Türkiyə futbolunun XXI əsrdə yetişdiriyi ən güclü forvardlardan biri, bəlkə də birincisi olan Burak Yılmaz, nəhayət, gələcəyi ilə bağlı yekun qərarı verdi. Gələn ay 38 yaşı tamam olacaq məşhur futbolçu iyunun 5-də jurnalistlər üçün mətbuat konfransı keçirərək 21 illik peşəkar karyerasını bitirdiyini açıqladı!
"Football-plus.az" olaraq sizi onun son sözləri ilə baş-başa buraxırıq
.
* Bu gün mətbuat konfransı keçirməyimin xüsusi səbəbi var. Dünən axşam dünyanın ən böyük futbolçularından biri (Zlatan İbrahimoviçi nəzərdə tutur – red.) stadionda minlərlə azarkeşə əl sallayaraq futbolla vidalaşdı. Təbii ki, mən də belə vidalaşmaq istərdim. Amma görünür, qismət deyilmiş. İnternetdə sadə vida sözləri yazaraq sağollaşmaq istəmədim. Düşündüm ki, bu cür vida karyerama yaraşmaz. Həmişə birəbir ünsiyyətə önəm vermişəm. Bu gün burda karyeramı bitirdiyimi açıqlamaq istəyirəm.
* Çox xoşbəxt və qürurluyam. Çünki gözəl bir karyeram oldu. Fikrimcə, ən azı bu cür karyera futbola yeni başlayan hər bir gəncin arzusudu. Bu cür xəyalları yaşamağı mənə nəsib etdiyi üçün Allaha şükr edirəm. Əslində demək istədiyim çox şey var. 7 yaşımda ilk dəfə “Antalyaspor”un qapısından içəri girdim. Bu kluba çox təşəkkür edirəm. Mənə futbolu öyrətdilər, inkişaf etdirdilər və Türkiyə futboluna verdilər. Hər bir gəncimizin arzusunu həyata keçirərək 4 böyük klubda da oynadım. Bu, mənə qismət oldu. Həmin 4 böyük, çinar klubumuza təşəkkür edirəm. Hamısında eyni uğurları qazana bilməsəm də, hər birinin mənə güvənib qapısını üzümə açması artıq mənim üçün çox dəyərlidi. Hərəsinin qəlbimdə öz yeri olacaq.
* “Əskişəhərspor”a, “Manisaspor”a, hətta “Beytsin Qoyan”a və təbii ki, “Lill”ə təşəkkür edirəm. Fransada yaşadıqlarım və mənə yaşadılanlar unudulmazdı. Orda karyeramın gözəl və dəyərli dönəmini keçirdim. Həyat yoldaşıma və övladlarıma da təşəkkür edirəm. Həyatının mərkəzinə futbolu qoymuş bir şəxs kimi mənə dözdüyü, səbirli davrandığı üçün həyat yoldaşıma minnətdaram. Valideynlərimə və bacıma da təşəkkür edirəm. Onları heç cür qeyd etməyə bilməzdim.
* 22 illik bir futbol təcrübəsi yaşadım. Pis-yaxşı Türkiyənin ən böyük məşqçilərinin əlinin altında oynadım. Avropada da bir çox böyük məşqçi ilə çalışdım. Onlardan da çox dəyərli şeylər öyrəndim. Hamısına təşəkkür edirəm. Arxa planda qalıb karyeramda rol oynayan insanları da unutmuram. Hamısı haqqını halal eləsin.
* Az öncə dediyim kimi 4 böyük klubumuzda da top qovdum. Türkiyə futbolunda bunu bacarmış iki oyunçudan biri mənəm. “Beşiktaş”lı olduğumu heç vaxt gizlətməmişəm. Amma “Qalatasaray”da yaşadıqlarım, qazandıqlarım tam fərqlidi. Məhz orda əsl Avropa səviyyəli futbolçuya çevrildim. Bu, mənim “Beşiktaş”a bağlılığımı dəyişmir. Amma həqiqətən də “Qalatasaray”da yaşadıqlarıma görə o klubun qəlbimdə çox xüsusi yeri olacaq. Vida matçımı hansı klubun heyətində keçirmək istərdim? 4 böyük klubumuzun hər birində 15 dəqiqə oynayardım.
