“Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi

20.07.2026 11:02 77
Aktual / Avrokuboklar
Avrokubokların növbəti mərhələsində artıq 3 yox, 4 komandamız olacaq. “Sabah”, “Qarabağ” və “Zirə”yə “Neftçi” də qoşulacaq. Avrokuboklarda ölkəmizi təmsil edəcək 4 klubunda oyun günü və saatı bəllidi.

“Football-plus.az” xəbər verir ki, Çempionlar Liqasında debüt mövsümündə 2-ci mərhələyə adlayan “Sabah” iyulun 21-i, saat 20.00-da “Bank Respublika Arena”da Finlandiyanın KuPS komandasını qəbul edəcək. Cavab görüşü bir həftə sonra olacaq. “Bayquşlar” iyulun 28-i, Bakı vaxtıyla saat 19.00-da Finlandiyanın Kuopio şəhərində yerləşən “Vare Arena”da meydana çıxacaq.

Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” 2-ci təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sını iyulun 23-də “Tofiq Bəhramov”da qəbul edəcək. Oyun saat 20.00-da start götürəcək. Cavab görüşü iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən ÇSKA stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan “Zirə” iyulun 23-də Estoniya “Payde”si ilə üz-üzə gələcək. İlk matçda “qartallar” “Payde linnastaadion”a yollanacaq. Görüş Bakı vaxtı ilə 20.00-da başlayacaq. Cavab görüşü iyulun 30-da, Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.

“Neftçi” mübarizəyə iyulun 22-də başlayacaq. “Ağ-qaralar” Belarusun “Dinamo-Minsk” komandasını “Palms Sports Arena”da qəbul edəcək. Matç Bakı vaxtı ilə 20.00-da start götürəcək. Cavab görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək və Bakı vaxtı ilə 21.00-da başlayacaq.

İSRAYIL XEYRULLAYEV