Dünya çempionatının startına günlər qalmış yeni bir trend ortaya çıxıb: futbolsevərlər Yeni Zelandiyanın 32 yaşlı müdafiəçisi Tim Peynin “instaqram” səhifəsinə kütləvi axın edirlər. Orda artıq 5,4 milyondan çox izləyici var.
Bu futbolçu haqda heç vaxt eşitməmisizsə, təəccüblənməyin. Zatən bir neçə gün öncəyə qədər onu, demək olar, heç kim tanımırdı...
Milliyyətindən asılı olmayaraq hamının sevəcəyi futbolçu...
Hər şey futboldakı dedi-qodulara dair videolar hazırlayan argentinalı bloger Valen Skarsinidən başladı. 10 gün öncə o, bir video paylaşaraq bütün izləyicilərini Tim Peynin səhifəsinə yönəltdi. Blogerin sözlərinə inansaq, həmin vaxt Peynin “instaqram”da izləyici sayı heç 5 minə də çatmırdı. Bu, mundialda iştirak edən bütün futbolçular arasında ən aşağı göstərici idi. İdeya sadə və diqqətçəkəndi: Peyn turnirdə hər kəsin azarkeşlik etdiyi yeganə futbolçu olmalıdı. Bloger həmin videosunda bunları deyir:
“Hər kəs öz sevimli komandasının oyununu səbirsizliklə gözləyir. Mənim isə tam fərqli bir ideyam var. Gəlin, hamımızı birləşdirəcək bir futbolçu tapaq. Milliyyətindən asılı olmayaraq hər kəs bu oyunçunu dəstəkləyəcək. Bütün iştirakçıların səhifələrini təhlil etmişəm. Ən az tanınan futbolçu yeni zelandiyalı Tim Peyndi. Onun izləyici sayı 5 mindən də azdı. Paylaşımlarına isə cəmi 200 “layk” gəlir. Gəlin, ondan əsl qəhrəman düzəldək. Səhifəsini izləyin, paylaşımlarına şərh yazın və hər yerdə onun adını qeyd edin. Turnir başlayana qədər onu mümkün qədər çox insan tanımalıdı”.
Skarsininin ideyası gözləniləndən də yaxşı effekt verdi. İki gün ərzində həmin videoya 10 milyondan çox baxış gəldi. Futbolçu ilə bağlı heşteqlərin olduğu xəbərlərin sayı 5 mini ötdü. Nəticədə Peynin izləyici sayı 24 saat ərzində 1 milyona çatdı. Ertəsi Peyn blogerə bunları yazdı:
“Səhifəmdəki fəallığın səbəbini əvvəlcə anlaya bilmirdim. Sonra həmin video qarşıma çıxdı. Təşəkkür edirəm, qardaşım”.
Daha sonra Peyn bloger üçün qısa bir video çəkdi. Artıq 37 milyondan çox baxış toplayan həmin videoda futbolçu bunları deyib:
“Valen, sənə minnətdaram. Son 48 saat mənim üçün sadəcə, unudulmaz keçdi. Ölkəmi DÇ-də təmsil etmək fürsəti qazandığıma görə şadam. Bütün dünyadan olan futbolsevərlərin sevgisini hiss etmək mənim üçün dəyərlidi”.
İzləyici sayı Yeni Zelandiyanın əhalisindən daha çoxdu!
Türkiyəli Metecan Kanburun idarə etdiyi və “instaqram”da ən böyük (76 milyon) futbol səhifəsi olan “433” də bu trendə dəstək verərək yeni zelandiyalı ilə bağlı paylaşım etdi. Bir gecədə onun izləyici sayı daha yarım milyon artdı. Qısa müddət ərzində Peyn bu göstəricidə Aleksander Sörlotla Lennat Karlı üstələdi. Hazırda qeyd etdiyimiz kimi onun 5,4 milyondan çox izləyicisi var və bu, Yeni Zelandiyanın əhalisindən daha çoxdu!
Yeri gəlmişkən, bu olay Skarsininin özü üçün də çox yaxşı bir reklam oldu. Tim Peyni tanıdana qədər onun yalnız 570 min təqibçisi var idisə, hazırda bu rəqəm 1,2 milyona bərabərdi. Bu ikilinin dostluğu gündən-günə güclənir. Mundialdan sonra Peyn Argentinaya, Skarsini isə Yeni Zelandiyaya yollanmağa söz verib.
