Xəbər verdiyimiz kimi, "Sumqayıt" yenilənmiş Mehdi Hüseynzadə adına şəhər stadionunda ilk oyunu premyer-liqanın 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcək.
Bu oyun fevralın 4-ü, saat 15.00-a nəzərdə tutulub. Həmin oyuna 3 gün qalır. Görəsən, təntənəli açılış planları tam bəlli olubmu? Bu sualı "Sumqayıt"ın mətbuat katibi Zaur Xudiyevə ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Oyunla bağlı planlar artıq bəllidi. Konsert iştirakçılarını bir neçə saat ərzində rəsmi hesabımızda paylaşacıq. Stadion 9700 nəfər üçün nəzərdə tutulsa da, 9 minə yaxın bilet satışa çıxarılıb. Müəyyən yerlər dəvətnamə şəklində fanklublara ayrılıb. Artıq iki gündü bilet satışı davam edir. Qiymətlər 2, 5 və 10 manat aralığında dəyişir. Hazırda 10 manatlıq VİP sektorlara biletlər tükənib. Bu günə olan məlumata görə, 2 mindən artıq bilet satılıb. Biletləri Sumqayıtdakı 1 saylı “ASAN xidmət” mərkəzindən və iticket. az saytından əldə etmək mümkündü. Əlavə olaraq oyuna iki gün qalmış stadionun qarşısındakı kassadan biletləri əldə edə bilərlər".
GÜNAY SÜLEYMANOVA