündü. Belədə forvard 9 illiyə bər-bəzəkli kondominiumdan həbsxanaya köçməli olacaq.