Qadın voleybolçular arasında Avropa çempionatındakı uğursuzluqla bağlı silsilə yazılar davam edir.
Bəzi mütəxəssilər və voleybolçular nəticəsizliyi yığmanın baş məşqçisi Ataman Güneyligilin işi ilə bağlasa da, qəzetimizin ötən sayına müsahibə verən türkiyəli mütəxəssis başqalarını ittiham etmişdi. Amma onun ittihamlarıyla bağlı danışmaq istəyən də çoxdu.
Vüqar Əliyev (yığmanın sabiq baş məşqçisi):
"Federasiya Ataman Güneyligilə güvəndi, bura gətirdi, onun yerli mütəxəssislər, qızlar haqda belə danışması düzgün deyil. Görürdüsə yığmada vəziyyət belədi, işləyə bilməyəcək, çıxıb gedərdi. Daha durub qızlar haqda mənfi fikirlər bildirmək nədi? Bildiyimə görə, oyunçular da Atamanla işləməyə yaxşı baxırdı. Hətta Polina Rəhimova bir dəfə demişdi ki, əcnəbi mütəxəssislə işləmək xeyrimizə olar. Onun məşqini izləmək məsələsinə gəlincə, niyə mən gedib onun məşqini izləməliyəm? Voleybolumuzun tarixi şəxsiyyəti Faiq Qarayev var. Biz ondan çox şey öyrənmişik, öyrənirik də. Mən bunu rahatlıqla deyə bilərəm ki, Ataman Güneyligil Faiq müəllimə çata bilməz. Əlbəttə, uğursuzluq olanda əvvəlcə baş məşqçini qınayırlar. Bu da normaldı. Mən pandemiyadan sonra millini AÇ-yə apardım, uğursuz olduq. Məni tənqid də etdilər, lakin bunu pis qarşılamadım, qızlar haqda mənfi fikirlər söyləmədim və bunu heç vaxt da etmərəm. Qızlara həmişə dəstək olmaq lazımdı. Çünki hər biri meydanda bayrağımız üçün vuruşur. Qızlarımızın hər biri mənim üçün doğmadı. İnanıram ki, bu turnirdə də uğur qazanmaq üçün mübarizə aparıblar. Ataman bəy deyir ki, Şəfaqətlə Ülkəri turnirə aparmamaq həm köməkçilərimin fikri idi. Düzdü, baş məşqçi köməkçiləri ilə məsləhətləşər. Lakin son qərarı özü verməlidi. Sən necə məşqçisən ki, başqalarının qərarını öz qərarından üstün tutursan. Yadınızdadısa, mən demişdim ki, Şəfaqət, Ülkər çox yaxşı formadadı. Şəfaqət çox emosional və təcrübəli oyunçudu, turnirdə yığmaya köməyi dəyər. Amma aparılmayıbsa, bu, artıq məşqçinin öz fikridi. Lakin mən olsaydım, hər ikisini aparardım. Uğursuzluq olanda fərdi şəkildə hamını tənqid etmək olmaz. Azərbaycan voleybolunun böyük siması Faiq Qarayev məğlub olanda heç vaxt qızları tənqid etmirdi, onlar haqda nəsə demirdi. Həmişə səhvi özündə görürdü. Deyirdi ki, bu dəfə hansısa səhvi etdik, gələn dəfə eləmərik. Faiq müəllimin yaxşı bir sözü var: "Hər bir məşqçi uduzmağı bacarmalıdı". Həqiqətən də belədi. Biz psixoloji cəhətdən hər şeyə hazır olmalıyıq və komandanın ruhdan düşməsinə imkan verməməliyik".
