“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.
Budəfəki müsahibimiz bilavasitə idmançı və ya idman mütəxəssisi olmasa da, bu sahəyə yad biri deyil. Elcan Həsənli xüsusiylə futbol azarkeşlərinə yaxşı tanışdı. Elcan bəy Azərbaycan Vəkillər Kollegiyasının üzvüdü və idman sahəsində vəkil kimi fəaliyyət göstərir. Onunla söhbətdə futbolçularımızın və klublarımızın hüquq sahəsində üzləşdikləri çətinliklərə, eləcə də futboldakı vəkillik fəaliyyətinin incəliklərinə toxunduq. Çünki həm klublarımızın, həm də futbolçularımızın bu istiqamətdə maariflənməsinə ehtiyac böyükdü.
- Elcan bəy, siz futbol ictimaiyyətinə yetərincə tanış simasız. Bununla belə, layihəmizin ənənəsinə uyğun olaraq, ilk sualda sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Mümkünsə, özünüz haqda məlumat verərdiz.
- Mən 1994-cü il təvəllüdlüyəm, 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşam, 4 il sonra oranı bitirmişəm. 2019-cu ildə isə elə Bakı Dövlət Universitetinin idman hüququ magist proqramına daxil olmuşam. Bu magistr proqramını idman hüququ üzrə 2021-ci ildə başa vurdum. Eyni zamanda da Türkiyənin Kadir Has Universitetinin “Spor hüququ və spor yönətimi” proqramının məzunu olmuşam. Hazırda Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının üzvüyəm və idman hüququ sahəsində şirkət təsis etmişəm. Çalışıram ki, zaman keçdikcə faəliyyətimizi genişləndirim, idmançılarımızın hüquqlarının qorunması yolunda köməyimi əsirgəməyim.
- Tanınmış hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvüsüz. Amma fəaliyyətiniz daha çox futbolla bağlıdı. Bilirik ki, futbol adamlarına, klublarımıza hüquqi yardım göstərir, beynəlxalq səviyyəli mübahisələrdə öz köməyinizi əsirgəmirsiz. Bu sahəyə yönəlməyiniz necə baş verdi? Futbola olan marağınızdandı, yoxsa başqa bir səbəb var?
- Sözsüz, bu sahəni seçməyimdə idmana olan marağım böyük rol oynayıb. Mən çox yaxşı futbol azarkeşiyəm, futbolu çox sevirəm. Uşaq vaxtlarından idmana, o cümlədən də futbola böyük marağım olub. İdman hüququ ilə ilk tanışlığım isə tələbə vaxtı baş verib. Bilirsiz ki, Türkiyədə “Fənərbaxça”nın adı hallanan böyük qalmaqal baş vermişdi, adına da “şikə olayları” deyirdilər. O hadisədən sonra idman hüququ ilə maraqlanmağa başladım. Öyrəndim ki, bu cür spesifik sahə var, bu sahənin öz tənzimlənməsi mövcuddu. Mən də tələbə idim, bu sahə məni özünə cəlb etdi. Ondan sonra Avropa Liqasında “Qarabağ” – “İnter” oyununda yaşananlara üzüldük. Hakim səhvindən “Qarabağ”ın qolu sayılmadı. Artıq Azərbaycan futbolunda belə bir halın yaşandığını gördük, bundan əziyyət çəkdik. Bundan sonra “Qarabağ” bir hüquqi mübarizəyə başladı və klubun vəkili türk xanım idi. Elə o vaxtdan da düşündüm ki, nə üçün belə hallarda əcnəbi mütəxəssislərə yönəlməliyik? Buna görə də qərar verdim. Onsuz da bu sahəyə sevgim də, təhsilim də var idi. Həmin o sevgiylə təhsilimi də birləşdirdim, idman hüququ sahəsini seçidm.
- Azərbaycanda xeyli vəkil və hüquqşünas var. Amma heç də hamı bu sahəyə maraq göstərmir. Futbol sahəsində çalışmaq istəyənlərdə hansısa xüsusi bir keyfiyyət olmalıdımı?
- Bu sahə çox spesifik sahədi. İdman hüququ sahəsində çalışmaq istəyən şəxs mütləq idmanı sevməli, hüquqla yanaşı, idmanın da qaydalarını bilməlidi. Adicə idman, o cümlədən də futbol qaydalarını bilməlisən ki, bu sahənin hüquqi tənzimlənməsini də bacarasan. Bu sahəni qavramaq, qaydaları bilmək vacibdi. Özünüz fikirləşin, futbolun qaydalarını bilmədən futbolçunun, yaxud da hansısa komandanın hüquqlarını necə müdafiə etmək olar? Ona görə də bu sahədə çalışmaq, idman hüququ sahəsində irəliləmək istəyən hər kəsə tövsiyəm odu ki, idmanın qaydalarını dərindən öyrənsinlər.
- Bizim futbol adamlarına, klublarımıza yetərincə bələdsiz. Onların hüquqi savadı, ümumiyyətlə, qanunlara münasibəti necədi? Futbolçularımız klublar qarşısında və ya klublarımız futbolçularla bağlı götürdükləri öhdəliklərə əməl etmək baxımından necə qiymətləndirilə bilər?
