Slovakiyanın Bratislava şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulduğunu, Elşad Quliyevin rəhbərlik etdiyi millimizin bu çərçivədə keçirilən oyunlarda qrupda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub etməklə maksimum – 9 xal topladığını yazmışdıq.
Ardından pley-off oyunları başladı. Yığmamız 1/8 finalda Qazaxıstanı 3:2, 1/4 finalda isə Çexiyanı 5:2 hesabıyla məğlub etdi. Komanda yarımfinalda üz-üzə gəldiyini Serbiya ilə əsas vaxtda 1:1 hesablı heç-heçə etsə də, penaltilər seriyasında üstün olaraq (3:1) finala vəsiqə qazandı. Burda rəqib Ukrayna idi. Bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən final matçı da yığmamızın qələbəsiylə nəticələndi - 2:0! Qolları 7-ci dəqiqədə Mirmehdi Rzayev, 50+5-ci dəqiqədə İsa Atayev vurdu. Beləliklə, millimiz Avropa çempionatının qalibi oldu.
Xatırladaq ki, kollektiv 2022-ci ildə Avropa, 2025-ci ildə isə dünya çempionu olub.