Ziya Rəcəbov ("Xarı Bülbül"ün baş məşqçisi):
“Mən bəzi mütəxəssislər kimi kiminsə arxasınca danışmaq istəmirəm. İndiyə kimi heç bir məşqçinin məşqinə baxmamışam. Fikirləşmişəm ki, birdən narahat olar. Özü təklif etsəydi, gedərdik. Mən indi də özümdən böyük Faiq müəllimlə Vüqar müəllimdən nəsə öyrənirəm. Təklif olmayan yerə niyə gedim? Ataman bəy deyir ki, bəzi qızlar mənim dediklərimi eləmir. Sən əvvəlcə qızlara özünü sevdirməlisən. Düzdü, qadınlarla işləmək çətindi, lakin məşqçi də onlarla işləməyi bacarmalıdı. Qızlar sırf məşqçiyə görə oynayırlar. Mən Odina, Ruban ilə işləmişəm. Həmişə də meydanda bütün güclərini ortaya qoyublar. Heyətin yaşlı olması söhbəti bəhanədi. Yaşlılar təcrübəsi ilə oyunu öz üzərinə götürür, komandaya xeyir verir. Mən indi də millidəki qızların yanındayam. Onlara dəstək olmaq lazımdı. Çətin vaxtda onların üstünə getmək olmaz. Vallah, mən bunu şişirtmirəm, bizim çox güclü voleybolçularımız var. Ataman Güneyligil turnirdə çox sadə voleybol oynatdı. Ancaq 2-4 oynayırdıq. Heç olmasa, Şəfaqət kimi oyunçunu aparıb, yararlanmaq olardı. Turnirdə bizim milli qədər qəbulu yaxşı olan yığma yox idi. Hamı öz mövqeyində əla idi. Sadəcə, qızların üzlərinə baxanda hiss olunurdu ki, motivasiya yoxdu. Ataman bəy dünya çempionu olmasından danışır. 23 yaşlılarla çempion olmaq böyük şey deyil. Onlar onsuz da hazır kadr olurlar. Özünə güvənən məşqçisənsə, qızlarla əvvəldən danışardın, tələblərini irəli sürərdin. Daha turnirdən sonra mütəxəssislərimiz, qızlarımız haqda mənfi fikir bildirməyə haqqın yoxdu. Uduzuruqsa, hamının səhvidi. İndiki Türkiyə voleybolunun yüksəkdə olmasının səbəbi, bilirsiz, nədi? Çünki onlar oyunçu “milliləşdirsələr” də, voleybolçulara milli ruhu aşılayırlar. Melissa Varqasa baxın, necə meydanda can qoyur. Sizə maraqlı proses barədə danışım.Türkiyə klublarında belə ənənə var: legionerlə müqavilə bağlayanda ona deyirlər ki, mövsümün sonuna kimi dilimizi 30 faiz öyrənməlisən. Öyrənə bilməsən, maaşının bir hissəsi kəsilir. Onda da oyunçu dil öyrənməyə məcbur olur, meydanda daha çox çalışır. Bax, biz də belə iş aparmalıyıq. Mən hazırda "Xarı Bülbül"də legioner oyunçulara bu proqramı tətbiq edirəm. Artıq onlar bizim dildə danışa bilirlər. “Milliləşdirməni” tənqid edənlərə demək istəyirəm ki, həm qardaş Türkiyə, həm də digər güclü yığmalar bu siyasəti aparır. Bunda pis nəsə yoxdu. Onlar edirsə, bizim etməyimiz də normaldı. Çünki hazırda uşaq voleybolumuz yaxşı durumda deyil. Gərək 7-8 il gözləyək ki, yeni nəsil yetişsin. Bu da bizim bəzi turnirlərdən kənarda qalmağımız deməkdi. İndiki federasiya da yaxşı işlər görür. Bunun nə qədər uğurlu olub-olmamyacağını zaman göstərəcək. Bizim də istəyimiz ölkə voleybolunun inkişafıdı".
Eldar Yusubov ("Murov"un baş məşqçisi):
"Ataman bəyin fikirləri ilə tanışam. Komanda məğlub olursa, kiminsə üstünə atmaq olmaz. Bu, hamının uğursuzluğudu. Qızlarımız və mütəxəssislər haqda belə danışmaq yanlışdı. Millinin vəziyyətini bilirdisə, əvvəldən federasiyaya məlumat verərdi. Qazancını önə çəkib, işləməzdi. Hazırda Azərbaycanda güclü mütəxəsislər var. Millidə oynayan qızların bir çoxunu biz yetişdirmişik. İndi də federasiya yeni nəsil voleybolçuların inkişafı yolunda yaxşı addımlar atır".
Famil Ağayev (yığmanın köməkçi məşqçisi):
“Ataman bəyin fikirlərinə hörmətlə yanaşıram, düşüncələrini bildirib. Şəfaqət və Ülkər məsələsinə gəlincə, baş məşqçi və köməkçilər heyəti müzakirə edirlər və daha hazırlıqlı olanı turnirə aparırlar. Mənim nə Şəfaqət, nə də Ülkər ilə şəxsi problemim var. Şəfaqət yığma üçün indiyə qədər çox can qoyub, əziyyət çəkib. Onun xətrini də çox istəyirəm. Ülkər də mənim komandamdadı. Çox da yaxşı oyunçudu. Sadəcə, Şəfaqətdə turnirdən əvvəl zədələr olurdu. Buna görə də heyət seçimində fərqli qərarlar verdik. Heç kim komandanın daxilində olan problemləri bilmir və kənardan çox şey yazır. Biz Alyona Xarçenkonu libero kimi sınayanda tənqid etdilər. Amma bilmədilər ki, Olena zədəli idi və İsveçlə oyuna saxlamaq üçün ona istirahət verdik. Polina dizindən əməliyyat olunmuşdu, Odianın ayağında, Ayşənin belində zədələr var idi. Lakin onlar meydana çıxıb, can qoydular. Uğursuzluğun səbəbi turnirdən əvvəl hazırlığımızın qısa olması idi. Fiziki cəhətdən tam hazır deyildik. Komandanın hazırlığı güclü olsaydı, qrupdan çıxardıq. Çünki bu qızlarla çox şeyi bacarmaq olar. AÇ-də əldə etdiyimiz belə nəticə də hamımızın uğursuzluğudu. Heç kimi fərdi şəkildə tənqid etmək olmaz".
