Bu transfer dönəmində hələ ki çox passiv olan və fransalı yarımmüdafiəçi Lesli Uqoçukvudan başqa heç kimlə heyətini gücləndirməyən “Qalatasaray”da fanatların rəhbərliyə etiraz dalğası gündən-günə artır.
Fanatlar bir an öncə ulduz futbolçuların transfer olunmasını tələb edirlər. Özü də nəzərə alaq ki, Mauro İkardi ilə yollar artıq ayrılıb. Elə Mario Lemina da əldən çıxmaq üzrədi. İstanbul nəhənginin düşərgəsindən gələn transfer xəbərləri hələ ki daha çox satışla bağlıdı. Bəzi futbolçular ya artıq əldən çıxıb, ya da başqa klubların ciddi maraq dairəsindədi.
Ahmed Kutucunun yeni klubu artıq rəsmən bəllidi. 26 yaşlı vinger qarşıdakı mövsümü icarə əsasında “Çaykur Rizəspor”da keçirəcək. Düzdü, Kutucu əsas heyət üzvü sayılmırdı. O, ötən mövsüm cəmi 18 qarşılaşmada şans qazanaraq hesabına 2 qol, 2 məhsuldar ötürmə yaza bilib. Bundan başqa “Qalatasaray”ın gənc üzvü Renato Nyaqa Portuqaliyaya yollana bilər. Bu ölkənin təmsilçisi “Alverka” 19 yaşlı yarımmüdafiəçiyə ciddi maraq göstərir. Okan Buruk razılıq versə, rəhbərlik bu oyunçunu təcrübə toplaması üçün icarəyə göndərə bilər.
Ancaq son çempion daha vacib futbolçularını da itirə bilər. Məsələn, Uilfrid Sinqoya “İnter”, Qabriel Saraya isə “Napoli” ilə “Aston Villa” maraq göstərir. İtaliya mənbələrinin yazdığına görə, “İnter” 25 yaşlı futbolçuya görə Türkiyə çempionuna 30 milyon avro, eləcə də 5 milyon avro bonus təklif edib. “Qalatasartay” özü Sinqonu elə bu qiymətə alıb. Əslində rəhbərlik bu futbolçunun mundialda özünü göstərəcəyinə çox ümid edirdi. “Cim-Bom”un onu 50-60 milyon avroya satmaq planı var idi. Amma Sinqo əksinə, mundialın gedişində zədələnərək bir müddət sıradan çıxdı. Ona görə də onun aqibətinin necə olacağı bilinmir.
Saranı, eləcə də Barış Alpər Yılmazı isə Okan Buruk qətiyyən buraxmaq istəmir. “Napoli” hazırda Sara ilə Adrien Rabyo arasında seçim edir. Yuri Tilemansı əldən verən, Andre Onananı zədə üzündən uzun müddətə itirən və Morqan Rocersi də əldən vermək üzrə olan “Aston Villa”nın isə “Qalatasaray”a irəli sürəcəyi təklifdən çox şey asılı olacaq.
Türkiyədəki performansı ilə Braziliya yığmasına dəvət almağa başlayan Saranın “Qalatasaray”la 2029-a qədər müqaviləsi var.