Sombatxey şəhərində Malta yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə millimizin baş məşqçisi Ayxan Abbasovla qapıçısı Emil Balayevin iştirakıyla mətbuat konfransı keçirilib.
Jurnalistlərin önünə çıxan Ayxan bəy matç haqda danışıb.
- Bu, Millətlər Liqasının startından əvvəl sonuncu toplanışımızdır. Ağır mövsümdən sonra biraraya gəlmişik. Komandanın böyük həvəslə məşq etməsi məni çox sevindirir. Malta və San-Marino ilə matçlarda bütün oyunçularımızı yoxlayacağıq. Bu oyunlar ərəfəsində komandada böyük istək var. Yoldaşlıq matçları olmasına baxmayaraq, hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik. Bizi olduqca maraqlı matçlar gözləyir.
- Niyə məhz bu komandalar seçildi?
- Biz matçları burda oynamaq istəyirdik, lakin heç də bütün komandalar bura gəlməyə razı deyildi. Onlar bizi öz meydanlarında qəbul etmək istəyirdilər. Yorucu və uzun səfərlərə görə bununla razılaşmadıq. Millətlər Liqasına hazırlaşdığımız üçün oyun tərzi və güc baxımından Litva və Lixtenşteynə yaxın olan rəqibləri seçdik.
- Artıq 11 ildi ki, Maltanı məğlub edə bilmirik. Bu seriyaya son qoyulacaqmı?
- Bəli, əvvəllər onlara ya məğlub olmuşuq, ya da heç-heçə oynamışıq. Bu dəfə inamlı çıxış edib qalib gəlmək istəyirik. Təbii ki, rəqib də qələbə qazanmağa çalışacaq. Onların güclü komandalarda çıxış edən kifayət qədər yaxşı hücumameyilli futbolçuları var.
- Bu yoldaşlıq matçlarının nəticələri sizin üçün nə dərəcədə önəmlidi?
- Belə oyunlar bizə müəyyən qədər risk etmək imkanı verir. Ancaq harda və kimə qarşı oynamağından asılı olmayaraq, həmişə qalib gəlmək istəyirsən. Bəli, qələbə qazanmaq əsas hədəfdi. Lakin nümayiş etdirəcəyimiz oyunun keyfiyyəti də bizim üçün eyni dərəcədə vacib olacaq.
- Emil Balayevdən başqa daha kimlər əsas heyətdə meydana çıxacaq?
- Hər iki matç üçün fərqli heyətlərimiz olacaq. Emil əsas qapıçı kimi çıxış edəcək. Start heyətində həmçinin Anton Krivotsyuk, Bədavi Hüseynov, Elvin Bədəlov, Qismət Alıyev, Elvin Cəfərquliyev, Emil Səfərov, Aleksey İsayev, Mahir Əmrəli, Toral Bayramov və Xəyal Əliyev yer alacaq. İkinci oyunda isə tamamilə fərqli bir heyəti meydana buraxacağıq.
- Elvin Cəfərquliyev hazırda nə dərəcədə formadadı?
- Onunla bu barədə söhbət etdik. Çox böyük həvəsi var və böyük futbol üçün həqiqətən darıxıb. İnanıram ki, sentyabr ayınadək Elvin yeni klubunda kifayət qədər oyun təcrübəsi qazanacaq. Biz ümumiyyətlə klubun və futbolçunun daxili işlərinə qarışmırıq, amma inanırıq ki, ona yeni komanda tapması üçün lazımi şərait yaradılacaq. O, bizim üçün çox vacib oyunçudu.