Ayşən Abduləzimova (yığmanın kapitanı ):
"Bu müsahibə və bizə ünvanlanan ittihamlar ilə bağlı fikir bildirməyə bilməzdim. Voleybolun komanda oyunu olduğunu deyirik. Qələbə qazananda “bu qələbəni oyunçular, məşqçilər heyəti, hamımız qazandıq” deyilir, amma uğursuzluq olanda günah təkcə oyunçularda olurmu? Heyəti isə məşqçi özü müəyyənləşdirib. Əsasən gənclərdən ibarət ikinci millimiz də var, ordan da oyunçu cəlb oluna bilərdi. Uduzanda bütün günahı oyunçulara atmaq asandı".
İlqar İmamquliyev: (meneceri, "Xarı Bülbül"ün təsisçi-direktoru):
“Əziz və dəyərli, yeni sistem gətirən və gətirmək istəyən məşqçi və onun köməkçiləri. Gətirdiyiniz yeni sistem ortabab qrupdan çıxmağa, oyunçuların daha yaxşı oynamasına şərait yaratmırsa, belə pafoslu və ittihamlı açıqlamalara nə gərək var? Bu nəticəni orta məktəbdə çalışan idman müəllimi də verə bilərdi, son nəticə qrupda qalmaq olacaqdısa. Burdakı məşqçilər sənin məşqinin nəyini izləməliydi? Gələn çempionatda qrupda qalmağı öyrənsinlər? Bir yerdə olmaq ora uyğun və ya aid olmaq anlamına gəlmir. Türkiyəli 3 baş məşqçinin olduğu hər üç milli komanda (Azərbaycan, Yunanıstan və Xorvatiya) qrupda qaldı. Yüzlərlə Türkiyə komandası var ikən niyə hələ də komandasız qalmış və göstərdiyi nəticə də biabırçılıq olan şəxs bizim mütəxəssisləri və voleybol bilicilərini təhqir edir? Bir oyunçunun çirkab dolu düşüncələri,yersiz böhtanları əsasında komanda və onun ətrafını müəyyənləşdirən şəxs belə cürətli danışacaq sonuncu şəxsdi.
Türkiyə voleybolunu türk məşqçilər yox, italiyalı, belçikalı və digər əcnəbi məşqçilər bu səviyyəyə gətirib. Bu qızlar Avropa çempionu olası deyildi - bu dəqiqdi. Amma ən azı 8 komanda arasında yerimiz var idi. Onlarla səhvini sadalaya bilərdik, sayğı və tolerantlıq göstərib bunu etmiriksə, bu sizə Azərbaycan voleybol camiəsinə bu qədər hörmətsiz davranmaq ixtiyarı vermir. Ataman Güneyligil, karyeranda uğur arzulayıram, amma bizdən çox uzaqlarda. Bir məqamı da vurğulayım. U-23 ilə dünya çempionluğu nəticə sayılmaz, çünki bu kollektiv hibrid komandadı, orda "Vakıfbank", "Fənərbaxça", "Əczaçıbaşı" kimi komandalarda əsas heyətdə oynayan, əcnəbi məşqçilərin yetişdirdiyi hazır və artıq ulduzlaşmış oyunçular nəticə verib, məşqçi yox".
Şəfaqət Alışanova ("Buta"nın oyunçusu):
"Mən bu haqda heç nə danışmaq istəmirəm. Ataman bəygilin dili ilə desək, Allaha həvalə edirəm".
Elmin Alışanov ("Murov"un oyunçusu):
"Bir oyunçunun məsləti ilə milliyə gətirilən ve həmin oyunçunun prinsipial məsləhətinə əsasən qərarlar verən məşqçisən sən. Nağıl danışmaq lazım deyil. Səndə bir günah yoxdu, Ataman Güneyligil, günah səni bura gətirənlərdədi”.
CAVİD ƏLİYEV