“Onlar Deniel Levinin hələ kim olduğunu bilmirlər” – “Bavariya”nın Harri Keyn uğrunda mübarizəyə qoşulmasına “Mançester Yunayted”in düşərgəsində belə reaksiya vermişdilər.
“Football-plus.az” xəbər verir ki, uzun-uzadı çəkən bezdirici danışıqlardan sonra Münhen klubu istədiyinə nail oldu: “Tottenhem”in müasir tarixinin bombardiri “Bavariya”ya keçdi. Müqavilə müddətinin son ilinə qədəm qoyan oyunçuya görə 100 milyon avro ödənildi. “Bavariya” bu prosesin gedişində İngiltərə futbolunda çoxlarının yaşadığı Levi ilə transfer pokeri oynamaq təcrübəsi yaşadı. Söhbət bütün dünyada ən qeyri-münasib danışıqçı imici qazanan klub prezidentindən gedir. Çətin ki, bu təcrübə münhenlilərin xoşuna gələ. Bəs əvvəllər İngiltərə premyer-liqasının bossları ilə görüşlərdə “siçovul kimi” əyləşən biznesmen demon aurasına malik fiqura necə çevrildi?
“Tottenhem”ə qədər paltar satışı ilə məşğul idi
Levi köhnə “Uayt Hart Leyn” stadionunda keçirilən son oyundan əvvəl belə xatırlayırdı: “50 il əvvəl bura ilk dəfə əmimlə birgə - KPR ilə oyuna baxmağa gəlmişəm”. Deniel həmin gün əyləşdiyi taxta oturacaqdan prezident kreslosuna keçənə qədər ən qiymətli vərdişləri inkişaf etdirib.
İqtisadi təhsilini Kembricdə alan Levi ilk vaxtlar ailə biznesinə yardım edib – atasının yaratdığı “Mister Byrite” geyim dükanları şəbəkəsində çalışıb. Böyük maraqla ən müxtəlif sahələrə girişən və müəyyən nüfuz qazanan Deniel 1995-ci ildə ENIC (English National Investment Company) investisiya şirkətinə qoşulub. Bu şirkətin sahibi Co Lüis onda böyük potensial görüb, cütlük 90-cı illərin 2-ci yarısını parlaq keçirib. Ardından biznesmenlər daha ehtiraslı məşğuliyyət tapmaq istəyib. Levi belə izah edir: “Futbolu seçdik, ona görə ki, dünyada ən populyar idman növüdü, burda nəhəng pullar fırlanır. Biz, sadəcə, ildə 10 faiz böyüyən biznes axtarmırdıq, cəlbedici nəsə istəyirdik”.
ENIC “Reyncers”, AEK, “Viçentsa”, “Bazel” və Praqa “Slaviya”sı kimi klublarda səhmlərin müəyyən hissəsinə yiyələndi. Ancaq Lüislə Levinin əsas futbol layihəsi “Tottenhem” oldu. Onlar kluba ilk dəfə 1998-ci ildə yaxınlaşsalar da, imtina cavabı aldılar. İlyarım sonrakı cəhd uğurlu oldu: fanatların tənqid atəşinə tutduğu Alan Şuqar səhmlərin 29,9 faizini 22 milyon funta satdı. Sonradan Levi ilə Lüus klubdakı payını önəmli şəkildə artırdı. “ENIC International Limited” hazırda səhmlərin 85,55 faizinə malikdi. 2001-in oktyabrında klub prezidenti postunu tutan 38 yaşlı Levi Lüisə kölgəyə çəkilmək və biznesə köklənmək imkanı yaratdı (“Forbes” Levinin tərəfdaşının indiki sərvətini 6,2 milyardla dəyərləndirir).
Denielin şəxsi həyatı ilə bağlı o qədər də çox şey bilmirik. Xanımı Treysi əvvəllər onun katibəsi işləyib, cütlüyün 4 övladı var. “Mən yetərincə qapalı adamam, diqqət mərkəzində olmaq xoşuma gəmir” deyən prezidentin qapalılığı hansısa klub “Tottenhem”in oyunçusunu almağa maraq göstərən kimi aradan qalxır.
