Qadın voleybolçular arasında Avropa çempionatı yığmamız üçün erkən başa çatdı.
Ataman Güneyligilin çalışdırdığı komanda 5 oyunun 2-də qalib gəldi, 3-də uduzdu və qrupda qaldı. Turnirdə çıxışla bağlı sabiq voleybolçu, hazırda Voleybol Federasiyasının mətbuat katibi kimi çalışan Şəfəq Kərimova ilə danışdıq.
- Sabiq voleybolçu və azarkeş kimi yığmanın Avropa çempionatındakı çıxışını necə dəyərləndirərdiz?
- Sabiq voleybolçu kimi millimizin AÇ-dəki oyunlarını izləmək çox həyəcanlı və çətin idi. Çünki kənardan səhvlər daha yaxşı görünür, amma onu düzəltmək üçün heç nə edə bilmirsən. Yalnız matçın sonuna kimi komandanı dəstəkləyə bilirsən.
- Turnirdəki uğursuzluğumuzun səbəbi nədi?
- Çempionata çox gözəl başladıq, hətta ikinci oyunda ev sahibinə qarşı da yaxşı oynadıq. Amma Yunanıstanla vacib oyunda xal itirdik və qazanmalı olduğumuz İsveçlə matçda məğlub olduq. Bunların nəticəsini isə İsveç – Çexiya oyunundan sonra gördük və itirilən xallar bizi qrupda saxladı.
- Sizcə, yığma bundan artığını bacara bilərdimi?
- Əlbəttə! Biz bu yarışda qrup mərhələsini keçə bilərdik və hətta keçməliydik də. Amma təəssüf ki, üç qarşılaşmada uduzan tərəf biz olduq. Düşünürəm ki, həm məşqçilər, həm də oyunçular meydana yalnız qələbə üçün çıxır. Sadəcə, daha az səhv edən komanda görüşdən qalib ayrılır. Bizim məğlubiyyətimizin səbəbi vacib anlarda edilən səhvlər oldu.
- Ataman Güneyligil federasiyaya turnirdən sonra hesabat verdimi? Veribsə, nədən bəhs edib?
- Baş məşqçinin komandamızın turnirdə çıxışı ilə bağlı hesabatı yaxın günlərdə rəhbərliyə təqdim olunacaq.
- Milli komandanın bundan sonrakı hədəfləri nədi?
- Bildiyiniz kimi, Avropa çempionatından sonra milli komandalar üçün mövsüm başa çatır. Oyuçular da yeni mövsümdə çıxış edəcəkləri klublara gedirlər. Onu deyə bilərəm ki, bu gün federasiyada yeniyetmə və gənc oyunçuların yetişdirilməsi ilə bağlı bir çox işlər görülür, layihələr həyata keçirilir. Artıq türkiyəli mütəxəssis Şahin Çatma ilə müqavilə bağlanıb və o, bu işlərə cəlb olunub. Qısa müddətdə ölkə üzrə bir neçə seleksiya tədbiri həyata keçirilib. Həmin seleksiya məşqlərində fərqlənən yeniyetmə qızlar Bakıda qurulan “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”nə cəlb olunub. Belə tədbirlərin yaxın vaxtlarda oğlan voleybolçular üçün də təşkil olunması nəzərdə tutulur. Bu işləri görməkdə əsas məqsəd bütün milli komandalarımızın beynəlxalq yarışlarda iştirakını təmin etmək və yaxın gələcəkdə uğurlu nəticələr göstərməkdi.Qadınlardan ibarət yığma bu gün Avropa və dünya reytinqində bir neçə pillə irəliyib. İnanıram ki, bütün bu işlərin nəticəsi kimi yaxın vaxtlarda daha yüksək pillələrdə olacağıq.
CAVİD ƏLİYEV