“Ürəyimizdən nişan al, Kələntər dayı, ağrıdır axı...” (“Yeddi oğul istərəm” filmindən)
10-12 ilin söhbətidi. Almaniyalı mütəxəssis Berti Foqts milli komandamızı çalışdırırdı. AFFA rəhbərliyi onu ölkəmizə əlinin üstündə gətirmiş, hər istəyini yerinə yetirmişdi. Sadəlövh azarkeşlər də inanmağa başlamışdılar ki, futbolumuzun nicat yolu alman qocanın əlindədi. Foqts da bu itaətkarlığımızı, onun qarşısında əyilməyimizi görüb ayağını yerə bərk basmağa, göylə getməyə başlamışdı. Bizə yuxarıdan aşağı baxan herr Berti ölkəsinin mətbuatına müsahibəsində əminliklə bildirmişdi ki, azərbaycanlılar onun gəlişinə qədər futboldan bixəbər olublar, heç meydana çıxanda necə ayaqqabı geymək lazım olduğunu da bilməyiblər. Müsahibəsinin sonunda könlümüzü almağa çalışmış, bizim daha çox fərdi idman növlərinə, əsasən də güləş və şahmata həvəs göstərdiyimizi də demişdi.
Onun açdığı cığırla indi serbiyalı Miloş Velebit inamla yürüməkdədi. Bəlkə də aranızda onun kim olduğunu bilməyənlər var. Deyim, siz də bilin. Velebit 19 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisidi. Özü də 4 ildi AFFA-dan maaş alır. Sosial şəbəkələrdə də xeyli fəaldı. Bu yaxınlarda “Formula-1” pilotlarını canlı izləyərkən çəkdirdiyi şəkillər sosial şəbəkələri bəzəyirdi. İndi vətəni Serbiyada jurnalistlərə açıqlama verib. Eynilə Foqts kimi danışıb.
Sitat: “Azərbaycan futbola o qədər də maraq göstərən ölkə deyil. Fərdi idman növləri ön plandadı ki, bu sahədə həqiqətən də qibtəolunası nəticələri var. Xüsusən də böyük ənənələri olan boks və güləş kimi döyüş növlərində. İnsanlar futbolu sevir, lakin Serbiyadakı və ya Yunanıstandakı qədər maraqlanmırlar”. Elə həmin müsahibəsində Yunanıstan futbolunu yerə-göyə sığdırmayıb, oranın futbolunu Avropa səviyyəli adlandırıb. Bəli, adam haqlıdı. Yunanıstanda futbol bizdən qat-qat çox inkişaf edib. İnkişaf etməsəydi, Velebit səviyyəli mütəxəssislərə orda ehtiyac olardı. O da xoşbəxtliyi “futbolu inkişaf etməyən, insanların boks və güləşlə daha çox maraqlandığı Azərbaycanda” tapmaq məcburiyyətində qalmazdı. Utanmasan, danışmağa nə var ki?! Adama deyərlər ki, səni də bura futbolumuzun inkişafına yardımçı olmağa gətiriblər. Özü də 4 ildi. Həmyerlin Milan Obradoviçlə birlikdə şad-xürrəm yaşayırsız. Hərdən özünüzdə güc tapıb bizi ələ sala, aşağılaya da bilirsiz. Söyləyin, görək bu 4 ildə hansı nəticəni qazanmısız, kimi tapıb üzə çıxarmısız, aldığınız fantastik məbləğdə məvacibin qarşılığını necə vermisiz? Əlbəttə, ortaya qoyulası nə bir nəticə var, nə də üzə çıxarılan istedad. AFFA-nın Azərbaycanı, bu boyda ölkəni saldığı acınacaqlı durum belədi. Əcnəbilər 15 ilə yaxındı pulumuzu ökələrindəki bank hesablarına daşıyıb, bizi də ələ salırlar. Heç kim də onlara bir söz demir, hesabat tələb olunmur. 4-5 ildən bir həmin o əcnəbi qruplarının üzvlərinin adı və soyadı dəyişir. Vəssalam.
Bu yaxınlarda Zərdabda keçirilən qarşılaşmadan maraqlı bir şəkil yayılmışdı. Rayon çempionatının final oyunu penaltilərə qədər uzanmışdı, hava da qaralmışdı. Stadionun ətrafına toplaşan azarkeşlər telefonlarının işığını meydana salmağa çalışırdılar ki, penalti vuruşlarını yerinə yetirənlər və qapıçı bir-birini görsün. Azərbaycanlılar futbolu sevməsə, onunla maraqlanmasa, ortaya belə görüntü çıxardı? Təbii ki, yox. “Qarabağ”ın avrokubok oyunları zamanı nəinki Respublika stadionunun tribunaları dolur, nəhəng Bakı Olimpiya Stadionunda belə anşlaq yaşanır. Bəs həmin azarkeşlər azərbaycanlı deyillər? Onlar da azərbaycanlıdı. Elə hər birimiz kimi. Bu vətənin başqa dəyərlərinə könül verdikləri kimi, futboluna da sevgi bəsləyirlər. Sadəcə, AFFA-nın apardığı siyasət, foqtsların, yurçeviçlərin, de byazilərin, obradoviçlərin, stuxliklərin, elə Velebitin özünün futbolumuzun başına açdığı oyunlar sayəsində bu azarkeşlər küsdürülüb, tribunalardan uzaq salınıb. Bakının mərkəzindəki stadionlar qalıb, AFFA milli komandanı Mərdəkana aparıb, ölkənin əsas komandası rəqiblərini dənizin sahilində qəbul edir. Belə olan halda azarkeş küsməsin, nə etsin? Deyə-deyə, belə əməllərə yol verə-verə azarkeşləri küsdürüblər. Daha Velebit kimilərin sözləri də bizə təsir etmir. Ağrıtmır, Kələntər dayı. Nə qədər istəyirsiz danışın, hansı hoqqadan çıxmaq istəyirsizsə, çıxın.
AMAL