Ötən mövsüm “Trabzonspor”un heyətində oyunu ilə diqqəti çəkən və haqqında bir çox transfer iddiaları çıxan Krist Ulainin yeni klubunun adına, nəhayət, aydınlıq gəlib.
Son mundialda Kot d`İvuar yığmasının heyətində yer alan istedadlı futbolçu İstanbul nəhənglərinin də hədəfində idi. Ancaq 20 yaşlı mərkəz yarımmüdafiəçisinin Türkiyə macərası cəmi bir il çəkib. Ulai artıq karyerasını İtaliyada davam etdirəcək. Belə ki, o, “Fiorentina” ilə dördillik müqavilə imzalayıb! Florensiyalılar bu futbolçuya görə 26 milyon avro ödəməyə razı olub. Müqavilədə maksimum 4 milyon avroluq bonuslar da var. Bundan başqa, Ulainin sonrakı satışından əldə olunacaq pulun 10 faizi da trabzonlulara çatacaq. Bu, klub tarixinin ən bahalı ikinci satışıdı. “Bordo-mavililər”in bu baxımdan rekordu ötən yay qeydə alınıb. Həmin vaxt qapıçı Uğurcan Çakır “Qalatasaray”a 33 milyon avroya transfer olunmuşdu. Ancaq legionerlər arasında ən bahalı satışlar baxımından Ulai klub tarixinə düşüb. Qeyd edək ki, “Trabzonspor” bu futbolçunu ötən il avqustun sonlarında Fransa təmsilçisi “Bastiya”dan 5,5 milyon avroya transfer etmişdi. Türkiyəyə ayaq basarkən çox da tanınmayan Ulai yaşı az olmasına rəğmən, texnikası, oyun qurmaq, topu irəli daşımaq bacarığı sayəsində qısa müddətdə superliqada mövsümün kəşflərindən biri oldu.
“Trabzonspor”la ölkə kubokunu qazanmağa müvəffəq olan gənc isim bu klubda forma geydiyi 31 rəsmi oyunda 2 qol, 4 məhsuldar ötürməlik performans ortaya qoydu. Bu yay transferlərdə yetərincə fəal olan “Trabzonspor”un “Valensiya”nın türkiyəli üzvü Cenk Özkaçarı heyətinə qatdığını da bildirək. 25 yaşlı futbolçu ilə “3+1” illik müqavilə imzalanıb. Bu futbolçu 2022-dən “Valensiya”ya məxsus idi. Amma son iki mövsümü uyğun olaraq “Valyadolid” və “Köln”də icarədə keçirib.
Maraqlıdı ki, Qaradəniz bölgəsinin digər təmsilçisi “Samsunspor” da, demək olar, eyni gündə tarixinin ən bahalı satışını həyata keçirib. Belə ki, samsunluların müdafiəsinin dirəyi sayılan Rik van Drongelen “Panatinaikos”a transfer olunub. Yunanıstan nəhəngi niderlandlı futbolçuya görə türklərə 6,5 milyon avro ödəməyə razı olub. 27 yaşlı futbolçu ilə dördillik müqavilə imzalanıb. Özü də Van Drongelenin yeni klubunda Samsun şəhərinin seriya nömrəsi olan “55”ə üstünlük verməsi diqqəti çəkib. “Samsunspor” bu futbolçunu 2023-ün yayında Almaniya təmsilçisi “Union”dan cəmi 200 min avroya transfer etmişdi.
Van Drongelen 3 il ərzində “ağ-qırmızılar”ın heyətində keçirdiyi 112 rəsmi qarşılaşmada hesabına 8 qol, 3 məıhsuldar ötürmə yazmağa müvəffəq olub.