- Son illərdə bu sahədə irəliləyiş, canlanma hiss olunur. Amma yenə də vəziyyət tam ürəkaçan deyil. Biz beynəlxalq səviyyə ilə müqayisə edəndə, hansısa tədbirlərə qatılanda bu fərqi görürük. Hər nə qədər bizdə idmana yüksək səviyyədə maraq olsa da, “Azərbaycan idman ölkəsidi” desək də, Azərbaycanda idmana maraq kütləvi deyil. Reallıqda biz idman ölkəsi deyilik. Futbolumuzun səviyyəsinə baxın. Futbolumuzun səviyyəsi yüksək deyilsə, bununla paralel olaraq, bu sahədə çalışan insanların da inkişafına böyük maneə var. Ona görə də hər şey paralel inkişaf etməlidi. Futbolumuz inkişaf etdikcə, idman jurnalistikası da, idman tibbi də, o cümlədən də bu sahədə çalışan rəsmi şəxslərin bilik və bacarıqları da yüksələcək.
- Sizcə, hansı tərəf daha çox hüquqdan qaçmağa, müqavilə öhdəliklərini pozmağa meyillidi? Futbolçular, yoxsa klub rəsmiləri?
- Çox ağrılı mövzudu. İdmançıların hüquqları həm klublar, həm də federasiyalar tərəfindən pozulur. Bunun da ən böyük səbəblərindən biri idmançıların özünün öz hüquqlarını bilməməsidi. Mən futbolçularla müntəzəm söhbət aparıram. Vəziyyəti görürəm. Onlar hüquqlarını bilmədiklərindən hansısa hüquqpozma əməlini mübahisələndirmirlər. Sonradan deyirlər ki, biz bilsəydik, vaxtında bu məsələni mübahisələndirərdik. Sözsüz, bu durum da klublara, federasiyalara sərf edir. Onlar idmançıların maarifləndirilməsində maraqlı deyillər. Təəssüf ki, reallıq belədi. Futbolçular öz hüquqlarını bilsələr, klublar da onların hüquqlarını o qədər poza bilməzlər. Hər iki tərəfdə belə pozuntulara meyillik var. Amma sözsüz, daha çox klublar tərəfindən belə hallarla rastlaşırıq.
- Bəzən bizim klublar beynəlxalq səviyyəli mübahisələrdə “ikili standartlar”ın qurbanı olmalarından şikayətləndirlər. Həqiqətənmi FİFA və UEFA-da bizimkilərə belə münasibət var?
- Hər nə qədər desək ki, idman siyasətdən uzaqdı, bunun əksini görürük. Həm FİFA, həm də UEFA tərəfindən bəzən “ikili standartlar”a yol verilir. Zaman-zaman azərbaycanlılara qarşı ağır cəzaların verilməsinə şahid olmuşuq. Mən tam deyə bilmərəm ki, bunun səbəbi nədi. Belə hallara qarşı çıxmaq, məğlub olmamaq üçün çox güclü olmaq lazımdı. Mübariz olmalı, mübarizə aparmağı bacarmalıyıq. Bir dəfə, iki dəfə bizə qarşı belə edəcəklər. Sonra görəcəklər ki, Azərbaycan güclü dövlətdi, azərbaycanlılar güclüdü. Onlar da belə əməllərdən çəkinəcəklər.
- Son sualımda soruşmaq istərdim ki, futbolçularımıza və klublarımıza yeni ildə nə məsləhət görərdiz? İşin “məhkəməyə düşməməsi” üçün nələrə diqqət etmək lazımdı?
- Ümumiyyətlə, hər kəsə bir məsləhətim var. Çox az klublarımızda hüquqşünas vakansiyası görürük. İdman direktorları, yaxud da klub prezidentləri bu işlə məşğul olurlar. Kobud səslənsə də, onlar bu sahədə qeyri-peşəkardı. Klublarda hüquq depatamentləri olmalıdı. Bu işlə azı bir nəfər peşəkar kadr məşğul olmalıdı, işə ciddi yanaşmaq lazımdı. İdmançılara da məsləhətim odu ki, problem yarananda yox, ilkin mərhələdə hüquqşünasla əlaqə saxlamaq lazımdı. Həmin mərhələ də müqavilənin imzalanması prosesidi. Hüquqşünas müqavilənin imzalanması zamanı öz fikirlərini bildirməlidi ki, sonradan problem yaranmasın. Belədə onların hüquqları pozulmayacaq. Pozulsa belə, hüquqşünasın peşəkar köməyi ilə bu hal aradan qaldırılacaq. Biz də bütün qüvvəmizlə onların yanındayıq, idmançılarımızın hüquqlarının qorunması üçün sonadək, çəkinmədən mübarizə aparacağıq. Azərbaycan idman hüququ sistemi inkişaf etməlidi, mübahisə mədəniyyəti formalaşmalıdı. Təəssüf ki, bizdə idman sferasında mübahisə mədəniyyəti yoxdu. İnsanlar hüquqi mübahisələrdən çəkinirlər, bundan qaçırlar. Bəzi hallarda buna bürokratik səbəblər də mane olur. İdmançılar düşünürlər ki, klub sayı azdı. Bu mübarizəni aparsa, sonra özünə klub tapmaqda çətinlik çəkəcək. Azərbaycan hüquqi dövlətdi, heç kimdən çəkinmək lazım deyil. Hər bir problemin həlli yolu hüquq müstəvisində olmalıdı. Yeni ildə də idmanımıza bunu arzulayıram. Ümid edirəm ki, bu sahə inkişaf edəcək, idmançılarımız və klublarımız mübahisələri peşəkar hüquqşünasların yardımı ilə həll etməyi bacaracaqlar.
AMAL ABUŞOVYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.