Dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində Portuqaliya ilə Xorvatiya üz-üzə gəldi. İlk yarısı qolsuz başa çatan oyunda əsas hadisələr fasilədən sonraya təsadüf etdi. İvan Perişiç xorvatları hesabda önə keçirsə də, penaltidən fərqlənən Kriştiano Ronaldo bərabərlik qolunu vurub. O, karyerasında ilk dəfə mundialın pley-offunda qol sevinci yaşadı. Bundan başqa Kriştiano 41 yaş 147 günlüyündə fərqlənməklə DÇ-nin pley-offunda qol vuran ən yaşlı futbolçu oldu. Maraqlıdı ki, adətən əvəzlənməyən Ronaldo bu matçda sonlara yaxın, daha dəqiq desək, 81-ci dəqiqədə əvəzləndi. Portuqaliya məhz onsuz oynadığı anlarda qələbə qolunu vurmağa müvəffəq oldu. Qonsalo Ramuş əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə başla fərqləndi. Son anlar çox dramatik alındı. Əsas vaxta əlavə olunmuş 13-cü dəqiqədə Xorvatiya Qvardiol ilə bərabərlik qolunu vurdu. Amma VAR incələməsindən və hakimin monitora dəvət olunmasından sonra qol qeydə alınmadı. Bu epizod sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Çünki epizodun təkrarında topun xorvtaiyalı İqor Matanoviçin başına dəyib-dəymədiyini ayırd etmək olmur. Bu epizodda ofsaydın qeydə alınması üçün top mütləq futbolçunun başına toxunmalıdı. Ancaq oyundan sonra bütün suallara aydınlıq gəldi. Hay-küyün artdığını görən FİFA rəsmi bir bəyanat yayaraq topa yerləşdirilmiş xüsusi cihaz sayəsində ofsayd olduğunu açıqladı: ''Əldə etdiyimiz və sübuta yetirilən məlumata əsasən Xorvatiyanın 20 nömrəli futbolçusu qoldan öncə topa təmas edir. Bu üzdən hakim düzgün şəkildə ofsayd qərarı verir və qolu qeydə almır. ''Trionda'' topunun içinə yerləşdirilmş xüsusi cihaz ən xırda təması da müəyyənləşdirməyə qadirdi. Bunun sayəsində hakimlər tez və düzgün qərarlar qəbul edirlər''. Elə Matanoviç özü də oyundan sonra toxunuşun olduğunu etiraf etdi: ''Topun çox yüngül şəkildə saçlarıma temasını hiss etdim. Sonra hakimdən nə baş verdiyini soruşdum. Çünki topun mənə toxunduğuna yüz faiz əmin deyildim. Hakim dedi ki, topda olan cihaz toxunuşun olduğunu müəyyənləşdirdi''. Beləliklə, 2:1 üstün olan Portuqaliya 1/8 finalda İspaniyaya rəqib oldu.