Maraqlıdı ki, Yeni Zelandiyanın düşərgəsində də bu dərəcədə böyük marağa hazır deyildilər. Bir həftə ərzində yığmanın yeni ulduzu ilə müsahibə üçün 400-dən (!) çox tələb gəlib. Müqayisə üçün bildirək ki, Yeni Zelandiyanın əsas ulduzu – “Nottingem Forest”li Kris Vudun cəmi 160 min təqibçisi var. Peyn indi təqibçi sayına görə hətta Jeremi Dokyu, Maykl Olise, Vitinya, Ruben Diaş, Ris Ceyms, Ebereçi Eze kimi ulduzları da üstələyir! Ümumiyyətlə, İngiltərənin heyətində mundiala yollanan 26 futbolçudan cəmi 5-i təqibçi sayına görə Peyndən öndədi.
“Real”a qarşı oynaya bilərmiş
Bir qədər də qəhrəmanımızın karyerası barədə maraqlı faktlara nəzər salaq. 32 yaşlı futbolçu karyerasının böyük hissəsini Yeni Zelandiya klublarında keçirib. 2012-14-cü illərdə “Blekbern”də yer alsa da, əsas komandada oynamaq ona qismət olmayıb. Peyn son 7 ili “Vellinqton Feniks”də keçirib. Sağ müdafiəçi kimi çıxış edən bu futbolçu klub karyerası ərzində 290 oyuna çıxaraq 12 qol vurub. Avstraliya çempionatının rəsmi səhifəsi onun ətrafındakı hay-küyə təkan verərək Peynin qollarını paylaşıb. Amma cəmi 1 dəqiqəlik video alınıb. Çünki futbolçunun Avstraliya çempionatında 4 qolu var. Peyn ilk dəfə 17 yaşında olarkən - 2011-ci ildə yeniyetmələr arasında dünya çempionatında diqqəti çəkmişdi. Həmin turnirin seçmə mərhələsində 5 oyunda 4 qol vurmuş və Yeni Zelandiya ilə 1/8 finala qədər irəliləmişdi. “Skay Sports” hətta onu turnirin ən yaxşılarından biri adlandırmışdı. Məhz həmin turnirdən sonra Peyn “Blekbern”ə baxışa yollanaraq İngiltərə yığmasına düşmək arzusunda idi. 2014-də Peyn hətta Klublararsı DÇ-də “Real”a qarşı oynaya bilərdi. Onun şərəfini qoruduğu “Oklend Siti” 3 rəqibi keçəndən sonra finala bir addım qalmış Argentina təmsilçisi “San Lorenso”ya əlavə vaxtda məğlub oldu. Nəticədə bu klub bürünc medalları qazandı. Peyn isə turnirin bütün oyunlarını əvəzlənmədən keçirdi. Onun transfer dəyəri təqibçi sayından dəfələrlə az - 350 min avrodu. Hətta bizim Mahir Emreli belə 600 min avroluq dəyəri ilə ondan daha bahadı.
Karantin vaxtı bu futbolçu bir dəfə qalmaqala düşmüşdü. O, içkili halda qolf maşını sürərkən yaxalanmışdı. Birdən-birə iki qanun pozuntusuna yol verdiyinə görə Peyn rəsmi şəkildə üzr istəməli olmuşdu. Həmin vaxt o, 6 aylığa sürücülük vəsiqəsindən məhrum edildi. Yerli federasiya isə ona 4 oyunluq cəza verdi. DÇ-2026-nın seçmə mərhələsində o ən vacib anlarda – yarımfinal və finalda səhnəyə çıxaraq bu qarşılaşmalarda hesabına 1 qol, 4 məhsuldar ötürmə yazdı. Halbuki buna qədər yığmada 14 il ərzində cəmi 6 məhsuldar hərəkətlə yadda qalmışdı. İngiltərəyə qarşı son yoxlama oyununda (0:1) Peynin topa hər toxunuşu tribunaların böyük alqış sədaları ilə müşayiət olunurdu. Görünür, mundialın gedişində də məhz belə olacaq. Tim Peyn artıq sosial şəbəkələrin ulduzudu. DÇ-də isə o, yaşıl meydanda nəyə qadir olduğunu göstərməlidi.
ƏLİ RAUFOĞLU hazırladı