* “Fənərbaxça”dakı karyeramın uğursuz alınması, orda bir qol belə vura bilməməyim həmişə içimdə acı kimi qalacaq. Yenidən qayıtmaq imkanım olsaydı, yalnız orda oynayardım. Çünki belə karyeraya malik bir futbolçu o cür böyük klubda heç olmasa, bir qol vurmalıydı. Əslində karyeramın bir dönəmində “Fənər”ə qayıda bilərdim. Amma alınmadı. Sonradan yüksəlişə keçməyimdə “Fənərbaxça”nın da rolu az olmadı. Məhz orda yaşadığım uğursuzluqlar məni bu gün buralara qədər gətirib çıxardı. Orda nə normal oynaya, nə də məşq edə bildim. Çox duyğusal insan olduğum üçün az qala hər gün evə qayıdandan sonra hönkür-hönkür ağlayırdım. Bəlkə də bunu yaşamasaydım, belə uğurlu karyeram olmazdı. Dediyim kimi geriyə boylananda istədiyim yeganə şey “Fənərbaxça”ya qayıdıb bir qol vurmaqdı.
* 22 illik təcrübəm olsa da, futbolda bəlkə də hələ bilmədiyim çox şey var. Artıq mənim üçün yeni dönəm başlayır. Bu dönəmə hansı vəzifədə start verəcəyimi bilmirəm. Köməkçi məşqçi kimi də, yönətici kimi də çalışa bilərəm. Mənim dərdim dərhal bir vəzifəyə gəlib işə başlamaq deyil. Həqiqətən də ciddi və uzunmüddətli bir layihə olsa, orda başlaya bilərəm. Olmasa, başlamayacam. Türkiyə futbolu üçün əlimdən gələni edəcəyimə, gecə-gündüz çalışacağıma söz verirəm. Zatən çalışqan insan olduğumu hər biriniz bilirsiz. Daha çox meydanda qalmaq istəyirəm. Yəni məşqçiliyə həvəsim böyükdü. Zatən son bir ildə kurslara getmişəm. Bu yaxınlarda Mançini və Qaltye ilə telefonda söhbətim oldu. Mançini məni İtaliyaya dəvət etdi. Ora getmək pis olmazdı. İstədiyim işi tapa bilməsəm, bir müddət Avropaya yollnıb praktika keçəcəm və məşqləri, oyunları izləyəcəm. Buna qədər idarə olunan tərəf idimsə, bundan sonra idarə edən tərəf olacam. Buna alışmaq asan olmayacaq. Amma mən heç yerə tələsmirəm.
* Şenol Günəşin köməkçisi olacağım barədə şayiələrin hardan yarandığını bilmirəm. Bu mətbuat konfransından əvvəl elə Şenol hoca ilə birlikdəydim. Onun yanından çıxıb bura gəldim. Bəlkə də mənimlə əlaqəli düşüncələri, planları var. Amma bunu mənə bildirmədi. Planlarının olduğunu bilirəm. Günəşlə birlikdə işləyib-işləməməyimdən asılı olmayaraq, münasibətlərimiz çox yaxşıdı. Aramızda problem yoxdu və ola da bilməz. Günəş mənim başımın tacıdı. Hər şey şərtlərdən asılı olacaq. Dediyim kimi mən maraqlı bir layihə istəyirəm. Ona görə də səbirli olmalıyam.
* Az öncə qeyd etdim ki, “Fənərbaxça”da özümü göstərə bilməməyim içimdə qara nöqtə kimi qaldı. Karyeramın qaranlıq səhifələrindən biri oldu. Birlikdə işlədiyim məşqçilərlə bağlı isə durum fərqlidi. Hər məşqçinin öz tərzi var. Belə də olmalıdı. O qədər böyük məşqçilərlə işləmişəm ki, oyunçu ilə necə davranmaq lazım olduğunu və necə davranmaq lazım olmadığını bilirəm. Bunu dilə gətirmək asandı. Həyata keçirib-keçirməyəcəyimi bilmirəm. Bir məşqçini qeyd etməyimi istəyirsizsə, Şenol Günəşin adını çəkərdim. Onun karyeramda yeri çox fərqlidi. Amma bütün məşqçilərimə təşəkkür edirəm. Onlar arasında fərq qoymuram və hamısı mənim üçün dəyərlidi.
