Yeni - 2024-cü ildə ilk müsahibimiz Novruz Məmmədovdu.
Onunla danışmağa çoxdan cəhd göstərirdik. Bir vaxtlar ölkənin ən perespektivli cinah müdafiəçilərindən sayılır, aşağı yaş qrupları üzrə milli komandalara müntəzəm dəvət alırdı. Xüsusən də Salyanı təmsil edən “Rəvan”ın heyətində etibarlı çıxış edirdi. Əyalət təmsilçisinin keçirdiyi bir çox uğurlu oyunlarda Novruzun əsas heyətdə meydana çıxması, rəqib hücumçular üçün keçilməz sədd rolunu oynaması gözümüzün önündədir. Amma sonradan uğurların davamı gəlmədi. Hazırda “Qaradağ Lökbatan”da çıxış edən Məmmədovla söhbətimizi sizə təqdim edirik.
- Novruz bəy, ilk sualda ənənəmizə sadiq qalaraq sizi oxucularımıza daha yaxından tanıtdırmağa çalışaq. Futbola gəlişiniz necə oldu? İlk məşqçinizi və komandanızı necə xatırlayırsız?
- Məni xatırladığınız üçün sizə minnətdarlığımı bildirirəm. Futbola gəlişim məktəblərarası turnirdə olub. Həmyaşıdlarım kimi mən də futbola həvəs göstərirdim, tez-tez məktəbdə və həyətdə oynayırdıq. Həmin turnirin oyunları “20-ci sahə” qəsəbəsindəki stadionda keçirilirdi. Bilirsiz ki, indi orda “Səbail” klubunun bazası və stadionu yerləşir. Orda məni “Göyçə”nin baş məşqçisi Bəhmən Həsənov görmüşdü, oyunumu bəyənmişdi. Ondan sonra Bəhmən müəllim məni çalışdırdığı kluba dəvət etdi. Cəmi 11 yaşım var idi. Komandamızda da xeyli perspektivli uşaq yer alırdı. Mənim ilk məşqçim də Bəhmən müəllim olub, ondan çox şey öyrənmişəm. O komandada Amit Quluzadə də çıxış edirdi. Həmyaşıdlarımız arasında keçirilən bütün turnirlərdə çempionluğa əsas namizəd sayılırdıq. Elə “20-ci sahə” qəsəbəsindəki stadionda da məşq edirdik. Futbolçu həyatım da belə başladı.

- Geriyə boylananda uzun zamandı futbolda olduğunuzu görürük. İstərdik ki, keçmişi birlikdə xatırlayaq. Karyeranızı vərəqləyərkən hansı məqamları bizimlə bölüşmək istərdiz? Oynadığınız klublardan, oyunlardan ən çox hansılar yadda qalıb?
- Artıq 14 yaşımda U-15 millisinə dəvət aldım. Komandanı Mirbağır İsayev çalışdırdırdı. Məni də sınağa dəvət etdi, məşqlərə qatıldım. Oyunumu bəyəndilər və millidə qaldım. O komanda ilə U-17 millisinə qarşı yoxlama oyunu keçirirdik. U-17 millisini də Yaşar Vahabzadə ilə Şakir Qəribov çalışdırırdı. Onların da rəğbətini qazandım və məni U-17 yığmasına çağırdılar. Davamı da gəldi, U-19 millisinə yüksəldim. Bütün bu məqamlar karyeramın unudulmaz səhifələrdi. U-19 millisi ilə çox uğurlu çıxış edirdik, həlledici oyunların birində son dəqiqələrdə buraxdığımız qol qrupdan çıxmağımıza imkan vermədi. Çox məyus olmuşdum. Həmin oyunun səhəri eşitdim ki, əsas millinin baş məşqçisi Berti Foqts məni milliyə dəvət edib. Çox cavan idim, 19 yaşım təzə tamam olmuşdu. Bu yaşda əsas milliyə çağrılmaq çox qürurverici idi. Mənim üçün futbolçu karyeramın ən unudulmaz məqamlarından biri də budu. Digər uğurum isə “Bakı”nın heyətində Azərbaycan kubokunu qazanmağımız oldu.