Ferqyuson onunla yollarının kəsişməməsi üçün Modriçdən imtina edib
“The Guardian”ın futbol bölməsinin müdiri Deniel Teylor maraqlı tarixçə danışır. 2012-də Luka Modriç “Tottenhem”də son mövsümünü keçirirdi və Aleks Ferqyuson xəbər tutur ki, xorvat MY-yə keçməyin əleyhinə deyil. Ferqyuson onü çox yüksək dəyərləndirirdi, Pol Skolulzla müqayisə edir, komandanın oyununu ideal səviyyəyə yaxınlaşdıracağına inanırdı. Ancaq şotlandiyalı mütəxəssis bu yolda heç bir addım atmadı. MY-nin icraçı direktoru Devid Gill ilə söhbətdən sonra Levi ilə danışıq aparmaq fikrindən daşındı. Axı ötən illərdəli sövdələşmələr böyük iz buraxmışdı.
“Heç vaxt unutmayacam ki, hər şeyin artıq hazır olduğu məqamda Devid Gill mənə zəng edərək dedi ki, onlar daha artığını istəyir, tipik Deniel Levi yolu idi”, - deyə Ferqyuson Maykl Kerrikin transferini xatırlayır. 2006-da “Tottenhem” müqavilə müddətinin sonuna cəmi bir il qalan yarımmüdafiəçiyə görə 17 milyon funt qazandı. Ferqyuson avtobioqrafik kitabında da Levi haqda danışıb: “Bu adamla hər iki tərəf üçün faydalı şərtləri müzakirə etmək əsla mümkün deyil. Yalnız o, yalnız “Tottenhem” və başqa heç nə. Hərçənd londonluların maraqları baxımından bunda pis heç nə yoxdu”.
Kerrik, heç olmasa, “transfer pəncərəsi”nin sonuna bir ay qalmış keçdi. Dimitar Berbatovla bağlı məsələ fərqli oldu: “Yunayted” bolqarı lap son anda 30,75 milyona ələ keçirdi. “Tottenhem” onu premyer-liqanın heç bir klubuna vermək istəmirdi, ancaq futbolçunun istəyi həlledici oldu. Danışqlar yay boyunca getdi, Ferqyuson sonradan deyəcəkdi ki, bu proses qabırğanı dəyişməkdən daha çox ağrı verib. “Tottenhem” Berbatovun münasibətindən narazı idi, onu məşqlərdən və oyunlardan kənarlaşdırmışdı, MY-ni qeyri-leqal şəkildə futbolçunu şirnikləndirməkdə suçlayırdı. Amma “mahmızlar”ın prezidenti ilə danışıqların ağrısını təkcə Ferqyuson öz üzərində hiss etməyib.
Şifahi razılığın heç bir əhəmiyyəti yoxdu
Modriç 2011-in yayında əmin idi ki, “Tottenhem” onu “Çelsi”yə buraxacaq. Xorvat Levi ilə aralarındakı centlmen razılaşmasına söykənirdi. Yəni Modriç hansısa stautslu və uğurlu klubdan təklif alacağı halda Deniel müqavimət göstərməyəcəkdi. “Çelsi”nin 22 milyonluq təklifi Levinin heç tükünü də tərpətmədi – futbolçu ilə aralarında hansısa razılaşma olduğunu, sadəcə, inkar etdi. “Tottenhem” heç “zadəganlar”la danışığa başlamadı da. Avqustun 31-də - lap son gündə “Çelsi” təklifi ikqat artırdı. Söhbət artıq 40 milyondan gedirdi. Gözləmək bacarığı yenə Levinin işinə yaradı. Ancaq sonda əsas ulduzunu birbaşa rəqibə verməmək istəyi qalib gəldi. “Tottenhem”də daha bir mövsüm keçirən Modriç növbəti yay 30 milyon əvəzində “Real”a yollandı. “Lion”un sabiq prezidenti, Levi ilə Uqo Lyorislə bağlı danışıqlar aparan Jan-Mişel Olanın fikirləri: “O, çox danışır, sonra isə artıq kağız üzərində təsdiqlədiyimiz qiymətə qayıdır. 25 il ərzində apardığım danışıqlar zamanı heç bir başqa klubla “Tottenhem”lə olduğu qədər əziyyət çəkməmişəm”.