* Yığmanın heyətində də bir çox unudulmaz və eyni zamanda üzücü anlarım olub. Niderlandla oyunda etdiyim het-trikdən sonra sevincdən az qala uçurdum. Özümə “bu komandada olduğum üçün qürurluyam” dedim. Son Avropa çempionatı isə bizə uğursuz anlar yaşatdı. Qrupun 2-ci oyununda Uelsə məğlubiyyətdən sonra uzun müddət özümə qapılaraq otağımdan çıxmadım. İnanılmaz dərəcədə üzgün idim.
* Niderlanddakı karyeram? “Fortuna” ilə bağlı çox danışmağa ehtiyac görmürəm. Ora beşillik layihə üçün getmişdim. Karyeramı bitirəndən sonra orda məşqçiliyə başlayacaqdım. Amma gələcəklə bağlı planlarımızın üst-üstə düşmədiyini, eyni səviyyədə olmadığını anladıq. Ona görə də yolumuzu ayırdıq və hərə öz yolu ilə irəliləmək qərarına gəldi. Oldu və keçdi.
* İkardi 1 mövsüm ərzində sərgilədiyi oyunla artıq “Qalatasaray”ın əfsanəsinə çevrildi. Çox önəmli futbolçudu. Mən “Lill”də oynayarkən o, PSJ-də idi. Heyətə düşməkdə çətinlik çəkirdi. Oyunçu keyfiyyətlərinə söz ola bilməz. “Qalatasaray”la qanı uyuşdu. Camiə onu, o da camiəni sevdi. Məncə, qalıb burda davam etməsi iki tərəf üçün də faydalı olar. “Qalatasaray”da onsuz da həmişə güclü forvardlar və qapıçılar olub. Bu, klubun tarixindən, mədəniyyətindən irəli gəlir. Təbii ki, İkardinin qalması daha yaxşı olar. Amma qalmasa da, “Qalatasaray” ondan da yaxşı hücumçu tapacaq. Çünki dediyim kimi bu artıq bir ənənədi.
Uğurları
Türkiyə çempionatının 2 qat, Fransa çempionatının 1 qat, Türkiyə kubokunun və Türkiyə superkubokunun 5 qat, Fransa superkubokunun 1 qat qalibi. Türkiyə çempionatının ikiqat (2011/12, 2012/13) bombardiri. 5 fərqli klubun heyətində ÇL-in qrupunda oynamış yeganə türkiyəli futbolçu. “Fənərbaxça” oynadığı klublar arasında qol vura bilmədiyi yeganə kollektivdi.
Karyerası rəqəmlərdə
Qalatasaray (2012-16): 141 oyun, 82 qol, 23 ötürmə
Trabzonspor (2010-12, 2017/18): 125 oyun, 86 qol, 12 ötürmə
Beşiktaş (2006-08, 2018-20): 96 oyun, 32 qol, 12 ötürmə
Lill (2020-22): 73 oyun, 25 qol, ötürmə
Beyntsin Qoyan (2016/17): 32 oyun, 19 qol, 6 ötürmə
Fortuna (2022/23): 27 oyun, 9 qol, 5 ötürmə
Manisaspor (2008): 18 oyun, 9 qol, 1 ötürmə
Əskişəhərspor (2009/10): 17 oyun, 2 gol, 5 ötürmə
Fənərbaxça (2008/09): 16 oyun, 2 ötürmə
Antalyaspor (2002-06, 1-ci liqa): 72 oyun, 17 qol, 5 ötürmə
Türkiyə çempionatı: 323 oyun, 187 qol, 45 ötürmə
Fransa çempionatı: 59 oyun, 20 qol, 8 ötürmə
Çin çempionatı: 28 oyun, 19 qol, 4 ötürmə
Niderland çempionatı: 26 oyun, 9 qol, 5 ötürmə
Çempionlar Liqası: 40 oyun, 13 qol
Klub karyerası: 555 oyun, 267 qol, 77 ötürmə
Yığma karyerası: 77 oyun, 31 qol, 8 ötürmə
Peşəkar karyerası: 632 oyun, 298 qol, 85 ötürmə.