- Bir vaxtlar Azərbaycanın ən yaxşı cinah müdafiəçilərindən sayılırdın. Özünün də qeyd etdiyin kimi, aşağı yaş qrupu üzrə millilərə müntəzəm dəvət alırdın. Əsas milliyə qədər yüksəlsən də, orda möhkəmlənmək mümkün olmadı. Necə düşünürsən, buna nə mane oldu?
- Bəli, reallıq bu cürdü. Bəli, müəyyən mənada özümdə də səhvlər oldu. Bəlkə də tənbəllik qarşımı kəsdi. Həlledici məqamda, yaxşı formada olduğum vaxtlarda gəldiyim yerlə kifayətləndim. Halbuki öz üzərimdə daha çox işləyib, ondan da yüksəklərə qalxa bilərdim. Düşünürəm ki, əsas problem öz üzərimdə az işləməyim və düzgün addımlar ata bilməməyim oldu. Belə məqamların sonda karyerama təsir etdiyi danılmazdı.
- Karyeranızın indiki dönəmi haqda nə düşünürsüz? Futbolla vidalaşandan sonra özünüzü məşqçilikdə sınamaq fikrindəsizmi? Bu işə həvəsiniz varmı, yoxsa yaşıl meydandan uzaq qalmaq daha yaxşıdı?
- Hazırda “Qaradağ Lökbatan”dayam, komandamız da 1-ci liqada yaxşı çıxış edir. Mən də çalışıram komandam üçün əlimdən gələni edim. Amma yaş da özünü göstərir. Demək olar ki, aktiv futbol həyatımda son illərdi. Məşqçi olmağı isə sözsüz ki, istəyirəm. Mən həyatımı futbola həsr etmişəm. 33 yaşım var, onun 15 ildən çoxunu futbolun içində yaşamışam. Bu zəhmətimin bəhrəsi kimi məşqçi olmaq istəyirəm. İnşallah, karyeramı yekunlaşdırandan sonra kateqoriya almaq üçün məşqçilik kurslarına qatılacam, lazımı səviyyədə oxuyacam. Bilirəm ki, yaxşı məşqç olmaq üçün futbol haqqında indikindən daha bilikli olmalıyam. Kateqoriya alandan sonra yaşıl meydana məşqçi kimi dönə bilərəm.
- Az əvvəl qeyd etdin ki, uzun müddətdi futbolumuzun içindəsən. Ən aşağı yaşlardan premyer-liqaya qədər böyük yol keçmisən, milli komandalarda oynamısan. Bizim uşaq futbolunda ən çox hansı problem səni narahat edib? Ümumiyyətlə, hansı problemlər var ki, onların həllinin futbolumuzun inkişafına kömək edəcəyini düşünürsən?
- Hər şey yaxşı bazadan, düzgün qurulmuş futbol məktəbindən başlayır. Bunlara çox önəm verilməlidi. Düzdü, indi bu sözlərimi oxuyan deyə bilər ki, sən niyə belə danışırsan? Amma adicə internetdə araşdırmaq yetərlidi. Orda görürsən ki, xaricdə uşaqlar üçün hansı şərait yaradılıb. Bu şəraitin də bəhrəsini zamanı gəldikcə görürlər. Uşaq düzgün yolla, fikri başqa yerdə olmadan inkişaf edə bilər. Onun fikri futbolda olmalıdı ki, məşqçinin də dediyini daha tez qavrasın, əməl etsin. Yoxsa çətin ki, o uşaq nəsə öyrənə bilsin. Uşaq futbolu hər şeyin təməlidi, ölkə futbolunun inkişafı da bu düzgün təməldən asılıdı.
AMAL ABUŞOVYazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.