Hər funtun davasını aparır
Daha bir tarixçəyə baxaq. Bunu artıq Zdravko Mamiç – 2008-də Modriçi “Tottenhem”ə satan Zaqreb “Dinamo”sunun prezidenti danışır: “Fikrimcə, Levi bu dünyada danışıqları ən yaxşı aparan şəxsdi. Onu qiymətləndirmək üçün yetərincə çox vaxtım oldu. Lukanın “Tottenhem”ə transferini razılaşdırandan sonra nəzakətlə 5 futbolka xahiş etdim. Levi həmin o 5 formanı mənə verdi, ancaq qiymətini transfer ödənişindən çıxdı. Mən belə olayı, sadəcə, təsəvvür etmirdim. Onu klubun xərclədiyi hər penni həyəcanlandırır”.
Ən maraqlı hadisələr sonuncu gün baş verir
“Tottenhem”in sabiq futbol direktoru Demyen Komollinin fikirləri: “Deniel heç vaxt səsini ucaltmır və qışqırmır. Buna görə də həmişə qalib gəlir. Başqaları isə özünənəzarəti itirir. Başqaları əsəbləşir və ya həyəcanlanırsa, o belə məqamlardan ləzzət alır”.
Bəli, başqalarının panikası artıq Denilein qələbəsi deməkdi. 2019-cu ildə “Tottenhem”in heyətində Çempionlar Liqasının finalına oynayan 14 futbolçudan altısı – Lyoris, Sissoko, Eriksen, Son, Moura və Lyorente kluba məhz “transfer pəncərəsi”nin son günlərində qədəm qoyanlar idi. Rafael van der Vaart da eyni təcrübəni yaşayıb. Niderlandlının dediyinə görə, 2010-da Levinin gözləmək bacarığı “Real”ı qiyməti az qala iki dəfə aşağı salmağa məcbur edib. Onda “Tottenhem”i çalışdıran Harri Rednappın məsələdən xəbəri olmayıb. Levi Rednappa zəng edərək deyib ki, ona hədiyyəsi var. Sən demə, Rednapp maşın və ya buna bənzər qiymətli hədiyyə gözləyirmiş. Rafaeli klubun ofisində görəndə gözü kəlləsinə çıxıb.
Levi “transfer pəncərəsi”nin son günündə möhtəşəm manevrlər edir. Berbatov bu məsələyə belə yanaşır: “Levi gözəl biznesmendi – aydın məsələdi. Ancaq futbolçunun maraqları baxımından bu yaxşıdımı? Yox. Bütün gün beynində eyni narahat fikirlər dolaşır: transfer baş tutacaqmı, mən gedirəm, yoxsa qalıram? Belədə normal məşq edə bilmirsən, məşqçi və oyunçular ilə münasibətlər pozulur”.
Levinin bütün günü “vatsap”da keçir
2000-ci illərin ortalarında “Tottenhem”də idman direktoru postu təsis olundu. 2004-də həmin postu tutan Frank Arneseni tezliklə “Çelsi” oğurladı. Ardından fransalı Komolli və italiyalı Franko Baldini çalışdı. “Sauthempton”dan bu vəzifəyə gələn Pol Mitçell Son Hın Minlə Tobi Alderveyreldin transferinə səbəbkar olsa da, sonradan Levi ilə münasibətləri korlandı və “Leyptsiq”ə yollandı. Belədə baş məşqçi Maurisio Poçettino yeni idman direktoru axtarmaq istəmədi və “Tottenhem”də transfer komitəsi formalaşdı. Komitəyə baş məşqçi, baş skaut, akademiyanın rəhbəri və əlbəttə, Levi daxil idi. Son sözü məhz bu qurum deyirdi. 2021-də klub “Yuventus”un sabiq meneceri Fabio Paratiçini gətirməklə köhnə modelə qayıtdı.
Deniellə çalışmaq imkanı olan adamlar onun “mahmızlar”a sevgisini ehtiras kimi təsvir edir. Prezident telefonu əlindən yerə qoymur, bütün məsələləri “vatsap” danışıqları ilə yoluna qoyur. Levi az yatır, kiminsə ona messencerdə 10 dəqiqədən artıq səs atmasını xoşlamır. İnformasiyanın sıza biləcəyi ilə bağlı mankyakcasına qorxu keçirdiyindən transferləri kodlaşdırır ki, bu və ya başqa keçiddən heç klubun əməkdaşları da xəbər tutmasın.
