“Qələbə hər şey deyil. Qələbədən sonra heç bir şöhrətpərəstlik olmamalıdı. Necə ki məğlubiyyət ümidsizliyə qapılmağa imkan vermədiyi kimi”.
Mett Basbi
Milan Obradoviç ölkəmizin U-21 yığmasına rəhbərliyi dönəmində uğurlar qazandı. Amma həmin uğurlar gənclər yığmamıza yox, serbiyalıya xeyir gətirdi. Bu gün 44 yaşlı Obradoviç futbol camiəsinin məşqçilər toplumunda qürrələnə bilər. Çünki bu vaxta kimi heç bir yığmanın, klubun “sükanı arxasında”
olmayan serbiyalı 3 il 6 ay U-21-ə rəhbərlik etməklə CV-də boş qalmış “baş məşqçi” bölümünü doldurdu. Həmçinin ortaya faydala iş əmsalı qoymadan qazandığı yüzminlərlə də şəxsi büdcəsini yaxşılaşdırdı. Onun "Azərbaycanın U-21 millisiylə 5:0 hesablı qələbə qazanmaqla ölkə futbolunda tarix yazdım" ifadəsi də özündənrazılığın, futbolumuza yuxarıdan aşağı baxmağın göstəricisidi. Futboldan zərrə qədər də anlayışı olmayan insanlar AFFA-da yüksək vəzifə tutaraq ölkə futbolunu iflasa uğradanda, məşqçi təcrübəsi olmayan şəxsləri həm əsas, həm də U-21 millisinin baş məşqçisi təyin edəndə Obradoviçin meydan sulaması da təbii hal kimi qarşılanmalıdı.
Bəli, Obradoviçin rəhbərliyi altında U-21 böyükhesablı qələbə ilə Azərbaycanda rekord qırdı. Dünyada ən zəiflərdən olan Estoniyanı darmadağın etməklə gənclər millimiz Avropa çempionatının seçmə mərhələsində 6 komandanın yer aldığı A qrupunu 10 oyuna 2 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət ilə (topların fərqi – 12:24) 5-ci yerdə tamamladı. Bu nəticəni istənilən yerli məşqçi də göstərə bilərdi və göstəriblər də. Belə olan halda əcnəbi mütəxəssisin üstünlüyü nədi?
Yunis Hüseynovla Tərlan Əhmədov demişkən, qrupda 1 xal da toplamayan, heç 1 qol belə vura bilməyərək, “aşsüzən”ə çevrilən, məhəllə futbolu səviyyəsindəki Estoniya millisinə qalib gəlmək böyük uğurdusa, o zaman yerli məşqçilərin rəhbərliyi altında istər əsas, istərsə də gənclər yığmamız özündən qat-qat güclü komandalarla oyunda qollar da vurub, qələbələr də qazanıb. Deməli, ən böyük uğuru yerli məşqçilər qazanıb. Obradoviçin estonlar üzərində 5:0 hesablı qələbəni özünün Stalinqrad zəfəri kimi təqdim etməsi əsas yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda San Marinonu 5:1 məğlub etdiyi görüşdə “cırtdan”ın qapımıza vurduğu qolu xatırladır. Məhz həmin oyunun 74-cü dəqiqəsində Mirko Palazzinin Səlahət Ağayevi məyus etməsindən sonra qonaqların sevinci yerə-göyə sığmırdı. Valeri Lobanovskinin məşhur bir ifadəsi var: "Oyun unudulur, nəticə isə qalır". Görünür, Obradoviç SSRİ və Ukrayna futbolunun əfsanəsinin aforizmindən yalnız estonlar üzərində qələbələrini qabardır. Əslində isə serbiyalının 3 il 6 ay ərzində gənclər yığmasındakı nəticəsi belədi: 24 oyun, 5 qələbə, 2 heç-heçə, 17 məğlubiyyət. Ən əsası, millinin oyun planında da ciddi inkişaf gözə dəymir.
AFFA əcnəbiləri ölkə futboluna doldurub, onlara yüzminlərlə pul töküb nəticə görmürsə, futbol ölkəsi olmayanların əsas millisi bir kənara, gəncləri də inkişaf edir. U-21-in aşkar uğursuzluğu ilə başa çatan Avropa çempionatının seçmə mərhələsində güclü rəqiblərlə eyni qrupda yer alan Belarus 12, Cənubi Kipr 11, Farer adaları 9, Latviya 7, Litva və Malta milliləri 6 xal toplayıb. Qeyd etdiyim ölkələrin yığmalarının hər birinin “sükanı arxasında” yerli məşqçi dayanır. İş o yerə çatıb ki, futbola həvəskar, məhəllə səviyyəsində baxılan San Marino ilə Cəbəllütariq kimi “cırtdan” ölkələrin gənclər yığması da son seçmə mərhələdə xal qazandı. Bu gedişlə onlar belə həm əsas, həm də aşağı yaş qrupları üzrə millilərimizi geridə qoyacaq.
3 il 6 ay ərzində Obradoviçə xərclənən yüzminlər uşaq futboluna, perspektivli gənclərin Avropa klublarına keçidinə, 1-ci divizionda çıxış edən "Zaqatala" ilə "Qaradağ Lökbatan"a sərf olunsaydı, bunun U-21 millimizə daha çox faydası dəyərdi. Ən azı o yatırımlar sayəsində gənclər millimizin sıralarını dolduran futbolçular yetişəcəkdi.
İngiltərənin siyasi xadimi Herbert Uels Semuel deyir:
"Özünün heç bir düşüncən yoxdusa, başqalarının yanaşmasına dözümlü yanaşmaq asandı".
AFFA isə əksinə, ölkədə futbolun və milli komandaların inkişafına təkan verə biləcək ideyaya, strategiyaya sahib olan yerli mütəxəssislərə dözümsüz yanaşıb, onları kənarda saxlayır. Əvəzində heç bir təcrübəsi, uğuru olmayan, avantürist əcnəbiləri vəzifəyə təyin edib onların səriştəsizliyinə, futbolumuzu aşağılamasına tolerant münasibət göstərməklə yadda qalır.
ABDULLA İSMAYILOĞLU