Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayan “Neftçi” startda acı məğlubiyyətlə üzləşdi. Oyunsonrası mətbuat konfransında Yuri Vernidub özünü məğlubiyyətin əsas səbəbkarı kimi göstərdi.
Bəs mütəxəssislər bununla bağlı nə düşünür? Səhv kimdə idi - baş məşqçidə, yoxsa futbolçularda? Freddi Varqasın yoxluğu komandaya necə təsir etdi?
Bu suallara cavab almaq üçün Şahin Diniyev ilə əlaqə saxladıq:
“Bizim mentallıq belədi. Məşqçi əcnəbi olanda deyirlər ki, futbolçular günahkardı, məşqçi nə etsin, gedib özü qol vurmayacaq ki... Yerli məşqçi olanda isə deyirlər ki, məşqçi günahkardı, futbolçu nə etsin, məşqçi yaxşı öyrətmir. Yəni günahkar axtaranda belə axtarırıq. Amma bunu zarafatla dedim.
Oyuna gəlincə, ilk dəqiqələr həqiqətən çox ümidverici idi. “Neftçi” yüksək tempdə başladı və “Dinamo-Minsk” buna uyğunlaşa bilmədi. Rəqib futbolçularda ağırlıq hiss olunurdu, sürətdə geri qalırdılar. Hesab 2:0 olanda hamı darmadağın gözləyirdi. Amma futbol belədi – futbol erkən qələbə sevincini sevmir. Bu oyunun gözəlliyi ondadı ki, hər dəqiqə nəsə dəyişə bilər. Sonradan “Neftçi”nin tempi birdən-birə düşdü və tədricən Belarusun “Dinamo-Minsk” komandası oyunu ələ aldı. Qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladılar. 2-3 qol vəziyyəti oldu. Təkbətək epizodda Emil Balayev yaxşı oynadı. Sonra isə rəqibin 7 nömrəli oyunçusu boş qapıya düşə bilmədi. Belə iki-üç epizod artıq siqnal idi ki, oyunda dəyişiklik etmək lazımdı – həm taktiki, həm də oyun baxımından.
Kənardan baxanda bizə hər şey asan görünür. Mən heç vaxt məşqçi haqda danışmaq istəmirəm, çünki bu etik baxımdan düzgün deyil. Komandanın daxilində nələrin baş verdiyini nə siz, nə də mən bilirik, bunu yalnız məşqçilər bilir. Komanda yenicə toplanışdan gəlib, birgə məşq keçib və burda bir çox nüanslar var: psixoloji, taktiki, mental, uyğunlaşma, fiziki durum. Bu amillərdən hansının təsir etdiyini yalnız təhlillə müəyyənləşdirmək olar.
Ümumi baxanda “Neftçi”nin futbolçuları fərdi səviyyədə daha sanballı görünürdü. Oyunçuların keyfiyyəti daha yüksək idi. Düşünürəm ki, “Neftçi”nin hələ şansı var, yəni Konfrans Liqasına çıxmaq mümkündü. Həm “Dinamo-Minsk”in gücünü gördük, həm də “Neftçi”nin. Sadəcə, oyunda gözlənilməz, demək olar ki, fantastik şəkildə əks hadisələr baş verdi. Bu “Neftçi” üçün faciəyə çevrildi.
Amma düzgün təhlil olunarsa, ikinci oyunda vəziyyəti dəyişmək olar. “Dinamo-Minsk” keçilməz komanda deyil. Bu hesabdan sonra belə onları keçmək mümkündü. Sadəcə, futbolçular və məşqçilər düzgün nəticə çıxarıb, oyuna uyğun yanaşmalıdılar.
“Neftçi” 4:2 hesabından geridönüş etmək iqtidarındadı. Günahkar axtarmağa ehtiyac yoxdu. Futbolda məsuliyyət hamının üzərindədi – tək məşqçi, tək futbolçu və ya tək rəqib deyil. Faciə baş veribsə, bu, hamının payı olan bir vəziyyətdi.
Əsas məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi. Bunun üçün isə “Neftçi”nin yetərincə gücü var”.
İSRAYIL XEYRULLAYEV