22 ildə 13 məşqçi ilə çalışıb
Yazda Kembricə baş çəkən Levi çoxlu məşqçi əvəzləmələri haqda sualla da üzləşdi: “Bu, sadəcə, oyunun bir hissəsidi. Heç bir şəxsi məqam yoxdu. Biz qalib gəlməli olduğumuz biznesdəyik. Qələbələrin sayı azdısa, məşqçilər işinin təhlükədə olduğunu anlayır. Onlar buna görə yaxşı pul alırlar. “Tottenhem”dən gedən bütün məşqçilərlə münasibətlərim yaxşıdı”.
Levi son 22 ildə “Tottenhem”ə 13 məşqçi gətirib. Jak Santininin karyerası cəmi 13 oyunluq olub. Martin Yol “Tottenhem”i 3 il çalışdırıb, ancaq UEFA kubokunun oyununun fasiləsində qovulub. Niderlandlı mütəxəssis artıq onda – 2000-ci illərin ortalarında avrokubok uğurunun Levini necə düşündürdüyünü anladır: “Deniel və vitse-prezident Pol Kemsli ÇL həyəcanı ilə yatıb-dururdu. Pol bir dəfə mənə dedi ki, Avropada oynasaq, sənə BMW bağışlayacam. UEFA kubokuna vəsiqə qazandıq, ancaq maşın əvəzinə saat bağışladı. Əla saat idi, ancaq onu qohumuma verdim və bir daha BMW ilə bağlı nəsə soruşmadım. Bir il sonra yenidən avrokuboklara vəsiqə qazandıq və Deniel mənə “Porşe 911” bağışladı. Artıq düz belə maşınım olduğundan yeni maşını bir neçə ay sonra gizlicə satdım”.
“Tottenhem” Rednapp ilə tarixində ilk dəfə ÇL-də oynadı və 1/8 finalda “Milan”ı keçdi. Ardından Villaş-Boaş, daha sonra Poçettino gəldi. Komandanın yeni yüksəlişi məhz sonuncunun adı ilə bağlıdı. Deniel həmin vaxt “Sauthempton”u çalışdıran argentinalıda iki cəhəti bəyənmişdi: loyallıq və gənc oyunçuları inkişaf etdirmək bacarığı. Məhz Poçettinonun vaxtında London klubu sabit şəkildə ÇL-də oynamağa başladı. Levi ilə Poçettino arasındakı futbol müzakirələri o qədər uzun çəkirdi ki, hətta bir dəfə prezidentin xanımı argentinalı mütəxəssisə “sən ailəmizi dağıdacaqsan” demişdi.
Poçettino Levinin ən nəhəng tapıntısı və uğuru idi. Argentinalının kluba gəldiyi dövrə, yəni 2014-ün yayına qədər “mahmızlar”ın ətrafında qeyri-müəyyənlik var idi. Komanda uğurlarla uğursuzluqları sıralayırdı. O gələndən sonra azarkeşlər yeni macəralar yaşamağa başladı. 2019-un noyabrında bu nağıl da bitdi: futbolçular yüklənmələrdən yoruldu, komandanın inkişafı dayandı və Levi sevimli məşqçisini qovdu.
“Tottenhem” 2019-un payızında – Çempionlar Liqasının finalında oynayandan dərhal sonra müqavilə tələsinə düşdü. Kristian Eriksenlə Tobi Alderveyreldin getmək həvəsi böyük idi. Danimarkalı inadla yeni çağırış istəyirdi və “İnter”ə yollandı, ancaq qışda. Tobi uzun müddət yeni müqaviləyə qol çəkmədi, onun inadkarlığı “Tottenhem” üçün tipik deyildi.
Poçettino açıq-aşkar qeyri-müəyyənlikdən gileylənirdi və noyabrda Levi onunla vidalaşdı. “Mahmızlar”ın prezidenti sonrakı illərdə adların arxaınca düşdü – Joze Mourinyo və Antonio Konte ilə çalışdı. Lazımi şəkildə yenilənməyən (“Tottenhem” Poçettino dönəmində uzun müddət heç kimi almadı) heyət get-gedə yaşlandı və ətalətə uğradı. Bir neçə il komandanın yükünü çiyinlərində daşıyan Keyn də, nəhayət, dözmədi və getdi. İrəlidə “mahmızlar”ı yeni həyat gözləyir. “Tottenhem” Keynə görə qazandığı 100 milyon və yeni məşqçi ilə yola çıxıb. Görək bu dəfə nə alınacaq?..