Mövsümün “Böyük dəbilqə” seriyasından olan növbəti turniri “Uimbldon” start götürüb. Bu turnirlə bağlı ətraflı bilgi verəcəyik.
Dünyanın 1 nömrəli kişi tennisçisi, italiyalı Yannik Sinner aparıcı tennisçilərin “Böyük dəbilqə” turnirlərindəki mükafat fondunun məbləği ilə bağlı etiraz aksiyalarını şərh edib. İş onadadı ki, aparıcı tennisçilər sonuncu “Rolan Qarros”da olduğu kimi, “Uimbldon”da da ilk həftədə media ilə məcburi ünsiyyəti 15 dəqiqədən artıq etməməklə bağlı razılığa gəlib:
“Vəziyyət yaxşılaşır, hərçənd biz 100 faiz razı olacağımız nöqtəyə gəlib çatmamışıq. Ancaq tərəqqi var”.
Sinner bildirib ki, tələblər yalnız pulla yox, həm də oyunçularının rifahının yaxşılaşdırılması ilə bağlıdı. Bununla belə, italiyalı tennisçi “Uimbldon”un təşkilatçılarının oyunçuların şurasının yaradılması haqda təklifi və tennisçilərin mübahisənin həllinə, yoxsa boykota nə dərəcədə yaxın olması ilə bağlı suala cavab verməkdən boyun qaçırıb:
“Sadəcə, belə hesab edirəm ki, indi bu məsələni müzakirə etməsək, yaxşıdı. Bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, indiyə qədər yetərincə danışmışıq. “Böyük dəbilqə” turnirlərini təşkil edənlər nə istədiyimizi bilir. Sonrasına baxarıq. İndi tennis haqda danışmaq istəyirəm”.
Xatırladaq ki, “Uimbldon”un təşkilatçıları mükafat fondunu 20 faiz artırıb – fərdi yarışların qalibləri 4,75 milyon dollar alacaq. Ancaq ötən çərşənbə günü oyunçuların maraqlarını təmsil edən konsaltinq şirkəti bəyan edib ki, “Uimbldon”un proqnozlaşdırılan qazancının 14,4 faizi tennisçilərə verilir. 10 il əvvəl isə tennisçilərin mükafat fondunda payı 14,9 faiz təşkil edib.