Mauro İkardi və onun meneceri Elia Pina ''Qalatasaray'' cəbhəsi ilə sanki məzələnməkdə davam edir. Bu menecer yeni müqavilə ilə bağlı 1 aydı, gah nala vurur, gah da mıxa.
İyunun 30-da argentinalı forvardın ''Cim-Bom''la müqaviləsinin müddəti rəsmən başa çatdı! İyulun 1-dən etibarən o, sərbəst futbolçu statusunda olacaq. Pina ''HT Spor'' kanallarının suallarına qısa cavab verərək bunları deyib:
''Qalatasaray''la yeni müqavilə imzalayıb-imzalamayacağımızla bağlı qərarı 1 ay öncə başqan Dursun Özbəkə bildirmişəm. Ona görə də sizin suala cavab vermək məcburiyyətində deyiləm. Danışıqlarda problem varmı? Bu suala cavab vermək istəmirəm! İkardinin yeni mövsümdə ''Qalatasaray'' forması geyib-geyməyəcəyini zaman göstərəcək. Gözləyib görəcəyik''.
Əslində menecer bu açıqlamalarla növbəti dəfə danışıqların çətin irəlilədiyini və tərəflərdən heç birinin güzəştə getməyəcəyini göstərmiş oldu. ''Qalatasaray''da 4 mövsüm ərzində 134 rəsmi oyuna çıxaraq 77 qol vuran ünlü futbolçunun hadisələrin bu cür axarından sonra klubdan ayrılması ehtimalı yüksəkdi.